“Çaşan futbolçunu boynumuza mindirməliyik?” - Samir Abasov
17.04.2015 - 15:09
“Çaşan futbolçunu boynumuza mindirməliyik?”  - Samir Abasov

“Nə olsun ki, kimsə millinin futbolçusudu. Əgər çaşırsa, özünü pis aparırsa, onu boynumuza mindirməliyik, yoxsa cəzalandırıb yerini göstərməliyik?” Bunu apasport.az saytına “Sumqayıt”ın əvəzedici heyətinin baş məşqçisi Samir Abasov deyib.

 

“Sumqayıt”da qapıçı Andrey Popoviçin intizamsızlığa, hücumçu Orxan Əliyevin isə zəif çıxışa görə əvəzedici heyətə göndərilməsinə münasibət bildirən Abasov onlara qarşı hələ insaflı davranıldığını düşünür: “Orxan Əliyev icarə əsasında gəlsə də, beşinin üstünə on da qoyub oynamalıdı ki, sabah “Xəzər Lənkəran”a qayıda bilsin, heç olmasa “Sumqayıt” onu saxlasın. Bunu eləmirsə, məşqçi də bir tədbir görməlidi də. Şəxsən mən baş məşqçi olsaydım, bəlkə də, onları birdəfəlik qovardım. Heç əvəzedicidə oynamalarına icazə verməzdim ki, orda da hansısa gəncin yerini tutmasınlar. Sevinsinlər ki, onları komandadan uzaqlaşdırmayıblar. Onlara qarşı hələ insanlıq ediblər ki, bala, get əvəzedicidə özünə gəl, formaya düş, qayıt. Pərdis Fərcad-Azad gəlib 1-2 oyunu normal keçirdi, dərhal əsas komandaya qaytardılar”.

 

Abasov, xüsusən də, Orxan Əliyevdən narazılıq bildirib: “Popoviçin nəyə görə əvəzedici heyətə göndərildiyini tam bilmirəm. Bizim əvəzedici komandamızda, onsuz da, qapıçı problemi var idi. Orxan Əliyevi isə sırf zəif çıxışına görə göndəriblər. Mən əsas komandamızın, demək olar ki, bütün oyunlarını izləyirəm. Orxan son matçlarda, xüsusən də, “Bakı” ilə görüşdə çox zəif oynayıb. Belə vəziyyətdə olan futbolçu ilə bağlı bir tədbir mütləq görülməlidi. Orxanın hələ özünə yaxşılıq edib bizim komandaya göndəriblər. Bu, onlar üçün yüngül cəza növüdü”.

 

Həm Orxan Əliyev, həm də Andrey Popoviç “Sumqayıt”ın əvəzedici komandasının heyətində dünən AZAL-a (1:1) qarşı çıxış edib və hətta Əliyev bərabərlik qolunun da müəllifi olub. Baş məşqçi hər ikisinin dünənki oyunundan razı qaldığını deyib: “Dünən hər ikisinə 90 dəqiqə şans verdim. Sağ olsunlar, canla-başla oynadılar, komandaya lazımi köməkliyi etdilər. Adətən futbolçu əvəzediciyə göndəriləndə həvəssiz olur. Amma görürəm ki, onlar daha çox çalışırlar. Əsas komandadan gəlsələr də, əvəzedicilərin uşaqları ilə eyni yaşda olduqlarından, ünsiyyət problemləri də olmur”.

 

Gənc çalışdırıcı yüksək maaş alan əcnəbilərin əvəzediciyə göndərilməsini doğru addım saymır: “Nizam-intizama, zəif çıxışa görə yerli oyunçunu əvəzediciyə göndərmək təcrübəsi bütün dünyada var. Amma böyük pullar verilib gətirilən əcnəbilərin əvəzediciyə göndərilməsini başa düşə bilmirəm. Məncə, bununla bağlı başqa variant düşünmək lazımdı”.

 

Əvəzedicilərin çalışdırıcısı hesab edir ki, onların işi elita komandalarının baş məşqçilərindən çətindi: “Dubl”da işləmək sizə asan gəlməsin. Bizdə hamısı öz uşaqlarımız olur. Bu yaxınlarda “Qarabağ”la qarşılaşırdıq. Rəqibin heyətində Danilo Dias, Tərlan Quliyev, Şəhriyar Əliyev kimi əsas heyətin oyunçuları var idi. Belə futbolçular üçün formaya düşmək və özünəinam qazanmaq üçün əvəzedicilərdə oynamaq çox əlverişlidi. Təbii ki, “dubl”da da problemlər ortaya çıxır. İndi 6-7 nəfərin əsgərlik məsələsi var. İşini görursən, heyətini müəyyənləşdirirsən, sonradan problem yaranır. Məsələn, dünən oyuna gedirdik, hətta məktəb direktorları zəng vurub deyirlər ki, 2 uşağın imtahanıdı, gələ bilməyəcəklər. “Yox” da deyə bilmirsən, çünki uşağın gələcəyi var, imtahanda iştirak etməlidi. Əvəzedicidə işləməyin belə çətinlikləri var. Artıq 1999-cu il təvəllüdlü bir neçə futbolçunu akademiyadan əvəzediciyə sifariş vermişik. Axırıncı haqq-hesablardan sonra qərara alınıb ki, uşaq futbolunu, əvəzediciləri daha da gücləndirək. İşlər də bu yöndə gedir”.

 

Ruslan SADIQOV

0