Argentina millisini dünya çempionatının finalına çıxaran Alexandro Sabella gələcək karyerasının necə olacağını bilmir. Apasport.az saytının məlumatına görə, mütəxəssis taleyinə bir həftə sonra aydınlıq gələcəyini vurğulayıb.
Sabella ilk növbədə Argentina Futbol Federasiyasının planlarından bixəbər olduğunu vurğulayıb: “Mən bir neçə gün dincəlməliyəm. Məsuliyyətli adamam, cavabımı gecikdirməyəcəyəm. Ən qısa müddətdə Futbol Federasiyasının prezidentinə zəng edərək hər şeyi müzakirə edəcəyəm. Əgər özümü 100 faiz bu işə həsr edə bilsəm, yığmada işimi davam etdirəcəyəm. Bunu futbolçularımdan da tələb edirəm”.
Baş məşqçi Lionel Messinin dünya çempionatının ən yaxşı futbolçusu adını qazanmasına da münasibət bildirib: “O, dünyanın ən yaxşısı olmaq üçün böyük qurban verib. Biz onu alqışlamalı və bu mükafatla təbrik etməliyik”.