Əvvəl Astanada, sonra Bakıya
19.07.2014 - 13:50
Əvvəl Astanada, sonra Bakıya

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində Malta “Valletta”sı ilə keçirəcəyi oyunu idarə edəcək Sergey Sinkeviç ilk dəfə Azərbaycan təmsilçisinin matçında baş hakim kimi iştirak edəcək. Apasport.az saytının məlumatına görə, belaruslu ədalət təmsilçisi 2010-cu ildən FİFA referisi olsa da, yolları komandalarımızla kəsişməyib.

 

UEFA-nın hakimlər üçün 3-cü kateqoriyasına daxil olan Sinkeviç avrokubokların təsnifat mərhələlərində, aşağı yaş qruplarından olan yığmaların seçmə matçlarında iş başında olub. Əsas millilərin yoxlama oyunlarında da fit çalan referi hətta “Birlik kuboku”nun da iştirakçısıdır.

 

Avropa Liqasının I təsnifat mərhələsində 1 oyun idarə edən Sinkeviç Qazaxıstanda yerli “Astana”nın Ermənistan “Pünik”i ilə görüşündə fit çalıb. Meydan sahiblərinin 2:0 hesablı qələbəsini qeydə alan belaruslu onlara 1. qonaqlara 2 sarı vərəqə verib. Bu dəfə də onun briqadasında 4-cü olan, 2 gün əvvəl “Neftçi” – “Koper” görüşünü idarə edən Denis Şerbakov Astanada da eyni funksiyanı yerinə yetirmişdi. Həmin qarşılaşmanın hakim-inspektoru isə Azərbaycan təmsilçisi Asim Xudiyev olmuşdu.

 

Qeyd edək ki, Bakıda baş tutacaq “Qarabağ” – “Valletta” oyunu iyulun 22-də baş tutacaq.