Rusiya çempionatının lideri Türkiyədən imtina edib, Azərbaycana gəlir
30.11.2015 - 10:09
Rusiya çempionatının lideri Türkiyədən imtina edib, Azərbaycana gəlir

Rusiyanın “Proton” voleybol klubu qış hazırlıq fasiləsində dəyişiklik edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Anastasiya Qurbanovanın da heyətində yer aldığı Saratov təmsilçisi Türkiyə səfərini təxirə salıb.

 

Komandanın baş məşqçisi Roman Kukuşkin bildirib ki, məlum səbəblərdən İstanbulda baş tutmalı olan beynəlxalq rutnirdən rəsmən imtina ediblər. Təcrübəli mütəxəssis bildirib ki, Türkiyəni Azərbaycan əvəz edə bilər: “Ola bilər ki, Bakıda yerli klublarla qarşılaşaq. Biz daha çox bu varianta meyilliyik. Orada mini turnirin keçirilməsi ilə bağlı danışıqlar aparırıq. Hər halda, qonşu ölkədi və orada rus dili ilə bağlı problem də yoxdu. Bu ölkənin komandaları Çempionlar Liqasında oynayır. Rəqabət üçün uğurlu seçim olar. Biz beynəlxalq səviyyədə olan bu komandalardan yaxşı təcrübə qazanacağıq. Azərbaycanın ən yaxşı klubları bir şəhərdə - Bakıda cəmləşib. Onların hamısı ilə oynamaq rahat olacaq”.

 

Qeyd edək ki, yeni mövsümdə Çempionlar Liqasında oynamağı planlaşdıran “Proton” Rusiya Superliqasında 5 turda xal itirməyib və 15 xalla liderdi. 

0