Olimpiya çempionumuz mundiala başqa bayraq altında qatılacaq
19.11.2015 - 10:23
Olimpiya çempionumuz mundiala başqa bayraq altında qatılacaq

Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun yığmamızda çıxış etməyəcəyi ABŞ-da keçiriləcək dünya çempionatında rəsmiləşəcək. Apasport.az saytının məlumatına görə, 22 yaşlı Olimpiya çempionumuz sabah Hyustonda start götürəcək mundialda Qazaxıstan adından ilk rəsmi yarışa çıxacaq.

 

Belə ki, 2014-cü ilin fevralında millimizdən imtina edən atlet diskvalifikasiya və vətəndaşlığını dəyişməsi səbəbindən podiuma çıxa bilmirdi. Lakin artıq bütün problemlər arxada qaldığından, o Qazaxıstan yığmasının şərəfini qorumağa başlayacaq. Perspektivli idmançılarımızdan sayılan Rəhimova yeni komandasında da ümidlər böyükdü. Hətta Qazaxıstan millisinin baş məşqçisi Aleksey Ni də Nicatdan uğur gözlədiyini gizlətməyib və 8 nəfərlik heyətdə ona etimad göstərib. Həmyerlimiz sabiq postsovet ölkəsinin millisində 77 kq çəki dərəcəsində özünü sübut etməyə çalışacaq.

 

Qeyd edək ki, Rəhimov 2010-cu il Yeniyetmələrin Sinqapur Yay Olimpiya Oyunlarında və elə həmin il Avropa çempionatında qızıl medal qazanıb. Onun millimizdən imtinasında isə legionerlərlə müqayisədə kölgədə qalması, komandanın əsas heyətində yer almaması rol oynayıb.

0