[b]“Bu, çox cılız, ucuz hərəkət idi” – “Xəzər Lənkəran” rəsmisi[/b]
08.02.2016 - 17:45
[b]“Bu, çox cılız, ucuz hərəkət idi” – “Xəzər Lənkəran” rəsmisi[/b]

“Avroliqa oyunlarında yüzlərlə lənkəranlı azarkeşin “Qarabağ”a dəstək olduğunu şəxsən özüm görmüşəm. Bunun müqabilində “Qarabağ” azarkeşlərinin “Xəzər Lənkəran”a qarşı o cür davranışı xoş olmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.

 

Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilmiş “Qarabağ” – “Xəzər Lənkəran” oyunu (3:0) xoşagəlməz hadisə ilə yadda qaldıb.

 

Belə ki, Ağdam təmsilçisinin bir qrup azarkeşi matçın gedişində meydana cənub bölgəsində yetişən sitrus meyvələrdən olan limon atıblar. Onların bu hərəkəti lənkəranlı azarkeşlər tərəfindən pis qarşılanıb. Bunu “İmarət” Fan-klubunun öz üzərinə götürməsi isə onların hiddətinə səbəb olub.

 

Məsələ ilə bağlı danışan Cəbrayıloğlu bildirib ki, bu hadisə xoşagəlməz sonluqla nəticələnə bilər: “Əvvəl elə bildik ki, bu, 1-2 nəfərin düşünülmüş və ya düşünülməmiş hərəkətidi. Dünən isə aydın oldu ki, “İmarət” Fan-klubu həmin məsələni öz üzərinə götürüb. Təbii ki, xoş görüntü yaratmadı. Bu, çox cılız, ucuz hərəkət idi. Azarkeşlər arasında həmişə söz, fanatlıq davası olub. Amma birinci dəfə idi ki, azarkeşlərdən bu cür iyrənc hərəkət gördük. Belə olmasını istəməzdik. Bu məsələ sosial şəbəkədə də ciddi şəkildə müzakirə olunur”.

 

“Xəzər Lənkəran” rəsmisi qeyd edib ki, intriqanın böyüməməyi üçün “Qarabağ” rəhbərliyi ən tez zamanda addım atmalıdı: “Sosial şəbəkədəki müzakirələr təhlükəli görüntü yaradır. Bunun sonu yaxşı nəticələnməyə bilər. Odu ki, addım atmaq lazımdı. Həmin addım da “Qarabağ” rəhbərliyindən gəlməlidi. Çox gözəl olardı ki, özləri feysbukdakı müzakirələri izləsinlər və qərar versinlər. Artıq iki komandanın azarkeşləri arasında intriqa yaranıb. Təhlükə hara gedib çıxacaq, onu fikirləşsinlər. Vaxtında müdaxilə etmək lazımdı. Bu cür hərəkətləri lənkəranlı azarkeşlər cavabsız qoymurlar. İstəməzdik ki, elə hadisələr yaşansın. Biz bütün oyunların dostluq şəraitində keçməsinin tərəfdarıyıq”.

 

 

 

0