Bakının “İnter” klubunun qələbəsi UEFA-nın diqqətindən yayınmayıb. Apasport.az xəbər verir ki, “Elfsborq”la qarşılaşan “bankirlər”in İsveçdəki qələbəsinə qitə futbol qurumunun rəsmi saytı da xüsusi yer verib.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan 40 oyunla bağlı yazı dərc edən UEFA başlıqda məhz “İnter”in adını çəkib. 1:0 hesabı ilə qalib gələn bakılıların zəfəri İrlandiya “Sliqo” su, Qazaxıstan “Astana”sının qəhrəmanlıqları kimi günün 3 ən böyük sensasiyası kimi dəyərləndirilib: “Sliqo” və “İnter” gecənin şokunun müəllifi oldu. Onların hər ikisi Skandinaviyada qalib gəlməyi bacarıb. Bu iki komanda, həmçinin “Astana” II təsnifat mərhələsinin ilk oyunlarının əsas qəhrəmanları kimi fərqlənib. Ötən mövsüm qrup mərhələsində çıxış edən “Elfsborq”un doğma meydanda qələbə qazanacağı gözlənilirdi. Lakin “İnter” əzmkarlıq göstərərək sensasiyalı nəticəyə imza atıb və səfərdə Slavço Georgiyevskinin vurduğu yeganə qolla qələbə qazanıb”.
Qeyd edək ki, “Astana” Təl-Əviv “Hapoel”ini (İsrail) 3:0, “Sliqo” səfərdə “Rusenborq”u (Norveç) 2:1 hesabı ilə məğlub edib.