“Dünya çempionatının seçmə mərhələsinin ilk oyunlarından nəticə çıxarmağa borclu idik. Startda keçirdiyimiz ilk 2 görüş bizim üçün həyəcan təbili olmalı idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu deyib.
Yayda Braziliyada keçiriləcək mundiala hazırlaşan Portuqaliya yığmasının çalışdırıcısı seçmə mərhələ zamanı üzləşdiyi çətinlikləri unutmur. O, qrup ikincisi olduqlarının qarşısını almaq üçün çalışdıqlarını da gizlətmir: “Lüksemburq və Azərbaycanla keçirdiyimiz görüşlər göstərdi ki, çox xal itirə bilərik. Bu üzdən də futbolçularla ciddi söhbətlərimiz oldu. Onlara başa salmaq istədik ki, ölkənin adı üçün oynamalıdırlar. Sonda pley-off mərhələsindən olsa da, mundiala vəsiqə qazandıq. Braziliyada bizi daha böyük çətinliklər gözləyə bilər ki, artıq bəhanə axtara bilməyəcəyik”.
Qeyd edək ki, Portuqaliya yığması seçmə mərhələnin ilk oyununda Lüksemburqu 2:1, ardınca millimizi 3:0 hesabı ilə məğlub edib.