Mirbağır İsayev: ... bununla futbol qurtardı - MÜSAHİBƏ
04.06.2014 - 10:23
Mirbağır İsayev: ... bununla futbol qurtardı - MÜSAHİBƏ

“Caspian Cup” beynəlxalq turnirində iştirak edən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yarımfinal matçında İrana 0:1 hesabı ilə məğlub oldu. Qrup mərhələsində Bolqarıstanı və Əfqanıstanı üstələyən millimiz sabah üçüncü yer uğrunda mübarizə aparacaq. İranla qarşılaşmadan sonra yığmamızın baş məşqçisi Mirbağır İsayev apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- “Caspian Cup” turnirində ilk məğlubiyyəti İranla yarımfinal matçında aldıq. Oyunla bağlı nə deyə bilərsiniz?

- Qarşılaşma mübarizə şəraitində keçdi. Standart vəziyyətdən vurulan yeganə qol matçın taleyini həll etdi. Hücumçumuz Qara Qarayev isə yaradılan qol epizodlarından yararlana bilmədi. Futboldur, belə hallar olur. Çalışacağıq ki, üçüncü yer uğrunda oyunda qələbə qazanıb, turniri mükafatla başa vuraq. Bu o demək deyil ki, bununla futbol qurtardı. Xeyr, komanda mübarizə aparır, xarakter nümayiş etdirir. Çatışmayan cəhətlərimiz də var, onları düzəltməyə çalışacağıq.

 

- Çatışmayan cəhətlərdən hansıları qeyd edə bilərsiniz?

- Topla mübarizə. Qayıdan topları götürə, hücum qura bilmədik. Verilən tapşırıq yerinə yetirilmədi. Burada xeyli nüanslar var, üzərinə işləmək, aradan qaldırmaq lazımdır.

 

- İran yığmasının fiziki planda daha güclü olduğunu vurğulamaq olarmı?

- Demək olmaz ki, onlar bizdən üstün idilər. Oyun mübarizə şəraitində keçdi. Atletik baxımından onlar bizi üstələyirdi. Sona qədər mübarizə apardıqlarına, əzmkarlıqlarına görə, uşaqlara təşəkkür edirəm. Ustalıq isə vaxtla qazanılacaq. Son saniyəyə qədər oyunun müqəddəratını dəyişməyə çalışdılar.

 

- Bəs turnirlə bağlı ümumi fikriniz necədir?

- Bu il daha güclü komandalar dəvət edilib. Fikrimcə, turnirin səviyyəsi yüksəkdir. Gələn komandalar hazırlıqlıdırlar. Öz komandamızın çıxışı bizim üçün daha maraqlı idi. Komandamızı finalda görmək istəyirdim, amma...

 

- Heyətdə şans verdiyiniz futbolçular arasında ümidləri doğrultmayanları oldumu?

- Belə futbolçular oldu. Bu gün “18-liy”ə daxil etmədiyim Yusif “Bakı” klubundandır, o, kömək edə bilərdi. Sadəcə, oyuna hazır olmadığına görə, kənarda qaldı. Əsas məqsədimiz “Caspian Cup” turnirinin qalibi olmaq idi. Alınmadı. Həyat davam edir. Komandanı daha yüksək səviyyəyə qaldırmaq üçün çalışırıq.

 

- Bəs digər komandalarla müqayisədə yığmamızda hansı problemlər özünü qabarıq şəkildə büruzə verdi?

- Qol vura bilmirik. Yaradılan qol epizodunu reallaşdırmaq lazımdır. Futbolçu hər bir şansdan istifadə etməlidir, bunu bacarmalıdır. Bu gün bunu bacara bilmədik.

 

0