"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu hazırda Hollandiyada təlim-məşq toplanışını davam etdirən komandasının hazırlıq durumu, məşqlərin gedişi və digər məsələlər barədə açıqlama verib. Apasport.az saytının xəbərinə görə, rumıniyalı mütəxəssisin hazırlığın plana uyğun olaraq davam etdiyini bildirib: “Komanda səylə, əzmlə çalışır. Futbolçuların çalışqanlığından razıyam. Bu gün futbolçular laktat testdən keçirildi. İki gün ərzində bu testin cavablarını alacağıq. Bundan sonra komandanın fiziki durumunun hansı səviyyədə olduğu bizim üçün tam aydın olacaq. Hazırda komandanın komplektləşməsi üzərində çalışırıq. Heyətdə yeni futbolçular var. Başqa yeni futbolçu və ya futbolçuların da yaxın zamanda bizə qoşulması gözlənilir. Məqsədimiz komandanı çempionatın startınadək maksimum yaxşı duruma gətirməkdi".
Baş məşqçi Topaz Premyer Liqasının ilk turunda "Qəbələ"nin üz-üzə gələcəyi rəqib - "İnter" barədə düşüncələrini də söyləyib:
"Rəqibimiz qısa müddətdi ki, müəyyənləşib. Yəni püşkatmanın üzərindən bir gün keçib. "İnter" güclü komandadı. Hazırda rəqibimizin araşdırılması istaqamətində işlər görürük. Məşqçi heyəti ilə "İnter"i ətraflı şəkildə analiz edəcəyik. Onların güclü və zəif tərəflərini araşdıracağıq. Çempionata yaxşı, uğurlu nəticə ilə başlamaq istəyirik. İşlərimizi də bu istiqamətdə qururuq" (klub saytı).