“Məndə burun çəpəri əyriliyi vardı. Bu səbəbdən Hakimlər Komitəsi əməliyyat keçirəcəyimi bilirdi”. Bunu apasport.az saytına FİFA referisi Əliyar Ağayev deyib.
3 gün öncə Əliyar Ağayev burnundan əməliyyat olunub. Gənc hakim bu üzdən Topaz Premyer Liqasının XXX turunun oyunlarına təyinat almayıb. Amma referinin XXIX turda “Neftçi” – “Bakı” matçındakı idarəçiliyi hər iki klub rəhbərliyinin narazılığına səbəb olmuşdu.
Öncə səhhəti ilə bağlı danışan Ağayev paytaxt derbisində səhvə yol verdiyini etiraf edib: "XXX tura təyinat almamağım əməliyyat olunmağımla bağlıdır. 10 gün məşq edə bilmərəm. Ancaq “Neftçi” – “Bakı” oyununu cari mövsüm ən zəif idarə etdiyim matç adlandırmazdım. Çünki bundan da zəif idarə etdiyim görüş olub. Epizodlara gəlincə, etiraf edirəm ki, əlavə olunmuş dəqiqələrdə “Neftçi”nin hücumçusu Ernest Nfora qarşı edilən hərəkət qırmızı vərəqəlik idi. Sadəcə, həmin epizoddan aralı olduğum üçün bunu görməmişdim”.
Ağayevin sözlərinə görə, həmin epizoda yan xətt hakimi daha yaxın idi: “Elə başa düşürəm ki, onlara yaxın olan yan xətt hakimi futbolçuların ayaqlarına baxırdı. Bu üzdən Nfora qarşı edilən kobudluğu görməmişdi. “Bakı” rəsmilərinin etiraz etdiyi epizoda gəlincə, top Mahir Şükürovun əlinə dəydiyi epizodda penaltidən söhbət gedə bilməz. Çünki onun əli təbii vəziyyətdə, aşağıda idi. Belə vəziyyətdə penalti təyin olunmur”.
Qeyd edək ki, həmin oyunda kamerunlu hücumçu Ernest Nforun vurduğu qolla “Neftçi” minimal hesablı qələbə qazanıb.