[b]Bir ayağı Avropada olanlar...[/b]
24.04.2015 - 11:09
[b]Bir ayağı Avropada olanlar...[/b]

Topaz Premyer Liqasının sabah keçiriləcək XXXI turunun oyunlarının nəticəsi turnir cədvəlində bəzi məqamlara aydınlıq gətirə bilər. Apasport.az saytının məlumatına görə, avrokuboklara vəsiqə və ilk “üçlük”dəki yerini təmin edən çempionatın lideri “Qarabağ” “Neftçi”yə uduzmasa, mövsümü ən azı 2-ci pillədə bitirəcəyini rəsmiləşdirəcək.

 

Paytaxt təmsilçisi üçün istənilən xal itkisi çempion tituluna olan nəzəri şanslarının da bitməsi ilə nəticələnəcək.

 

“Qarabağ”ın qızıl medalların təmin etməsi isə bu tur mümkün olmayacaq. Ağdamlılar bunun üçün ən azı növbəti turu gözləməlidi.

 

Əvəzində qitə miqyaslı turnirlərə daha iki vəsiqənin sahibi müəyyənləşə bilər. Hələlik avrokuboklardakı təmsilçilərimizdən ikisi müəyyənləşib. Bunlar Çempionlar Liqası və ya Avropa Liqasında oynayacaq “Qarabağ” və Gənclər Liqasına yollanacaq “Rəvan”ın U-19 komandasıdı.

 

Sabah “İnter”lə “Neftçi” də Avropaya vəsiqəni təmin edə bilər. Bir ayağı avrokubokda olan “bankirlər” bunun üçün AZAL-la qarşılaşmada 1 xal götürməlidi. Əgər “Simurq” Sumqayıtda eyniadlı komanda ilə görüşdə xal itirsə, “İnter” paytaxt derbisinin nəticəsindən asılı olmayaraq, minimum Avropa Liqasına yollanacaq.

 

Bununla, ilk “dördlük”də yerini təmin edən “İnter”in mövsümü mükafatla bitirməməyi də nəzəri cəhətdən mümkün olacaq. “Bankirlər” medallardan birini rəsmiləşdirmək üçün növbəti matçları gözləməyə məcburdu.

 

“Neftçi”nin avrokuboklara vəsiqəni sabah təmin etməsi üçün nisbətən çətin şərtlər tələb olunur. Bunun üçün bakılılar “Qarabağ”ın məğlub etməli, “Simurq” isə Sumqayıtda xal itirməlidi. Əgər zaqatalalılar məğlub olsa, “Neftçi”yə 1 xal da kifayət edəcək. “Simurq”un qələbəsi isə paytaxt təmsilçisini növbəti turu gözləməyə vadar edəcək.

 

“Qəbələ” isə ilk “beşlik”də yerini təmin edə bilər. Əyalət klubu səfərdə “Xəzər Lənkəran”a qalib gəlsə, AZAL isə “İnter”dən xala ala bilməsə, Roman Qriqorçukun yetirmələri “təyyarəçilər” üçün əlçatmaz olacaq. “Qırmızı-qaralar” da ən yaxşı halda, növbəti turda avrokubok vəzifəsini rəsmiləşdirə bilər.

 

0