Rodolfo Vanoli: Qapıçımızın adından üzr istəməyə hazıram
17.07.2014 - 21:50
Rodolfo Vanoli: Qapıçımızın adından üzr istəməyə hazıram


Bu gün Avroliqanın II təsnifat mərhələsi çərçivəsində “Neftçi” Sloveniyanın “Koper” klubunu qəbul edib. Apasport.az saytının məlumatına görə, bu görüşdən sonra Rodolfo Vanolinin iştirakı ilə mətbuat konfransı baş tutub.

Vanoli oyun haqqında bunları deyib: “Biz həmişəki kimi oynadıq. Rəqibin 3-4 futbolçusu yaxşı oynayırdı. Onlara boş yer buraxmamağa çalışdıq. Futbolçularımdan razıyam. Ümid edirəm ki, cavab oyununda da yaxşı çıxış edəcəyik. Bilirik ki, hələ cavab matçı var və bizi yenə çətin görüş gözləyir. Bakıda oynamaq bizim üçün çox şərəfli idi. Məncə, çox düzgün oyun getdi. Biz futbol oynadıq. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Elə başa düşürəm ki, yaxşı oyun alındı. Bizim rəqib baş məşqçi ilə hər hansısa problemimiz yoxdur. Onunla mübahisəmiz düşdüsə belə, artıq bunu unutmuşuq. Əgər qapıçımız qeyri-etik hərəkət edibsə, mən onun adından üzr istəməyə hazıram”.