Peter Noyştedter: O, mənə Azərbaycanda çalışmağı təklif etdi
10.04.2014 - 11:58
Peter Noyştedter: O, mənə Azərbaycanda çalışmağı təklif etdi

“Almaniya Futbol Federasiyasında çalışan tanışımın vasitəçiliyi sayəsində Bakıdayam. Onun vasitəsilə Azərbaycanın 21 yaşadək gənclərdən ibarət yığmasına rəhbərlik edən həmyerlim Bernard Lippertlə görüşdüm və o, mənə ölkənizdə çalışmağı təklif etdi”. Apasport.az saytının məlumatına görə, bunu AFFA tərəfindən "Rəvan”a idman direktoru təyin edilən Peter Noyştedter deyib.

 

Bu komandada uşaq və yeniyetmə futboluna nəzarət edəcək almaniyalı mütəxəssis Azərbaycana gəlişindən danışıb: “Lippert bildirdi ki, Azərbaycanda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün idman direktorlarına ehtiyac var. Mənim qismətimə "Rəvan” düşdü. Beləliklə, 2 illik müqaviləyə qol çəkdim”.

 

Noyştedter “Rəvan”ın rəsmi saytına verdiyi müsahibədə bildirib ki, Azərbaycan onun üçün yad ölkə deyil: “Həyatımın böyük hissəsi SSRİ ilə bağlıdır. Qırğızıstanda doğulmuşam, oynamışam, lakin məşqçi kimi Almaniyada çalışmışam. Rusiyanın "Zenit”, Vladiqafqaz "Spartak”ında, Ukraynanın "Dnepr”, "Tavriya”, Qazaxıstanın "Kayrat”, Almaniyanın "Çemnitser”, "Maynts” klublarında top qovmuşam. 2005-2010-cu illərdə "Maynts”ın ikinci komandasının baş məşqçisi olmuşam. 2012-ci ildən isə Almaniyanın Cənub-Qərb Regional Liqasında mübarizə aparan "Koblents”ə rəhbərlik edirdim. Həmçinin bu klubun idman direktoru idim”.

 

Noyştedter 30 il öncə ölkəmizdə olmasını da xatırlayıb: "Zenit”in əvəzedici komandası ilə Sumqayıtda oynamışdıq. Lakin düzünü deyim ki, Azərbaycan futbolu ilə bağlı elə çox məlumatım yox idi. Berti Foqts millinizin baş məşqçisi təyin olunandan sonra maraqlanmağa başlamışam”.

 

Mütəxəssis AFFA qarşısına hansı tələbləri qoyduğunu da açıqlayıb. O bildirib ki, "Rəvan”a faydalı olmaq üçün ölkəmizə gəlib: “Uşaq və yeniyetmə futbolçuların inkişafı üçün öz təcrübəmi sizin məşqçilərlə bölüşməliyəm. Əsas məqsədimiz buradakı futbolu Avropa səviyyəsinə qaldırmaqdır. Düşünürəm ki, bizdə alınacaq. Çünki burada bir çox müsbət şeylər gördüm. Artıq xeyli iş görmüsünüz. "Rəvan”ın yaxın günlərdə istifadəyə veriləcək bazasını çox bəyəndim. Klub uşaq futbolunun inkişafı üçün gözəl şərait yaradıb ki, bu da işimizi daha da asanlaşdırır. "Rəvan” klubunda çalışacağımdan məmnunam və əminəm ki, işimizin bəhrəsini görəcəyik. Rus dilini bilməyim həm mənim, həm də klub üçün əlavə üstünlükdür”.

 

Noştedterin uşaq və yeniyetmə futbolçularla işləməsi ailəsindən də yan keçməyib. O bildirib ki, hər 2 oğlu onun davamçılarıdır: “Yəqin ki, birini yaxşı tanıyırsınız – Roman Noştedter. O, "Şalke 04” klubunun əsas heyət üzvüdür və Almaniya millisinin formasını geyinir. Digər oğlum isə "Koblents”də yanımda idi, indi Amerikaya getməyi düşünür”.