[b]“2002-ci ildən sonra 14 klub çıxışını dayandırıb”[/b]
17.07.2014 - 15:02
[b]“2002-ci ildən sonra 14 klub çıxışını dayandırıb”[/b]

Bu gün AFFA-da 22 iyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, assosiasiyanın inzibati binasında keçirilən görüşdə qurumun baş katibi Elxan Məmmədov jurnalistləri təbrik edib, onların suallarını cavablandırıb.

 

Baş katib beynəlxalq yarışda yaş limitini pozduğu üçün turnirdən kənarlaşdırılan tələbə futzal yığmasında baş verənlərə münasibət bildirib: “Tələbə futzalçılar arasında yarışda çıxış edən komanda Azərbaycan yığması deyil. Milli komandaları AFFA-nın İcraiyyə Komitəsi təsdiqləyir. Bu komanda isə həvəskarların topladığı kollektivdir. Onlar AFFA-nın xətti ilə yarışa qatılmayıb. Heç rəsmi saytımız da onların çıxışları haqda məlumat verməyib. Lakin AFFA-nın İntizam Komitəsi bu məsələni araşdırıb müvafiq qərarlar verəcək”.

 

Məmmədov çempionatda iştirakı sual altında olan “Bakı”nın durumundan da danışıb: “Bakı” klubu sabah keçirilən Topaz Premyer Liqasının püşkatmasına qatılacaq. Klub prezidenti Hafiz Məmmədov maliyyə durumunun düzələcəyini deyib. Əgər bu komanda da dağılsa çox mənfi haldır. Çünki Premyer Liqada 10 klub sabit çıxış etmirsə, bu yaxşı hal deyil. 2002-ci ildən sonra Premyer Liqada çıxış edən 14 klub çıxışını dayandırıb. Bu da klubların 60 faizidir. Bu da çox acılı faktdır. 1997-ci ildə yaradılan klubun bu duruma düşməsi mənfi haldır”.

 

Baş katib klublarda şəffaflığın olmamasından narazılığını ifadə edib: “Əksər xarici klubların büdcəsinin 65 faizi əməkhaqqına xərclənir. Bizdə isə bu rəqəm 25 faizdir. Bu da onu göstərir ki, şəffaflıq yoxdur. Belə olan halda AFFA da onların fəaliyyətini təhlil edə bilmir. Sponsor və tərəfdaşlar da belə klublara yaxın getmir. AFFA hər il hesabat verir bütün rəqəmlər göstərilir. Klublarda isə belə şəffaflıq yoxdur. Biz futbolçuların maaşları ilə bağlı rəqəmləri agentlərdən, məşqçilərdən, futbolçulardan qeyri-rəsmi şəkildə öyrənirik”.

 

AFFA rəsmisi I divizionla bağlı limitdən rəsmi narazılıq bildirənlərin olmadığını qeyd edib: “I diviziondakı yaş limiti ilə bağlı narazılıqları mətbuatdan eşidirik. Bizə isə müraciət edən yoxdur. Yalnız “Rəvan”dan vitse-prezidenti Bəhruz Şirəliyev mənimlə əlaqə saxlayıb. O da dedi ki, bu qərar müsbət addımdır. Narazılar isə bizə müraciət etməlidir. Ötən il də məhz belə müraciətlərdən sonra məsələyə yenidən baxılıb qərar dəyişdirilmişdi”.

 

“Mən UEFA-nın son tədbirdə Türkiyə Futbol Federasiyasının baş katibi ilə bu barədə söhbət etdim. O bildirdi ki, məsələni təhlil edəcəklər. Təbii ki, biz də danışıqlar davam etdiyi müddətdə təhlillər aparacağıq. Lakin onların təkcə Azərbaycanla bağlı qərar qəbul etməsini gözləmirəm. Çünki I liqada türkdilli ölkələrin hamısına belə güzəşt şamil edilir. Həmin güzəşt Superliqada da eynilə bu ölkələrin hamısına tətbiq edilə bilər. Əgər bunu ayrı-ayrı ölkələr üzrə etsələr, hər klubda 1 yox, daha çox legioner yerli statusu ilə çıxış etmiş olacaq”.

 

Məmmədov bu gün açıqlanan FİFA reytinqində 73-cü olan millimizin daha yüksək mövqelərə qalxacağına inandığını qeyd edib: “8 il əvvəl yığmamız FİFA reytinqində 143-cü idi. İndi isə artıq 73-cü pillədəyik. Lakin bununla fəxr etmirik. İnanıram ki, komandamız daha da yüksək pillələrə qalxacaq”.

 

Bölgələrdə futbolun inkişafına çalışan AFFA-nın baş katibi ölkənin ikinci şəhəri Gəncədə yeni arenanın inşasına da toxunub: “Gəncədə stadion olmalıdır. 10, 5, heç olmasa 3 min tamaşaçı tutan arena olmalıdır. 2016-cı ilədək bu məsələ həllini tapmasa, UEFA-dan gələn pulla Gəncədə stadion inşa olunacaq”.

 

Məmmədov AVRO-2020-yə namizədliyini verən Bakının turniri təşkil etmək şanslarına da toxunub: “AVRO-2020-yə 32 namizəd şəhər var idi. İndi onlardan 19-u qalıb. Biz də artıq sifariş kitabını UEFA-ya təqdim etmişik. Yalnız qitə futbol qurumunun qərarını gözləyirik. Bakıya ən yaxın şəhərlər Sankt-Peterburq, Buxarest, Budapeştdir. Bu isə o deməkdir ki, bizə yaxın bölgədə yeganə namizəddir. Hamımız sentyabrın 19-nu gözləyirik. Belə bir yarışın təşkili Bakı üçün müsbət möhürdür”.