[b]Böyükağa Hacıyev: Ona 1 ana, 4 bacı lazımdı ki...[/b]
11.03.2015 - 12:32
[b]Böyükağa Hacıyev: Ona 1 ana, 4 bacı lazımdı ki...[/b]

“Arada söz-söhbət yayılmışdı ki, “Neftçi”də maaşlar verilmir. Bildiyim qədərilə, Sadıq Sadıqov bu problemi həll edib. Qalır futbol oynamaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev deyib.

 

“Neftçi”də tarixi nəticəyə imza atan təcrübəli çalışdırıcı sabiq komandasının hazırkı durumunu dəyərləndirib. Hacıyevin fikrincə, “ağ-qaralar”ın indiki heyəti daha güclüdü: “Demək olar ki, həmin heyətdi. Zəifləməyib, əksinə mən çalışdığım dövrlə müqayisədə güclənib. Çünki komandaya Rəhman Hacıyev, Əziz Quliyev kimi yeni futbolçular cəlb olunub. Belə baxanda, çatışmayan cəhət yoxdu. Mən o komandadan uzağam, “Neftçi”nin problemlərini baş məşqçi Arif Əsədov daha yaxşı bilər. Amma bu komandanın baxımlı futbol oynamadığını düşünənlər var. Fərq göz qabağındadı. Hər məşqçinin öz futbol fəlsəfəsi olur. Görünür, mənim fəlsəfəmlə Arif müəllimin fəlsəfəsi arasındakı fərq böyükdü”.

 

Legioner məşqçilərin qənimi kimi tanınan Hacıyev “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk haqda da fikirlərini bölüşüb: “Ona 1 ana, 4 bacı lazımdı ki, qabağına qoyub ağlasın. Qriqorçukun gətirdiyi futbolçuların heç birini bəyənmirəm. Görünən kəndə nə bələdçi? “Simurq” kubokda bu komandanı “sındırdı”. 0:3 hesablı məğlubiyyətin əvəzini çıxacaqlarına inanmıram. Çempionatda da işləri yaxşı getmir”.

 

Təcrübəli mütəxəssis söhbət əsnasında Azərbaycan çempionatının səviyyəsinin aşağı düşdüyünü qeyd edib: “Çempionatın səviyyəsini 2 il əvvəllə müqayisə etmək olmaz. Çünki onda daha gərgin liqa keçirilirdi. İki il əvvəl çempionluğa 5-6 komanda oynayırdısa, indi onların sayı azalıb. Bunun digər səbəbi sponsorların geri çəkilməsidi”.

 

Tengiz MƏMMƏDOV

 

 

0