[b]Elvin Yunuszadə: ...Topaz Premyer Liqasına diqqətimiz azalıb[/b]
18.04.2015 - 13:04
[b]Elvin Yunuszadə: ...Topaz Premyer Liqasına diqqətimiz azalıb[/b]

“Bu oyunu unutmalı, qarşıdakı qarşılaşmalara baxmalıyıq. Məğlubiyyət üzücüdü, amma artıq görüş başa çatıb və bu, baş verib”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə deyib.

 

Topaz Premyer Liqasının XXX turu çərçivəsində “Qəbələ” ilə qarşılaşan “Neftçi” doğma meydanda məğlub olub. Fasilədən sonra vurduğu 2 qol sayəsində 3:1 hesabı ilə qələbə qazanan qonaqlar bununla revanş da alıblar.

 

Oyun haqda danışan müdafiəçi qapıçı Saşa Stamenkoviçin kobud səhvə yol verməsinə münasibət bildirib: “Komandamızda 2 güclü qapıçı var. Aqil Məmmədovun yeri başqadı, Saşa Stamenkoviçin yeri bir başqa. Səhvə gəldikdə, bəyəm bu günə qədər hansımız buna yol verməmişik? Sadəcə, bu məqamda ona dəstək olmalıyıq ki, o, eniş yaşamasın. Məğlub olduqsa, komanda uduzdu. Bunu yalnız qapıçımız Saşanın ayağına yazmaq düzgün deyil”.

 

Yunuszadə qapıçı dəyişikliyinin baş məşqçinin qərarı olduğunu, bununla bağlı konkret səbəb deyə bilməyəcəyini açıqlayıb: “Heyəti baş məşqçi qurur. Onun qərarına da hörmətlə yanaşmaq lazımdı. Belə qərar veribsə, bunu müzakirə etmək olmaz”.

 

Müdafiəçi rəqibin ikinci qolundan sonra meydanda yaşanan gərginliklə bağlı da danışıb: “Hər iki komanda qələbə qazanmaq istəyirdi. Belə olan halda gərginliyin yaranması da başa düşüləndi. Meydanda olan orda da qalır, onu kənara çıxarmaq düzgün deyil. Bu həm də oyunun əhəmiyyətini ortaya qoymuş olur”.

 

Sonda futbolçu hər iki cəbhədə - kubokda və çempionatda sona qədər mübarizə aparmağı düşündüklərini qeyd edib: “Biz ölkə kubokunda hələ heç nəyi təmin etməmişik. Avrokuboklara getmək üçün hər iki cəbhədə mübarizəni sona qədər aparmalıyıq. İndi heç kim deyə bilməz ki, ölkə kubokunu düşündüyümüzə görə Topaz Premyer Liqasına diqqətimiz azalıb. Qətiyyən belə deyil. Onu da deyim ki, bu yenilgi psixoloji durumumuzu pozmayacaq. Düzdü, çətin olacaq, amma baş məşqçimizin dəstəyi ilə “İnter”lə cavab oyununa yaxşı hazırlaşacağıq”.

0