“Atletiko Madrid”in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/4 final mərhələsində “Barselona” ilə cavab görüşü barədə danışıb. Apasport.az saytının məlumatına görə, Simeone rəqibin belə turnirlərdəki təcrübəsini qeyd edib.
Argentinalı mütəxəssis bildirib ki, kataloniyalılar hətta səfərdə belə hücum futbolu oynayırlar və bu səbəbdən də, birinci oyunun nəticəsini unutmağa dəyər: “Azarkeşlər qol vura bilmirlər. Amma onların enerjisi var. Onların ilk dəqiqələrdən bizə dəstək olacağına şübhə etmirəm. Biz isə öz növbəmizdə buna meydanda cavab verməyə çalışacağıq. Bu, çox ehtiraslı, Çempionlar Liqasının ən gözəl oyunlarından biri olacaq. Meydanda müxtəlif üslublarda oynayan komandalar qarşılaşacaq. İlk oyunun nəticəsinin əhəmiyyəti yoxdur. “Barselona” həmişə xoşbəxtliyini hücumda axtarır – bəlkə də onların buna 120 dəqiqə vaxtı oldu. Onlar bir qədər öncə “Santyaqo Bernabeu”da 4 qol vurublar. Güman etmirəm ki, hansısa təzyiq hiss edəcəklər. Onlar belə oyunlara adət ediblər”.