Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında I dəstədəki qayda pozuntuları da müzakirə edilib. Apasport.az saytının məlumatına görə, XXIV turun 3 oyunu bu baxımdan diqqət mərkəzində olub.
Turun mərkəzi görüşü Naxçıvanda keçirilib. “Araz Naxçıvan” – “Neftçala” oyununda meydan sahiblərinin futbolçusu Bəxtiyar Soltanov 16-cı dəqiqədə etdiyi aqressiv hərəkətinin qurbanına çevrilib. O, birbaşa qırmızı vərəqə alsa da, 4 oyun meydana çıxa bilməyəcək.
Qusarda keçirilməli olan “Şahdağ” – “Bakılı” matçında gözlənilən qərar çıxarılıb. Belə ki, avtobusu yolda xarab olduğu üçün ölkəmizin şimalına gedə bilməyən və bu barədə PFL rəhbərliyini xəbər etməyən “Bakılı” 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
“Mil-Muğan”ın futbolçusu Elşən Hacıyev də Bəxtiyarın aqibətini yaşayıb. O, İmişlidə “Turan-T” ilə baş tutmuş görüşün 85-ci dəqiqəsində aqressiv hərəkətinə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğu üçün 4 oyunluq diskvalifikasiya olunub.
Qeyd edək ki, həm “Araz Naxçıvan”, həm də “Mil-Muğan” futbolçularına görə AFFA-ya 400 manat ödəməlidir.