[b]Tərlan Əhmədov: ...burda xaos hökm sürür - MÜSAHİBƏ[/b]
24.05.2018 - 11:14
[b]Tərlan Əhmədov: ...burda xaos hökm sürür - MÜSAHİBƏ[/b]

“Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

 

- 1 xalla qəbul etdiyiniz “Neftçi”yə bürünc medal qazandırdınız. Bu titulun karyeranızdakı önəmi yəqin ki, böyük olar...

- Əlbəttə, çəkdiyim əziyyət hədər getmədi. İlk 6 turdan sonra cəmi 1 xalı olan komandanın 3-cü yeri tutacağına heç kim inanmazdı. Mən 4-cü turdan sonra komandanı qəbul etdim və ilk iki oyunumda məğlub olduq. Öz futbol fəlsəfəmi yeridənə qədər vaxt lazım idi. İşin içinə girəndə hiss edirdim ki, burda xaos hökm sürür. Buna baxmayaraq, səbirlə, təmkinlə işimizi görməyə başladıq. İlk məqsəd uşaqlara özünəinamı qaytarmaq və mehribanlığı yaratmaq idi. Getdikcə işin bəhrəsini gördüyümdən, daha həvəslə çalışdım. Uğur olduqca təzyiqlər bir o qədər artırdı. Bununla belə, gördüyüm işdən zövq almışam və bu uşaqlarla çalışdığım üçün fərəhlənirəm.

 

- Səmimi etiraf edin, komandanı qəbul edəndə özünüz mövsümü bu yerdə tamamlayacağınıza inanırdınızmı?

- Xeyr, inanmırdım. Çünki rəhbərliklə ilk söhbətimdə qarşıma qoyulan məqsəd 4-5-ci yerlərdə qərarlaşmaq idi. Ondan yuxarısına heç kim, hətta mən də inanmırdım. Çünki ilk 4 turdan sonra komandanın 1 xalı var idi və cəmi 1 qol vurmuşdu ki, onu da avtoqoldan. Kollektivdə futbol baxımından çox çətin anlayış hökm sürürdü. Futbolçuların özlərinə inamı yox idi, komanda taktiki baxımdan geri qalırdı. Ancaq uğurlu oyunlar keçirdikcə 4-5-ci yerlər uğrunda mübarizə aparacağımıza inanmağa başladıq. Mükafatçılar sırasına düşəcəyimiz isə heç kimin ağlına gəlməzdi, o cümlədən mənim.

 

- “Bürünc”ə gedən yolda komanda daxilində əsas dəyişikliyiniz nə oldu?

- İlk olaraq mehribanlığı yaratdım. Təcrübəli futbolçularla tək-tək danışdım, ardından ümumi komanda ilə söhbətim oldu. Həm fərdi, həm də kollektiv şəkildə sorğu-sual apardım. Əcnəbiləri də ayrı-ayrı çağırıb söhbət etdim. Gördüm ki, yerlilər və gəlmələr arasında qruplaşmalar yaranıb. Əcnəbilərin içində belə, əcnəbi qruplaşması var idi. Ayrı-seçkilik yaranmışdı və hər kəsin futbola fərqi baxışı var idi. Heç kim digərlərinə inanmırdı, tərəfini saxlamırdı. Bütün bunlar istər-istəməz xaosa sürükləyirdi. İlk olaraq bu durumu aradan götürməyə çalışdıq. Çünki futbol kollektiv oyundu, burda bir nəfər əskik olanda komanda uğursuzluğa düçar olur. Çalışdım mehribanlığı ümumi komandada yaradım. Yavaş-yavaş görürdüm ki, alınır. Alındıqca da uğurlu çıxışlar bir-birini əvəz etməyə başladı. Hamısı peşəkar futbolçulardı. Onlar artıq taktiki-texniki cəhətdən heç bir komandadan geri qalmırlar. Halbuki əvvəllər bu baxımdan vəziyyət ürəkaçan deyildi.

 

- Mövsümü yüksək notda bitirməyinizə baxmayaraq, hələ də Tərlan Əhmədovu qəbul etmək istəməyənlər var. Bu nədən qaynaqlanır?

- Səbəbini mən də bilmirəm, çox təəccüblüdü. Mən də azərbaycanlıyam, bu ölkənin vətəndaşıyam. Hamımız bir-birimizin uğuruna sevinməliyik. Bilirəm ki, məni istəməyənlər çoxdu. Bunu da təbii qarşılayıram. Amma biz “Neftçi” adına bunu bacarmışıqsa, deməli, hamı sevinməlidi. Mətbuatda, sosial şəbəkələrdə təzyiqlərin olduğunu görürəm. 4-5 il idi komanda uğursuzluğa düçar olurdu, mükafatçılar sırasına düşə bilmirdi. Heç kim əl-ələ verib “Neftçi”ni düşdüyü quyudan çıxarmaq istəmirdi. Amma komanda ordan çıxdıqca təzyiqlər də artır. Hərdən oturub bunların səbəbini axtarıram. “Neftçi”ni hamımız istəyiriksə, baş məşqçi kim olursa-olsun, bu uğura sevinməliyik. Tərlana dəstək lazım deyil, komandaya lazımdı. “Neftçi”nin uğurları həmişə yığmanın uğurları ilə bağlı olub. “Neftçi” yuxarı yerlər uğrunda mübarizə aparanda millimiz də yaxşı çıxış edir. 4-5 il idi uğursuzluq yaranmışdı, tənqidlər var idi. Bu gün nəticə qazanır, amma tənqidlər yenə var. Hətta deyərdim ki, indi xoşagəlməz tənqidlərdi ki, bu da “Neftçi”nin adına yaraşmır. Tərlanı bir kənara qoyub, “Neftçi”yə dəstək vermək lazımdı.

 

- Rəqiblərlə yanaşı, klub rəhbərliyi ilə də mübarizə aparırdınız. Bu soyuq münasibətin komandaya sirayət etməməsi üçün hansı tədbirləri görürdünüz?

- Bu, sözlə ifadə olunmur. Sadəcə, elə ab-hava yaratmışdıq ki, futbolçularla məşqçilər arasında inam çox böyük idi. Uşaqlara izah edirdim ki, biz Azərbaycanın ən çox titul qazanmış komandasının uğuru üçün çalışırıq. Azərbaycan futbolu sırf bu klubla bağlıdı. İfadəmə görə üzr istəyirəm, “Qarabağ” Çempionlar Liqasının qrupuna düşsə də, “Qəbələ” avrokubokda uğur qazansa da, Azərbaycan futbolunun keçmişi “Neftçi” ilə bağlıdı. Komandaya gələn hər bir futbolçu bunu tərk etməlidi. Hər dəfə uşaqlara deyirdim ki, mənimlə rəhbərlik arasında olan söhbətin sizə heç bir aidiyyəti yoxdu. Əgər 4-5 ildən sonra medal qazanmaq istəyiriksə, bunlara fikir verməməlisiniz. Mənim kiminlə söhbətim varsa, özüm həll edə bilərəm. Təzyiqlər, söz-söhbətlər hər zaman olub. Uğur qazananda hamı pay sahibi olur. Hərdən əziyyət çəkənlər qalır kənarda, insanlar başqa şeylər haqda fikirləşirlər. Hər kəs öz işini məsuliyyətlə görməlidi. Mən də gələndə söz vermişdim ki, “Neftçi” 6-7-ci yeri tutmayacaq. Rəhbərliklə aramızda olan problemin komandaya sirayət etməməsi üçün hər gün nəzəri məşğələdə bu haqda danışırdım. Futbolçuları psixoloji cəhətdən hər gün hazırlaşdırırdıq. Bunlar da öz bəhrəsini verdi.

 

- Sizi yeni mövsümdə də “Neftçi”də görə biləcəyikmi?

- Hələ ki, heç nə bilinmir, gözləmə mövqeyindəyik. Komanda artıq istirahətə buraxılıb, əcnəbilər də gedib. Mayın 31-dək müqaviləm var. Nə olacağını biz də bilmirik. Vaxtımız da azdı. İyulun 12-də Avropa Liqasında ilk oyunumuz olacaq. Buna qədər komandada kimin qalacağı, kimin gedəcəyi, transfer məsələləri həllini tapmalıdı. Amma hələlik gözləyirik.

 

- Bu gözləmə komandanı hərtərəfli geri atmayacaq?

- “Neftçi”ni, demək olar ki, çempionatın ortasında qəbul etmişdim. Heç kim bura qədər gəlib çıxacağımızı düşünməzdi. Boynumuza nə yük düşəcəksə, ondan maksimum yararlanmağa çalışacağıq. Ancaq gün keçdikcə gecikirik, geri düşürük. Çünki transferlər, kimlərlə yeni müqavilə imzalanması məsələsi danışılmalı, həllini tapmalıdı.

 

- Düşünmürsünüz ki, ən azı Avropa Liqasında komandanın “sükanı arxası”nda olmağınız haqqınızdı?

- Bu dünya ədalətli olsaydı, yaxşılar tez getməzdi. Buna görə də, həyatda hər şeyi təbii  qarşılayıram.

 

Ruslan SADIQOV

0