Saşa Stamenkoviç: O, bu sözləri “isti başla” deyib
18.07.2014 - 23:00
Saşa Stamenkoviç: O, bu sözləri “isti başla” deyib

 

Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Koper”lə oyunda kobud səhvi ilə yadda qalan “Neftçi”nin qapıçısı Saşa Stamenkoviçin apasport.az saytına müsahibəsi

 

- Oyunun bu cür yekunlaşacağını gözləyirdinizmi?

 

- Komandamız pis oynamadı. Sadəcə “rikoşet” qol sayəsində hesabda geri düşdük. İkinci hissədə kifayət qədər təhlükəli hücumlar qursaq da, zərbələrdən yalnız biri qapıdan keçdi. Rəqib qapıçı da yaxşı oynadı. Onlar 3-4 dəfə hücum qurdular, onda da iki qol vurdular.

 

- Xüsusilə də ikinci qol zamanı kobud səhvə yol verdiniz.

 

- Birinci qolda çıxmalı idim. Çünki o üzərimə gəlirdi. Topun oyunçuya dəyib istiqamətini dəyişməsi qolla nəticələndi. Həmin vaxt top sürətlə hərəkət etdi. İkinci qolda isə kobud səhvə yol verdim. Çıxışda ləngidim. Buna görə də onların oyunçusu məni qabaqladı.

 

- Həmin epizodda yerinizdə dayana bilməzdiniz?

 

- Əvvəlcədən tapşırıq belə olmuşdu ki, rəqib standart vəziyyətlər yerinə yetirən zamanı çıxıb, topu tutum. Çünki onlar ucaboylu idilər. Ancaq çıxışda səhvə yol verdim. Bəzən alınmır. Səhvsiz oynamaq mümkün deyil.

 

- Komanda ötən il də uğursuz çıxış etdi. Hazırkı mövsümə isə məğlubiyyətlə başladınız. Düzdür, səfərdə cavab oyunu var. Amma doğma meydanda qələbə qazana bilməyən komandadan artıq nəsə gözləmək düzgün deyil. Bəs nə vaxt uğur qazanacaqsınız?

 

- İnsanlar elə danışır ki, sanki biz heç vaxt uğur qazanmamışıq. Artıq bir dəfə buna etmişik.  APOEL-lə doğma meydanda 1:1 hesablı heç-heçə edən vaxt heç kimin səfərdə qələbə qazanacağımızı gözləmirdi. Amma bunu etdik. Yeri gəlmişkən, stadionu dolduran azarkeşlərə təşəkkür edirəm. Onlar bizi dəstəklədilər.

 

- “Koper”in güclü rəqib olduğunu demək olarmı?

 

- Onlar oyunu ilə nəyə qadir olduqlarını sübut etdilər. Layiqli rəqibdir. Ancaq onlar Bakıda bizi məğlub ediblərsə, biz niyə bunu rəqib meydanında reallaşdırmayaq. Yenə deyirəm, APOEL-lə ilk oyundan sonra səfərdə qələbə qazanacağımıza inanmırdılar. Sübut etdik. Bu oyunda onları dirək, qapıçı, ofsayd xilas etdi. Amma biz səfər qələbəsinə inanırıq.

 

- Tahir Süleymanov klubdan ayrıldı. O, “Koper” səddi keçilməyəcəyi təqdirdə hazırkı heyətin komandada qalmağa ixtiyarının olmadığını deyib. Onunla razısınız?

 

- Onun nə dediyindən xəbərdaram. O, bu sözləri “isti başla” deyib. Tahir müəllim “Neftçi” üçün vacib fiqurlardan biridir. O, neçə ildir ki, klubda çalışır və işi də göz qabağındadır.