[b]Aleksey Qay: Bizə qol lazım olanda bunu artıqlaması ilə edəcəyik – MÜSAHİBƏ[/b]
24.01.2015 - 00:00
[b]Aleksey Qay: Bizə qol lazım olanda bunu artıqlaması ilə edəcəyik – MÜSAHİBƏ[/b]

“Qəbələ”nin yeni transferi Aleksey Qay “Kuban”la (0:2) keçirilən yoxlama görüşündən sonra apasport.az saytına müsahibə verib

 

- “Kuban”a məğlubiyyətin səbəbi kimi nəyi göstərə bilərsiz?

- Əvvəla qeyd edim ki, yoxlama oyunlarında nəticəyə önəm vermirik. Daha çox baş məşqçinin verdiyi tapşırıqların yerinə yetirilməsinə diqqət yetiririk. Fikrimcə, “Kuban” kimi güclü komandaya qarşı meydanda bizdə çox şey alınırdı. Ancaq belə görüşlər səhvsiz olmur. Səhv etməkdən də qorxmaq lazım deyil. Yaxşı hal odu ki, biz öz oyunumuzu nümayiş etdirə bildik. Bu yolda irəliləyəcəyimiz təqdirdə rəsmi görüşlərdə nəticə də ürəkaçan olacaq.

 

- Komandanın müdafiə xəttindəki problem sizcə, nədən qaynaqlanır?

- Bizdə yeni komanda qurulur. Bu üzdən bəzi taktiki yerdəyişmələr olur. Buna görə də qorxulu bir şey yoxdu. Vaxt keçdikcə bu çatışmazlıqlar aradan qalxacaq.

 

- Hücumçuların “dişsiz” görünmələri nə ilə bağlıdı? Lazımi ötürmələri ala bilmirdilər?

- Bu, təkcə bizdə yox, bütün komandalarda olan problemdi. Müsbət cəhət odu ki, məşqlərdə bunun üzərində çox çalışırıq və gələcəkdə bu problemin aradan qalxacağına inanırıq. Bizə nə vaxt qol lazım olacaq, inanıram ki, onda bunu artıqlaması ilə edəcəyik.

 

- Sizin üçün uyğunlaşma dövrü tam geridə qaldı?

- Prinsipcə, kollektivə tam uyğunlaşdığımı deyə bilərəm. Komanda yoldaşlarımla anlaşmaqda  heç bir problem yoxdu. Aramızda çox yaxşı münasibət var. İnanıram ki, bu yaxşı münasibətlər təkcə meydandan kənarda  yox, meydanda da olacaq.

 

- Artıq bir müddətdi ki, “Qəbələ”dəsiz. Bu komandanın timsalında Azərbaycan futbolu barədə sizdə hansı fikir formalaşıb?

- Bu haqda çempionat başladıqdan sonra daha ətraflı fikir yürüdə bilərəm. Onu deyə bilərəm ki, Azərbaycanda yaxşı futbolçular var və onlar yüksək səviyyədə çıxış etmək istəyirlər.

 

Ruslan SADIQOV / Antalya

0