Fransanın “Monako” futbol klubunun sahibi, rusiyalı iş adamı Dmitri Rıbolovlev məşhur futbolçu Zinəddin Zidana baş məşqçi postunu təklif etmək istəyir. Apasport.az saytının məlumatına görə, komandanın hazırkı baş məşqçisi Klaudio Ranyeri ilə müqavilə 2015-ci ilin iyununa kimi nəzərdə tutulub.
Amma italiyalı mütəxəssis bu mövsüm başa çatandan sonra istefaya göndərilə bilər. Çünki Rıbolovlev “Monako”nun göstərdiyi nəticədən razı deyil. Çempionatın bitməsinə 6 tur qalmış “Monako” ikinci yeri tutur və lider PSJ-dən 13 xal geridədir.
Hazırda Zidan “Real Madrid”in baş məşqçisi Karlo Ançelottinin köməkçisi vəzifəsini tutur. Hələlik tərəflər arasında danışıqlar olmayıb və Zidan potensial namizədlər siyahısındadır.
Qeyd edək ki, bundan əvvəl Zidanın 2016-cı ildə Ançelottinin müqaviləsi başa çatandan sonra onun yerinə “Real”a baş məşqçi təyin olunacağı iddia edilirdi.