[b]Samir Abasov saxlamaq istədiyi futbolçuların adlarını açıqladı[/b]
29.04.2016 - 15:07
[b]Samir Abasov saxlamaq istədiyi futbolçuların adlarını açıqladı[/b]

“Komandada kimlərin qalacağını yavaş-yavaş müəyyənləşdirirəm. Son turlardakı oyunlar mənə bu siyahını daha da dəqiqləşdirmək imkanı verəcək”. Bu sözləri apasport.az saytına “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov deyib.

 

Topaz Premyer Liqasının XXXI turunda “Kəpəz”ə məğlub olduqları (2:3) qarşılaşmadan sonrakı mətbuat konfransında “komandada 6 futbolçu qalacaq” deyən Abasov siyahını müəyyənləşdirməyə başlayıb.

 

Gənc mütəxəssis “qara siyahı”dakı futbolçuların transferlərdən asılı olacağını söyləyib: “Oyundan-oyuna kimləri saxlamağın doğru olduğunu müəyyənləşdirirəm. Son turların matçlarına hazırlaşmaqla yanaşı, transfer məsələləri ilə də məşğul oluruq. Maraqlandığımız, danışıq apardığımız futbolçular var. Onların klubları ilə hazırda müqavilə müddətləri davam etdiyindən, adlarını çəkməyim doğru olmaz. “Sumqayıt”dan gedəcək futbolçular da transferlərdən asılıdı. Bəri başdan heyətdəkiləri göndərsək, sonra transferlər də baş tutmasa, o zaman çətin durumda qalarıq”.

 

Abasov “Sumqayıt”ın gələn mövsüm indikindən güclü olacağını da əlavə edib: “Sizə deyim ki, heyətimiz zəifləməyəcək, əksinə, güclənəcək. Bildiyiniz kimi, biz əcnəbi gətirə bilmərik. Çünki klubun strategiyası buna mane olur. Bu üzdən də güclü yerli futbolçular almaq niyyətindəyik. Gənc və ya təcrübəli olmasına fikir verməyəcəyik. Kim yaxşı durumdadısa, bizə kömək etmək iqtidarındadısa, onu da gətirəcəyik. Transfer xatirinə transfer olmayacaq. Yəni hansısa mövqedə boşluq olsa, oranı doldurmaq xatirinə oyunçu almayacağıq”.

 

38 yaşlı çalışdırıcı komandada qalmasını istədiyi bir neçə oyunçunun adını da açıqlayıb: “Amil Yunanov, Kənan Manafov, Nicat Muxtarov kimi bir neçə gənc istisna olmaqla, demək olar ki, qalan bütün oyunçuların klubla anlaşması mövsümün sonuna qədərdi. Təbii ki, gəncləri saxlamaqla yanaşı, bir neçə futbolçu ilə yeni müqavilə imzalamağa çalışacağıq. Məsələn, şəxsən mən Vaqif Cavadov, Səlahət Ağayev kimi oyunçuların komandada qalmasını çox istəyirəm. Mövsüm bitdikdən sonra onlarla söhbətimiz olacaq. Təbii ki, futbolda pul amili də var. Ortaq məxrəcə gələ bilsək, çox yaxşı olar. Onların burda qalmasını kim istəməz? Səlahət komandanın ən önəmli simalarından biridi. Vaqif son vaxtlar yaxşı formaya düşüb. Ancaq yenə də son qərarı onlar özləri verəcəklər”.

 

Ruslan SADIQOV

0