[b]Mikayıl Nərimanoğlu 50 ili necə vərəqlədi?[/b] - YUBİLYAR
06.03.2015 - 16:37
[b]Mikayıl Nərimanoğlu 50 ili necə vərəqlədi?[/b] - YUBİLYAR

Mikayıl Nərimanoğlu — AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi, "Futbol dünyası" qəzetinin baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti (2010).

1965-ci ildə Zəngilan rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Azərbaycan gəncləri”, “Bakı”, “Sovet kəndi”, “Zavod həyatı”, “7 gün”, “İki sahil”, "Sərhəd", "Aydınlıq", "Qarabağ", "Olimpiya dünyası", "525-ci qəzet", “Səs”, “Yeni Azərbaycan”, “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti” və digər mətbuat orqanlarında, lent.az, 1news.az, sportnews.az saytlarında və UEFAdirect, "Neft və Qaz" jurnallarında müxtəlif səpkili yazıları dərc olunub. 1988-ci ildən mətbuatda çalışır. İlk öncə “Zavod həyatı” qəzetində, 1991-ci ildən 2005-ci ilə qədər isə bu qəzetin bazasında təsis olunan “İki sahil” qəzetində müxbir və şöbə müdiri vəzifələrində işləyib. Qəzetin əməkdaşı kimi 1996-cı ildən 2003-ci ilə qədər Respublika Prezidenti Heydər Əliyevi, 2003-cü ildən 2005-ci ilə qədər isə Respublika Prezidenti İlham Əliyevi bir sıra səfərlərdə müşayiət edən jurnalist qrupunun üzvlərindən biri olub. 2005-ci ildə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəisi və eyni zamanda 2006-cı ildə AFFA-nın təsis etdiyi “Futbol dünyası” qəzetinin baş redaktoru təyin olunub. “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq onun rəhbərliyi altında AFFA-nın rəsmi saytı (www.affa.az) saytı 3 dildə (Azərbaycan, ingilis və rus dillərində) operativ fəaliyyət göstərir. Ölkəmizin idman həyatında ilk dəfə olaraq idman video portalı (www.affavideo.az) və internet TV (www.affatv.az) yaradılıb. Bu layihə UEFA tərəfindən həmin ilin ən yaxşı media layihələrindən biri kimi yüksək qiymətləndirilib və mükafatlandırılıb. Azərbaycan futbolunun 100 illik tarixinin foto və video materiallarını araşdıraraq ictimaiyyətə çatdırılmasında müstəsna xidməti olub. Beynəlxalq futbol təşkilatlarının media ilə bağlı keçirdiyi bir sıra seminarlarda ölkəmizi layiqincə təmsil edir. Ölkəmizin idman tarixində ilk və bu günə qədər yeganə şəxs olaraq UEFA-nın təyinatı əsasında Çempionlar Liqasının qrup mərhələsində keçirilən ("Şaxtyor" (Ukrayna) - "Yuventus" (İtaliya)) oyununun media nümayəndəsi olub. Milli komandamızla bağlı çəkilən bir neçə televiziya filminin ssenari müəllifidir. 1989-cu ildən SSRİ, respublikamız müstəqillik qazandıqdan sonra isə Azərbaycan Jurnalistlər birliyinin üzvüdür. 1983-85-ci illərdə Sovet ordusunda hərbi xidmətdə olub və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni qəsbkarlarına qarşı döyüşlər vaxtı (1993-94 illər) hərbi müxbir kimi milli orduda xidmət edib. Müharibə veteranıdı. "Zəngilanın süqutu" kitabının müəllifidi. 2005-ci ildən başlayaraq futbol üzrə milli komandaların ev oyunları ilə əlaqədar mütəmadi surətdə çap olunan bütün oyun proqramlarının redaktorudur. "OlimpSport" jurnalının ilin yekunları ilə bağlı keçirdiyi sorğusuna əsasən "2010-cu ilin ən yaxşı idman jurnalisti" adına layiq görülüb. "Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi"dir. Respublika Prezidenti cənab İlham Əliyevin 21 iyul 2010-cu il tarixli sərəncamı ilə Azərbaycan milli mətbuatının inkişafındakı xidmətlərinə görə “Əməkdar Jurnalist” fəxri adına layiq görülüb. Ailəlidir, 3 övladı var.

 

“Tam ciddi”... Bu mənim, daha doğrusu, “Futbol dünyası” qəzetinin redaktoru Mikayıl Nərimanoğlunun ən çox işlətdiyi sözdü. Ömrünün 50-ci ilini tamamlayan əməkdar jurnalistlə söhbətdə isə həm ciddiyyətdən, həm də avtobioqrafik suallardan qaçmağa çalışdım.

 

- Siz dünyaya Zəngilan rayonunda gəlmisiniz. O torpaq sizin üçün nə deməkdi?

- Doğulduğu yurd insan üçün müqəddəs yerlərdən biridi. Bu millətindən və yaşayış yerindən asılı olmayaraq, belədi. Hərdən öz-özümə düşünürəm ki, oranın torpağı, daşı, ağacı nə qədər müqəddəsdi. Bəlkə də qaçqınlıq, o torpaqların həsrətini çəkməyimiz bunu bir qədər də müqəddəsləşdirib.

 

- Hər bir insanın kim olduğunu anlamaq üçün gərək onun valideynlərinin kim olduğunu biləsən...

- Birincisi, deyim ki, ata babam Ukraynada gedən döyüşlər zamanı həlak olub. Uzun müddət onun qəbrinin harada olduğu bilinmirdi. Atam çox axtarmışdı. 1970-ci illərdə nəhayət tapa bildik. Quluyev Oruc Mikayıl oğlunun qəbri Ukraynadadı. Ana babam isə gənc yaşlarından dünyasını dəyişib. Ailələrinin yükünü nənələrim daşımalı olub. Onlar çox zəhmətkeş insanlar idi. Atam 16 yaşında atasını müharibəyə yola salıb. Ağlamaq istəyəndə belə babam qoymayıb ki, kişi ol, ağlama, ağır zamandı. Evin 5 uşağı içində böyük oğul olub və ailənin bütün yükü onun üzərinə düşdüyündən ailəni o saxlayıb. Anamın da taleyi oxşardı. Həm müharibə, həm də ondan sonrakı dövrlərdə çox əziyyət çəkiblər.

 

- Belə ailələrdə uşaqların tərbiyəsi ilə məşğul olmağa elə də vaxt olmur...

- Bilirsiniz, biz gözümüzü açandan valideynlərimizi işləyən görmüşük. Mən ailənin ən kiçik övladıyam. Yadıma gələni evdəkilərin hərəsinin bir işlə məşğul olduğunu görmüşəm. Hərdən qardaşım zarafatla deyirdi ki, yay gəlir, ot biçəcəyik, qış gəlir, odun qıracağıq, yaz gəlir, peyin daşıyacağıq. Vaxt tapan kimi də dərslə məşğul olurduq. Dediyim odu ki, başımız zəhmətə qarışırdı. Həm də elə qəribə nizam-intizam içində yaşayırdıq ki, daha əlavə vaxt ayırıb təlim-tərbiyə keçməyə ehtiyac da yox idi.

 

 

- Uşaqlıqda çoxmu dəcəl olmusunuz?

- Bəli. Evin sonbeşiyi olduğumdan mənə söz deyən yox idi. Həm də elə bir iş buyuran da olmurdu. Çox gec dil açmağım da "işimə yarayıb", xətrimə dəyməyiblər. 6 yaşımda ikən hələ normal danışa bilmirdim. Ümumiyyətlə, həyatda yazılmamış qaydalardan biri də budu ki, evin kiçiyinin nadincliyinə həmişə dözürlər. Hətta qardaş-bacım da mənə heç nə demirdilər. Amma onu da deyim ki, valideynlərimiz bizə heç vaxt əl qaldırmayıb.

 

- Yazı yazmağa meyl sizdə nə vaxtdan yaranıb?

- Uşaqlıqdan buna marağım vardı. Qəzet məni daha çox özünə çəkirdi. Yadıma gəlir, məktəb vaxtı bir pyes yazmışdım. Onu heç çap da etdirməmişəm. Lakin əvvəldən yazmaq istəyində olmuşam. Hərçənd hansı sahəni seçmək məsələsinə insan müəyyən vaxt keçdikdən sonra qərar verir. Bir müddət uşaqlarım da deyirdi ki, ata, hansı sahəyə gedək. Deyirdim, tələsməyin, vaxt gələcək, bu suala özünüz cavab verəcəksiniz. Belə də oldu. Hər insan öz sahəsini tapmalıdı. Əks təqdirdə çətin olur. Çünki həyat alışıb-yanmaq üçündü.

 

- Hər bir insan üçün tələbəlik illəri tam fərqli dönəmdi. O vaxtlar yadınızda necə qalıb?

- 1985-ci ildə hərbi xidməti başa vurub qayıtdım. Bir az gec döndüyümdən instituta sənəd verə bilməmişdim. Açığı, o vaxt tələbələri görəndə düşünürdüm ki, nə xoşbəxt insanlardı. Tələbə olmaq həsrəti ilə yaşamayan gənc görməmişəm. Çünki tələbəlik illəri gəncliyin ən böyük arzularının cəmləşdiyi andı.

 

- O dövrlər kifayət qədər yaxşı müəllimləriniz olub...

- Tamamilə doğrudu. Nəsir İmanquliyev, Famil Mehdi, Şirməmməd Hüseynli, Əliş Nəbili, Tofiq Rüstəmov, Nəriman Zeynalov, Akif Rüstəmov, Cahangir Məmmədli kimi insanlar bizə dərs deyib. Onların hər bir hərəkəti, insanlara münasibəti, müsahibini dinləməyi bizim üçün böyük dərs idi. Yeri gəlmişkən, o gün arxivimə baxırdım. Mənim diplom işim barədə professor Famil Mehdi rəy yazıb. Sonuncu cümlə isə belədi: "Mikayıl Quluyevin diplom işi yetərli bir jurnalistin qələm məhsulu kimi yüksək qiymətə layiqdi".

 

 

- Rayon mühitindən gəlib Bakıya düşdünüz. Sizə çətin olmadı ki?

- Açığı, mən uşaqlıqdan tez-tez Bakıya gəlib-gedirdim. Ancaq birdən-birə qaynar həyata düşmək heç də asan deyildi. O illər haqqında düşünəndə yadıma “Abşeron” romanı düşür. Bakıya ilk dəfə gələn gənc görür ki, 3 nömrəli tramvay gedir. Qısa müddət sonra eyni nömrəli tramvay gələndə təəccüblənir ki, bu nə tez qayıtdı. Mənim şəhərə alışmağımda qardaş-bacılarımın böyük rolu oldu.

 

- Çap olunan ilk yazınız hansı olub?

- İlk yazım rayon qəzetində dərc olunub. Onları saxlayırdım, xüsusi arxivim vardı. Təəssüf ki, müharibə dövründə öz şəxsi arxivimi Zəngilandan götürə bilmədim. 1985-ci ildən başlayaraq, bir çox qəzetlərdə çap olunurdum və o vaxt üçün də yaxşı qonorar alırdım.

 

- Qonorar demişkən, ilk maaşınızı alanda nə etdiniz?

- Onda çox sevinmişdim, axı zəhmətimin bəhrəsini görürdüm. Bilirsiniz, o vaxt bütün yük qardaş-bacımın üzərinə düşmüşdü. Kirayə pulunu da çətinliklə verirdilər. Onlar da gözləyirdilər ki, görəsən Mikayıl ilk maaşını alanda nə edəcək? Bir qutu şokolad almışdım. Qalan maaşımı qutuyla birlikdə stolun üstünə qoydum.

 

- Sizin Azərbaycanın müstəqil olmaq arzusu nə vaxtdan başlayır?

- İndiki Bakı Dövlət Universitetinin - o vaxt Azərbaycan Dövlət Universiteti adlanırdı və respublikada yeganə universitet idi - jurnalistika fakültəsində demokratik mühit vardı. Hələ Qarabağ məsələləri başlamamışdan əvvəl biz artıq bu yöndə müxtəlif söhbətlər edirdik. Yeri gəlmişkən, onu da deyim ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqil olması haqqında bəyannamə imzalananda mən də parlament müxbiri kimi Milli Məclisdə (o vaxt Ali Sovet adlanırdı) idim. Hətta iclasdan çıxandan sonra bir tarixi şəkil də çəkdirmişik.

 

- Sizin doğulub, boya-başa çatdığınız Zəngilana gedə bilməməyiniz necə bir duyğudu?

- Hər bir insan doğulduğu yerdən mənəvi güc alır. Lakin qaçqın bu gücü ala bilmədiyindən onların hər birinin ürəyində sağalmaz yara var. Respublikamızın bütün bölgələrini, dünyanın isə bir çox ölkələrini gəzmişəm. Lakin doğulduğum, ilk addımlarını atdığım, ağacına, koluna, daşına həsrət qaldığım o torpaq qədər məni cəlb edən yer görməmişəm.

 

- İnsan uşaq olanda deyir atam hər şeyi bilir. Bir az böyüyəndə fikirləşir ki, yox, o, deyəsən hər şeyi bilmir. Orta yaşa çatanda deyir ki, atam heç nə bilmir. Özü yaşlaşanda isə atam hər şeyi bilirdi deyir...

- Bilirsiniz, hər bir insan ata-anasına hörmət etməli, onların sözlərini dinləməlidi. Lakin özlərində müstəqil fikir və baxış formalaşdıra bilməsələr cəmiyyətin inkişafından geri qala bilərlər. Bu, yazılmamış, lakin dəfələrlə özünü real surətdə göstərmiş bir qaydadı. Mən indi övladlarımdan da müəyyən şeylər öyrənirəm.

 

- Siz valideynlərinizi itirmisiniz...

- Bu çox ağrılı yerimdi. Ömrüm boyu çalışmışam ki, onlara layiqli övlad olum. Məni böyüdən, əziyyətimi çəkən, bir insan kimi cəmiyyətə çıxmağında müstəsna rol oynayan valideynlərimin yeri qəlbimdə əbədidi. Həmişə uşaqlarımla birlikdə valideynlərimin məzarını mütəmadi olaraq ziyarət edirəm. Hətta qəbirlərinin yanında onların sağlığında olduğu kimi özümü düzəldirəm. Məzarları qarşısında durursan, baxıram ki, başdaşı üstündəki şəkilləri hər kəsə baxır. Bunun özü də qəribə haldı. Hər bir insan bütün varlığıyla valideyninə borcludu.

 

- İnsan üçün ən ağrılı məqam valideynini itirməkdirsə, sevincli anı övladının dünyaya gəlməsidi. O anlar yadınızda necə qalıb?

- Bu təkzibolunmaz haldı. Onların hər biri mənim üçün sevincli andı. Uşaqların yavaş-yavaş inkişaf etməsi hər bir valideyn üçün qürur mənbəyidi. Məndə həmişə işimlə bağlı vaxt məsələsi problem olub. Övladım dünyaya gələndən bir gün sonra xaricə getməli olmuşam. Bir dəfə şənbə günü yemək yeyəndə uşaqlar gəlib başıma yığışdılar. Sən demə, bunlar çoxdandı mənim yemək yediyimi görmürlərmiş. Düşünürdülər ki, görəsən atamız necə yemək yeyir (gülür).

 

- Xoşbəxtlik anlarla olur. Sizin üçün o anlar nə vaxt olub?

- Valideynlərimi sevindirdiyim anlar. Çünki övladın hər bir uğuru valideynin qazancıdı. Bu gün də onların ruhunu şad edə bilirəmsə, deməli xoşbəxtəm. Övladlarımın xoş anlarında da o hissləri keçirirəm.

 

- Sizin ad gününüz çox maraqlı tarixə düşüb. Martın 8-də sizə zəng edib təbrik edən olubmu?

- (gülür) Məktəbdə oxuyanda bununla bağlı çox zarafat edirdilər. Mənə də 8 martda təbriklər yazırdılar. Bir dəfə doğum sənədimə baxanda gördüm ki, sən demə, ad günüm martın 9-dadı. Valideynlərim ad günümü istirahət günündə keçirmək üçün martın 8-də qeyd edirdilər. İndi də tarix yox, ənənə qalıb.

 

- Sizə maraqlı nə hədiyyə alınıb?

- Ən maraqlı hədiyyəni qardaşım alıb. Bir böyük qutu idi. Açdıq, açdıq, axırda içindən çaxıraçan çıxdı.

 

- Arzularıma çatdım deyəcək qədər xoşbəxtsinizmi?

- Mümkün deyil. Çətin ki, bütün arzularına çatasan. Mənim də hələ istədiyim, çatmadığım arzular var.

 

- 50 illik ömrünüzü bir cümlə ilə necə xarakterizə edərdiniz?

- İnsan yüksələndə qürrələnməməli, ağır günündə acizləşməməlidi.

 

0