Dünya çempionatının ən yaxşı oyunçusunu müəyyən edən texniki komitəyə daxil olan məşhur məşqçi Jerar Ulye Messinin ən yaxşı oyunçu hesab edilməsi barədə danışıb. Apasport.az saytının məlumatına görə, Ulye argentinalı hücumçunun mükafatının doğru olduğunu vurğulayıb.
Fransalı mütəxəssis bunun sürpriz olduğunu anladığını deyib: “Hamı Messinin finalın ikinci hissəsindəki oyununu yadda saxlayıb. Amma komitə üzvləri bütün oyunlara təkrar baxmışıq və belə qərara gəlmişik ki, o, komandasının həlledici oyunçusu olub. O, finala kimi çata bilib – bu isə əsas şərtlərdən biridir. Bundan əlavə, Messi Argentina millisinin ilk dörd oyununun taleyini həll edib. Hollandiya ilə matçda ilk penalti zərbəsini o yerinə yetirib. Biz onun komandanın kapitanı olmasını da nəzərə almışıq. Şəxsən mən hesab edirəm ki, Messi “Qızıl top”u düzgün alıb”.