“Qarabağ”ın braziliyalı futbolçusu Reynaldonun apasport.az saytına müsahibəsi
- Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə Maltanın “Valletta” klubuna 1:0 hesabı ilə qalib gəldiniz. Bu görüş haqqında nə deyə bilərsiniz?
- İlk oyunumuz idi. Bu səbəbdən də bir qədər çətin alındı. Amma Bakıdakı oyun bir qədər fərqli olacaq. Çünki bu dəfə öz meydanımızda, doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Bundan sonra hər oyun bizə nisbətən asan olacaq.
- Baş məşqçiniz Qurban Qurbanov yerli mətbuata müsahibəsində deyib ki, ikinci oyun üçün çox dəyişikliklər ola bilər və cavab matçından yaxşı nəticə gözləyir...
- Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, Bakıda qələbə qazanıb mərhələ keçək.
- Ola bilərmi ki, yeni komanda yoldaşınız Danilo Diaş ikinci oyunda start heyətdə meydana çıxsın və matçın əsas oyunçularından biri olsun?
- O, məşqlərdə çox fəal iştirak edir. Maltada ilk “11-lik”də meydanda olmaması baş məşqçinin qərarı idi. O da bizim kimi Bakıda əlindən gələni edəcək. Danilonun cavab oyununda start heyətində meydana çıxacağı Qurban müəllimin verəcəyi qərardan asılıdır.
- “Valletta”nı keçsəniz, Çempionlar Liqasının III təsnifat mərhələsində Avstriyanın “Zalsburq” klubu ilə qarşılaşacaqsınız. Bu rəqibi necə qiymətləndirərdiniz?
- Gəlin, ilk növbədə “Valletta”nı keçək. Ondan sonra Avstriya çempionu haqqında fikir yürüdərik.
- Topaz tərəfindən may ayının ən yaxşı oyunçusu seçildiniz. Bu haqda nə deyə bilərsiniz?
- Buna görə çox sevinirəm. İstəyərəm ki, hər ay bu mükafata sahib çıxım.