“Neftçi” klubunun icraçı-direktoru Elnur Məmmədovun apasport.az saytına müsahibəsi
- Klubda yeni struktur və kadr dəyişikliyi baş verib. Bunlar nə zaman rəsmən elan ediləcək?
- Hazırda struktur üzərində iş gedir. Hələ tam təsdiqlənməyib.
- Bəzi yeni təyinatlar gözlənilir. Yeni gələcək şəxslərin bir çoxunun sizin kadrınız olduğu üçün vəzifəyə gətirildiyi bildirilir. Bu nə dərəcədə doğrudu?
- İndiyə qədər cəmi 3 təyinat baş tutub. Yeni idman direktoru Vəli Qasımov Azərbaycanın tanınmış futbolçusu olub. Qapıçılar üzrə məşqçi Dmitri Kramarenko uzun müddət yığma komandamızda çıxış edib. Müavinim Mübariz Xudiyev isə 8 ildi bu klubda çalışır. Gördüyünüz kimi, onların heç biri mənim adamım deyil.
- Xadimələr, fəhlələr, təhlükəsizlik xidmətinin əməkdaşları işdən çıxarılıb. Onlar buna görə, sizi ittiham ediblər...
- Klubda bütün işlər beynəlxalq standartlara uyğun görülür. Bu gün kimsə öz xahişi ilə işdən ayrılırsa, yəqin ki, o, yeni üslubda işləmək istəmir. Hər yerdə belədi ki, yeni adamlar gəlirsə, əlbəttə ki, müəyyən vəzifə dəyişikliyi olur. Kimsə yeni təklif olunan vəzifə ilə razılaşmaya bilər. Bu, həmin şəxsin öz fikridi, ona da hörmətlə yanaşmaq lazımdı. Son iki gündə klubdan ayrılan bütün insanlar öz ərizələri ilə gediblər. Heç kim onları məcbur etməyib.
- Təhlükəsizlik xidmətinin rəisi Vaqif Musayev işdən çıxarıldığını işçilərdən öyrəndiyini deyib və buna görə sizi ittiham edib...
- Mən bu məsələlərin detalına getmək istəmirəm. Burdakı insanların hamısı ilə ən azı 6 ay birlikdə işləmişəm. İstəməzdim ki, onlarla mətbuat vasitəsilə danışaq. Hamısının üzünə telefonumuz da, qapımız da açıqdı. Bu klub bizim deyil, xalqındı. Biz burda müəyyən funksiyanı yerinə yetiririk və çalışmalıyıq ki, bunlardan ictimaiyyət maksimum yararlansın.
- İşdən ayrılanlarla görüşmüsünüz?
- Mən fərdləşmə aparmaq istəmirəm. Hər biri ilə görüşümüz olub. Hamısı ilə də öpüşüb ayrılmışıq.
- Bütün dəyişikliklər Müşahidə Şurasının qərarı ilə edilib?
- Bütün məsələlər klubda müzakirə olunub, Müşahidə Şurasında struktur təsdiqi edilib. Bu struktura uyğun da hazırda ştat cədvəli hazırlanır.
- Deyilənə görə, klubun formaları bundan sonra AFFA-da yuyulacaq. Bu nə dərəcədə doğrudu?
- Bunların hamısı iftiradı. Bu, futbol klubudu. Çox maraqlıdı ki, idman sahəsindən heç kim danışmır, hamı texniki məsələləri gündəmə gətirir. Məncə, ictimaiyyət üçün idman sahəsindəki proseslər daha maraqlı olar, nəinki texniki işlər. Çalışırlar şou düzəltsinlər.
Ruslan SADIQOV