[b]Yığmamızın gözü yenidən Serbiyada: Sonuncu rəqib kim olacaq?[/b]
11.02.2016 - 11:28
[b]Yığmamızın gözü yenidən Serbiyada: Sonuncu rəqib kim olacaq?[/b]

Bu gün Serbiyada futzal üzrə Avropa çempionatının yarımfinal qarşılaşmaları baş tutacaq. Apasport.az saytının məlumatına görə, mübarizəni 1/4 finalda dayandırmasına baxmayaraq, Azərbaycan millisinin diqqəti sabah yenidən bu ölkəyə yönələcək.

 

Fevralın 12-də AVRO-2016-nın final mərhələsində istirahət günü olsa belə, yarışa ev sahibliyi edən Belqradda az önəm kəsb etməyən başqa tədbir keçiriləcək. Serbiya paytaxtı DÇ-2016-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasına şahid olacaq.

 

Mundialda “Köhnə qitə”ni təmsil etməyə iddialı 14 komanda final mərhələsi yolundakı son rəqiblərini tanıyacaq. “Kroun Plaza” otelində təşkil olunacaq püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Tədbir Azərbaycan millisi üçün də böyük önəm kəsb edir. Çünki tarixi ərzində dünya çempionatına yüksəlməyən futzal yığmamız 2-ci dəfə pley-off mərhələsində qüvvəsini sınayacaq.

 

Özünün ilk mundialı üçün son addımı atmalı olan millimiz 4 il öncə Rusiya səddinə ilişmişdi. Həmin vaxt Joze Alesionun baş məşqçisi olduğu komandamız Bakıda 2:3 hesabı ilə uduzduğu rəqiblə Kazanda sülhə imza atıb, Tailanda yollanmaq arzusu ilə vidalaşmışdı.

 

2012-ci ildə dünya çempionatının final mərhələsinə yüksəlmək istəyini 4 illik təxirə salan komandamız bu il sentyabrın 14-dən oktyabrın 2-dək Kolumbiyada təşkil olunacaq mundialın bir addımlığındadı.

 

Püşkatmada yığmamıza daha münasib rəqib düşəcək. Çünki seçmə mərhələdə İsveçi 8:2, Belarusu 7:2 məğlub edib, Xorvatiya ilə heç-heçə edən (4:4) Tino Peresin yetirmələri pley-offa qrup qalibi kimi yüksəlib.

 

Bu isə yığmamıza əlavə iki üstünlük verir. Millimiz pley-offun püşkündə 1-ci səbətdə - qrup qalibləri ilə birlikdə yer alacaq. Qaydalara əsasən, ilk səbətdəki 7 komanda ikinci səbətdəkilərlə görüşəcək. Azərbaycan qrup birincisi olduğundan, son sınaqda ikinci yer sahibi ilə qarşılaşacaq.

 

Bu da hazırda davam edən AVRO-2016-nın yarımfinalçılarından İspaniya, Rusiya, Qazaxıstan, həmçinin 1/4 finalda dayanan Portuqaliya, İtaliya və Ukrayna kimi güclü rəqiblərlə qarşılaşmamağımıza imkan yaradır. Millimizin potensial rəqibləri arasında nisbətən təhlükəlisi Serbiya sayılır. Evdəki qitə çempionatında yarımfinala yüksələn balkanlılar daha çox “doğma divarlar”ın sayəsində buna nail olub. Bu üzdən pley-offda yığmamız üçün keçilməz komanda yoxdu.

 

Üstəlik, millimiz ilk oyunu səfərdə keçirib, həlledici cavab qarşılaşmasına Bakıda çıxacaq. Pley-off oyunları isə martın 22-də və aprelin 12-də keçiriləcək. Qrupda ikinci yeri tutmuş kollektivlər ilk qarşılaşmalara ev sahibliyi edəcəklər.

 

Yeddi qrupun liderləri ilə ikincilərini üz-üzə qoyacaq püşk zamanı eyni qrupda mübarizə aparmış komandalar yenidən bir-birilərinə rəqib ola bilməyəcəklər. Buna görə də Azərbaycan yığması eyni qrupda mübarizə apardığı Belarusla pley off mərhələsində rəqib ola bilməz.

 

Qrup

I yer

II yer

1

Ukrayna

Macarıstan

2

Azərbaycan

Belarus

3

Rusiya

Serbiya

4

İspaniya

Hollandiya

5

Qazaxıstan

Sloveniya

6

Portuqaliya

Polşa

7

İtaliya

Slovakiya

 

0