[b]Rəşad Sadiqov: İstəyirsən lap Mourinyonu gətir...[/b] - MÜSAHİBƏ
03.03.2015 - 15:27
[b]Rəşad Sadiqov: İstəyirsən lap Mourinyonu gətir...[/b] - MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqovun apasport.az saytına müsahibəsi

 

- Qış fasiləsindən sonra artıq 6 tur geridə qalsa da, “Qəbələ” hələ də stabil çıxış edə bilmir. Problem nədədi?

- Çünki komanda yeni yığılıb, məşqçi dəyişikliyi olub. İstəyirsən lap Joze Mourinyonu gətir, istər-istəməz komandanın oyununda dəyişiklik olacaq. Çünki hər məşqçi öz fəlsəfəsini yeridir, istədiyi futbolu oynatmağa çalışır. Bu dəyişikliklərə futbolçuların tam alışması üçün vaxt lazım olur. Bizim də bir qədər zamana ehtiyacımız var. Məncə, get-gedə daha yaxşı oynayacağıq.

 

- Baş məşqçidən söz düşmüşkən, Roman Qriqorçukun sizdən tələbləri nələrdi?

- Məşqlərdə də, oyunlarda da, hətta iclaslarda da çox çılğın olur. Bu xüsusiyyəti ilə seçilən məşqçidi. Çox tələbkardı, nizam-intizama ciddi önəm verir.

 

- Premyer Liqanın XXIV turunda “Qarabağ” üzərində qazanılan qələbə sayəsində ilk “dördlüy”ə yaxınlaşdınız. Avrokubok şansınızı necə dəyərləndirirsiniz?

- Avrokuboku hədəfləyən bütün komandalar üçün mövsümün qalan hissəsi çox çətin keçəcək. Biz də çalışacağıq ki, hədəfinə çatanlar arasında olaq. Komandanın gücü də buna yetər. Artıq xal itirmək limitimiz dolub. Çalışmalıyıq bundan sonra daha az səhv edək və minimum dərəcədə xal itkisinə yol verək. Mənə elə gəlir ki, bizdə alınacaq.

 

- Çempionluq uğrunda mübarizədə sizin də favoritiniz “Qarabağ”dı?

- Əlbəttə, ən real namizəd bu komandadı. Oturuşmuş heyətləri var. Artıq neçə ildi ki, eyni futbolçularla çıxış edirlər. Bir-birlərini çox yaxşı başa düşürlər. Üstəlik, avrokubok təcrübələri də var. Artıq 6 ildi ki, avrokubokda müntəzəm çıxış edirlər, hər dəfə ən azı 2 mərhələ keçirlər. Bu səbəbdən də məncə, “Qarabağ”ın çempionluq şansı daha çoxdu.

 

- Millinin yeni baş məşqçisi Robert Prosineçkinin ilk təlim-məşq toplanışından kənarda qaldınız. Bəxtinizin gətirmədiyini demək olar?

- Bəli, bu baxımdan bəxtsizlik oldu. Çünki çoxdan idi yığmaya çağırılmırdım. Yeni baş məşqçinin rəhbərliyi altındakı ilk toplanışı zədəyə görə buraxmaq çox üzücü oldu. Amma ümidimi itirmirəm. Çalışacam ki, klubumda uğurlu çıxış edib yenidən yığmaya qayıdım.

 

- Prosineçki hücum futboluna üstünlük verəcəyini ilk oyundaca göstərdi. Bu taktika güclü komandalarla matçlarda fiaskoya uğramaz?

- Elə “Şaxtyor”la görüşdə baş məşqçi daha çox hücumameyilli futbolçulara şans vermişdi. Belə olanda da komanda hücum futbolu sərgiləməli olur. Çünki hücumçuya nə qədər desən ki, müdafiəyə çəkil, istər-istəməz irəli qaçacaq. Təbii ki, böyük komandalara qarşı açıq futbol oynamaq ağılsızlıq olar. Heç bir komanda özündən güclü rəqibə qarşı hücumameyilli oyun göstərmir. Bu, özünə qəsd etməkdi. İtaliya, Xorvatiya kimi komandalara qarşı açıq futbol oynayarsansa, təbii ki, bunun cəzası ağır olar. Onların hücumçularının gücü bəllidi. Belə komandaların hər hücumu qolla nəticələnə bilər. Amma Malta, Bolqarıstan kimi rəqiblərlə matçlarda hücum futbolu sərgiləmək olar.

 

Ruslan SADIQOV

0