Səlcuk İnana “Fənərbaxça”dan dəvət, Ardadan dəstək
08.04.2014 - 20:49
Səlcuk İnana “Fənərbaxça”dan dəvət, Ardadan dəstək

 

 

“Qalatasaray”ın aparıcı oyunçularından biri Səlcuk İnanın “Fənərbaxça”ya keçə biləcəyi ilə bağlı iddialar reallığa çevrilməyə başlayır. Apasport.az saytının məlumatına görə, derbi zamanı azarkeşlərlə və baş məşqçi Roberto Mançini ilə arasında münaqişə yaranan Səlcuka bir-birinin ardınca telefon zəngləri gəlir.

 

Oyundan stadionu təkbaşına tərk edən Səlcuk İnana ilk zəng edənlərdən biri “Fənərbaxça”nın hazırkı baş məşqçisi Ərsun Yanal olub. Futbolçunun karyerasında önəmli rol oynayan Yanal ona “Üzülmə Səlcuk, sən böyük futbolçusan. Pis günləri arxada qoya biləcəksən. Böyük qardaşın, müəllimin olaraq yanındayam. “Fənərbaxça”nın da qapısı hər zaman sənin üzünə açıqdır” deyib.

 

Digər tərəfdən, “Qalatasaray”ın keçmiş futbolçusu və hazırda “Atletiko Madrid”in aparıcı oyunçularından olan Arda Turan da Səlcuk İnana zəng edib. Səlcukun “Aslana” keçməsində böyük rol oynayan Arda dostuna ürək-dirək və bəzi tövsiyələri verib. Arda belə şeylərin əvvəllər onun da başına gəldiyini vurğulayıb: “Bilirəm, indi çox hirslisən. Amma “Qalatasaray”dan ayrılmağı bir an olsun ağlına gətirmə. Bunlar keçib gedəcək. Komandanın həqiqi tərəfdarları mütləq sənə sahib çıxacaqlar. Özünü boş yerə üzmə. O forma sənə çox yaraşır”.

 

Xatırladaq ki, bu mövsüm zəif oyun nümayiş etdirən Səlcuk “Fənərbaxça” ilə derbi zamanı səhv ötürməsindən sonra azarkeşlər tərəfindən təhqir edilib. Bundan sonra zədələndiyini iddia edərək meydandan çıxmaq istəyən futbolçu ilə baş məşqçi Mançini arasında da narazılıq yaranıb. Mançini ona “həkimlərin rəyini gözlə” desə də, Səlcuk formasını çıxararaq baş məşqçinin köməkçisi Tuqay Kərimoğluna verib. Droqba və Sneyderin, hətta “Fənərbaxça”nın oyunçusu Gökhan Gönulun onu təkrar meydana qaytarmaq cəhdi də alınmayıb.

 

Gökhan Gönül oyundan sonra deyib: “Pis vəziyyətdə idi. Dəstək olmaq istədim. Rəqib olsaq da, futbolçular sahədə bir-birlərinə dəstək olmalıdırlar”.