12 Dekabr 00:01 Fərhad Vəliyev: Niyə də olmasın?
FUTBOL xəbərləri 12 Dekabr 00:01
2119 baxış

Fərhad Vəliyev: Niyə də olmasın?

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ”a uduzan “Sumqayıt” cavab qarşılaşmasına itki ilə çıxacaq. Belə ki, oyunun 89-cu dəqiqəsində qırmızı vərəqə alaraq meydanı erkən tərk edən Fərhad Vəliyev həftəsonu keçiriləcək oyunda komandasına kömək edə bilməyəcək. Matçdan sonra təcrübəli futbolçu apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Qırmızı vərəqə aldığınız epizoddan başlayaq...

-  Son dəqiqələrdə Pedro ilə təkbətək qaldıq. Həmin epizod zamanı o məni aldatdı. Məcbur olub rəqibimi yıxdım. Hakimin düzgün qərar verdiyini düşünürəm. Topa toxunsam da, qolum Pedronun ayağına dəydi və onu yıxdım.

 

- Cavab oyunundan öncə bu nəticəni komandanız üçün normal hesab edirsinizmi?

- Kubok yarışında ilk oyunda 1:2 hesabı ilə məğlub olmaq pis nəticə deyil. Üstəlik oyun səfərdə keçirilirsə və rəqibin “Qarabağ”dırsa... Hazırlaşacağıq ki, cavab oyununu lehimizə çevirək.

 

- Mərhələ adlamağınız realdırmı?

- Niyə də olmasın? “Qarabağ”a qarşı oyunumuz heç vaxt alınmırdı. Bu dəfə yaxşı mübarizə apardıq.

 

- Cavab oyunu zamanı doğma meydanda “Sumqayıt”ın üstünlüyü nə olacaq?

- Öz stadionumuzda güclü komandalarla duellərdə xallar qazanmışıq. “Qəbələ”, “Qarabağ” kimi komandalardan həm xal almışıq, hətta qələbə də əldə etmişik. Bu dəfə də azarkeşlərimizin dəstəyi ilə məqsədimizə çatacağıq.

 

- İkinci oyunda “çərçivə”ni gənc həmkarın qoruyacaq. Oyun təcrübəsinin azlığı çətinlik yaratmayacaq?

- O da yaxşı qapıçıdı. Bu, onun üçün bir şansdı. Çalışacaq ki, özünü yaxşı tərəfdən göstərsin və komandaya kömək etsin.

 

- Çempionat yarılanıb. Qış fasiləsinə qədər əldə etdiyiniz nəticələr və turnir cədvəlindəki mövqeyiniz sizi qane edirmi?

- Əvvəlki illərə baxanda, əlbəttə, nəticəmiz yaxşıdı. İkinci yarıda əksər komandalarla öz meydanımızda oynayacağıq. Həmin oyunları lehimizə çevirə bilərik.

 

- Ehtiyat oyunçular skamyasında çox az futbolçu var idi və onlar da gənclər idi. Necə düşünürsüz, komandanı gücləndirməyə ehtiyac varmı?

- Buna məşqçilər cavab verə bilər. Cavid İmamverdiyevlə Cavid Tağıyev zədəlidi. Onlar sağalıb, komandaya qoşulduqdan sonra heyətimiz güclənəcək. Qalan suallara məşqçilər aydınlıq gətirə bilər.

Xəbər lenti