[b]“Görüləcək o qədər iş var ki...” – Tərlan Əhmədov[/b]
24.09.2017 - 20:21
[b]“Görüləcək o qədər iş var ki...” – Tərlan Əhmədov[/b]

“Komanda mübarizə apardı. “Qəbələ” kimi rəqibə qarşı yaxşı oynadıq. Görüləcək o qədər iş var ki... Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədiv deyib.

 

Azərbaycan Premyer Liqasının VI turunda səfərdə “Qəbələ” ilə qarşılaşan paytaxt klubu 1:2 hesablı məğlubiyyətə üzülüb.

 

Oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Əhmədov fikirlərini bölüşüb: “Müdafiədə uşaq səhvləri buraxdıq. Bunun da nəticəsində məğlub olduq. Çalışacağıq ki, səhvləri təkrarlamayaq. Qarşıda fasilə var. Bu fasilədən maksimum yararlanıb, çalışacağıq ki, qışa kimi yaxşı nəticələr qazanaq”.

 

- Komandanın oyununda əsas nədən narazı qaldız? Bir də, Emin Mahmudovun çıxışı sizi qane etdi?

- Mən həmişə istəmişəm, cinah müdafiəçiləri daim hücumda olsun. Hücumda nə qədər çoxluq olsaq, nəticə də bir o qədər yaxşı olar. Bu qarşılaşmada iki hücumçu ilə oynamaq istəyirdik. Ancaq Seqoviyanın zədəsi var idi. Buna görə, onu meydana gec buraxdım. Lakin bu vaxt da Barqas yorulmuşdu. O ki qaldı Eminə, onun bugünkü oyunu məni sevindirdi. Axırıncı dəfə keçən mövsüm oynamışdı. Bura gələnədək isə 10 gün məşq etməmişdi. Buna baxmayaraq, yaxşı çıxış etdi.

 

- 16 günlük fasilə olacaq. Bu müddətdə planınız necədi?

- Xaricə getməyi planlaşdırmırıq. Məncə, bu, artıqdı. Yaxşı bazamız var. Burda məşq edib, futbolçularda özünəinamı artırmağa çalışacağıq. Hazırda bu amil çox aşağıdı.

 

- “Qəbələ”nin hücumçuları “Neftçi”nin müdafiəçilərini çox rahat keçirdilər. Bunun səbəbi nədi?

- Belə deməzdim. “Qəbələ”nin hücumçuları fərdi oyuna çox üstünlük verirlər. Ancaq düşünmürəm ki, Abuşov və Petrov səviyyəcə onlardan geri qalır. Bu gün bizim hücum xəttində bu individuallıq çatışmır. Bir epizodda Namiq Ələsgərov topla irəlilədi və zərbəsi qolla nəticələndi. Bu cür fürsətləri dəyərləndirmək lazımdı.

 

- “Neftçi”yə yeni gələndə Elxan Abdullayevə zəng etdiyinizi demişdiz. Ancaq o, sizdən zəng gəlmədiyini deyib...

- Bu müddətdə bütün fikrimi komandaya yönəltmişdim. İstərdim ki, Elxan müəllim bizə də hörmətlə yanaşsın. O ki qaldı zəngə, 3 dəfə zəng etmişəm, götürməyib. Bundan sonra öz işimlə məşğul olmuşam.

0