[b]“Gizlətməyəcəm, çox təəccübləndim”[/b] - Dmitri Bezotosnı
04.05.2015 - 13:22
[b]“Gizlətməyəcəm, çox təəccübləndim”[/b] - Dmitri Bezotosnı

“Qəbələ”nin ukraynalı qapıçısı Dmitri Bezotosnının apasport.az saytına müsahibəsi

 

- 8 oyunluq qələbə seriyanız “Qarabağ”la görüşdə qırıldı. Bu görüşdə də qalib gəlməyinizə nə mane oldu?

- İki güclü komanda üz-üzə gəldi və həm “Qarabağ”, həm də biz baxımlı oyun göstərdik. Düşünürəm ki, stadiona bizi dəstəkləməyə gələn azarkeşlərimizə məhz bu cür futbol lazımdı. Meydana çıxanda ilk növbədə, yaxşı oyun göstərməyə, daha sonra isə nəticə əldə etməyə çalışırıq. Bilirdik ki, azarkeşlərimiz bizdən qələbə gözləyirlər. Meydana da məhz bunun üçün çıxmışdıq. “Qarabağ” kimi komandaya qarşı oyunda çoxlu qol vəziyyəti yaratdıq. Lakin onlardan maksimum yararlana bilmədik.

 

- “Qarabağ”ın Azərbaycanın ən güclü komandası adlandırılması ilə razısızmı?

- Artıq sözə nə ehtiyac var ki? Hər şeyi turnir cədvəli izah edir. Birinci pillədə olması onu göstərir ki, “Qarabağ” hazırkı məqamda çempionatdakı bütün komandalardan güclüdü.

 

- Roman Qriqorçuk saytımıza müsahibəsində uğurlu nəticələrə rəğmən, hələ də “Qəbələ”nin onun istədiyi futbolu tam göstərə bilmədiyini demişdi. Sizcə də komanda bundan yaxşı oyun nümayiş etdirməyə qadirdimi?

- Futbolda əldə etdiklərinlə kifayətlənməməlisən. Məncə, daha da yaxşı oynaya bilərik.

 

- Hazırkı heyətlə “Qəbələ” Avrokubokda uğurlu çıxış edə bilərmi?

- Sabah başımıza nə gələcəyini heç kim bilmir. Gəlin, Avrokubokda nə olacağını indidən müzakirə etməyək. Hələ bilmirəm ki, komandada qalacam, ya yox. “Qəbələ”nin Avrokubokda hansı heyətlə mübarizə aparacağı da bəlli deyil. Bizi hazırkı məqamda növbəti oyun düşündürür, Avrokubok yox. Fikirləşirik ki, “Sumqayıt”la görüşdə də yaxşı oynamaq lazımdı. Hələ mövsüm başa çatmayıb. Üçüncü olmaq şansımız da var. İndi bu barədə düşünməliyik.

 

- Azərbaycan çempionatının səviyyəsi haqda hansı fikirdəsiz?

- Çox təəccübləndim. Gizlətməyəcəm, Azərbaycan çempionatının bu cür səviyyəli olduğunu gözləmirdim. Təəccübləndim ki, çempionatınızda bu qədər yüksək səviyyəli futbolçular çıxış edirlər. Bu durum məni sevindirir.

 

- Azərbaycanda bir neçə hücumçuya qarşı oynamısız. Kimi ən təhlükəli forvard hesab edirsiz?

- Bilmirəm (gülür). Elə komandalar var ki, onlarda hücumçular yox, yarımmüdafiəçi və müdafiəçilər qol vururlar. Ümumiyyətlə, komanda təkcə hücumçudan asılı olmamalıdı. Əgər komanda deyiriksə, deməli, kollektiv oyunu göstərmək lazımdı. Hücumçu təkbaşına, yəni yarımmüdafiəçi, müdafiəçi və qapıçının köməyi olmadan heç nə edə bilməz. Buna görə də, ayrı-seçkilik etmək istəmirəm. Amma razıyam ki, hücumçunun işi qol vurmaqdı.

 

- “Qəbələ” ilə müqavilənizin müddəti mövsümün sonunda başa çatır. Komandadakı gələcək taleyinizi müəyyənləşdirmisizmi?

- Xeyr, müəyyənləşdirməmişəm. Rəhbərliklə bu barədə hələ danışığımız olmayıb. Yəqin ki, mövsümün sonunda bu məsələni müzakirə edəcəyik.

 

Tengiz MƏMMƏDOV

0