[b]Bəhram Bağırzadə: Kopperfild də olsam, bunu bacara bilmərəm[/b]
01.04.2015 - 18:53
[b]Bəhram Bağırzadə: Kopperfild də olsam, bunu bacara bilmərəm[/b]

"Mən həmişə KVN-i futbolla müqayisə edirəm. "Parni iz Baku" komandasının 20-ci əsrin çempionu adını qazanması üçün təqribən 10 il vaxt lazım oldu. Hazırda "Neftçi"nin Müşahidə Şurasının üzvüyəm. Bizə ən azı 1-2 il vaxt lazımdı". Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə deyib.

 

"Neftçi" - "Bakı" matçının fasiləsində jurnalistlərin suallarını cavablandıran tanınmış aktyor və rejissor vaxta ehtiyaclarının olduğunu bildirib: "Bu gün yalandan durub desəm ki, sabahdan 12 min tamaşaçı "Neftçi"nin oyunlarında stadionu dolduracaq və yaxud klub hansısa Avropa kubokunu götürəcək, düz çıxmaz. Bunun üçün çalışmaq lazımdı. Birinci növbədə, bizə siz jurnalistlər kömək etməlisiz. Hamı bir yerdə, əlbir olmalıyıq ki, hansısa nəticəni əldə edək. İstər rəssam, istər bəstəkar, istərsə də heykəltəraş və aktyor olsun, onları üzə çıxaran jurnalistlərdi. Jurnalistlər olmasa, heç vaxt həmin peşə sahiblərini tanımaz".

 

Bağırzadənin fikrincə, azarkeş toplamaq üçün ilk növbədə, oyunların günü və başlama saatlarına diqqət yetirilməlidi: "Düzdü, bu mənim səlahiyyətimdə deyil. Ancaq öz fikrimi futbol federasiyasına söyləyəcəm. Ən azı, oyunların vaxtını dəyişməlidilər. Çərşənbə günü, saat 17:00-da futbol olmamalıdı. O qədər azarkeş var ki, onlar bu vaxt işdə olurlar. Orta məktəbdə dərs deyən müəllim futbol azarkeşi olsa belə, tələbələrini, şagirdlərini qoyub necə futbola baxmağa gəlsin? Və yaxud neftçilər, polislər, memarlar, metro işçiləri. Axı iş vaxtı heç bir vətəndaş öz işini qoyub gələ bilməz. Necə ki, İngiltərədə, İspaniyada, Almaniyada oyunlar şənbə və bazar günləri keçirilir, bizdə də elə olmalıdı. Xaricilər buna "uik-end" deyirlər. Əgər biz doğrudan da Avropa standardlarına uyğun yaşamaq və futbolumu inkişaf etdirmək istəyiriksə, bunu etməliyik. Başqa cür yolunu mən görmürəm. Vaxtını dəyişəndən sonra artıq KVN, şoumen kimi bilirəm ki, insanları stadiona necə cəlb etmək olar? Çünki mən psixologiyanı bir balaca da olsa, bilirəm. Həftənin 3-cü günü, günorta saat 5-də insanları stadiona gətirmək mümkün deyil. Mən Kopperfild də olsam, bunu bacara bilmərəm ki, həftəiçi "Baksell Arena"ya 12 min azarkeş gəlsin".

 

Bağırzadə ilkin mərhələdə stadiona 3-5 min azarkeşi gətirməyin mümkün olduğunu vurğulayıb: "Əvvəlcə 3-5 min azarkeş yığmaq olar. Mən o siqmenti bilirəm ki, hansı insanlar bura gələ bilərlər. Sadəcə, onları cəlb etmək üçün nəsə fikirləşmək lazımdı. Lotereya variantını deməzdim. Amma başqa cür mümkündü. KVN-in gücü onda idi ki, 20-30 nəfər hamı eyni cür düşünürdü. Əgər mənim ətrafımda elə bir komanda olsa, yaxşı olacaq. Söhbət futboldan getmir, azarkeşlər və şoudan gedir. İnanın ki, onda istəyimi həyata keçirəcəm. Mən klubda futbol işlərinə qarışmıram. Çingiz Abdullayev də dünən dedi ki, bizim işimiz bu deyil, futbol məsələləri üçün peşəkarlar var".

 

Tengiz MƏMMƏDOV

0