[b]“Reytinq hər zaman özünü doğrultmur” - Fərid Hüseynov[/b]
27.05.2016 - 12:33
[b]“Reytinq hər zaman özünü doğrultmur” - Fərid Hüseynov[/b]

“ShamkirChess2016” turnirinin direktoru Fərid Hüseynov jurnalistlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, o, yarışın əhəmiyyətindən danışıb və iştirakçıların şanslarını dəyərləndirib.

- Şəmkir növbəti dəfə Vüqar Həşimovun xatirə turnirinə ev sahibliyi edir. İlk olaraq yarış haqda fikirlərinizi bilmək istərdik?
- Ardıcıl üçüncü ildi ki, Şəmkirdə Azərbaycanın istedadlı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirə turniri keçirilir. Hər il olduğu kimi bu dəfə də “ShamkirChess 2016”da çox güclü heyət mübarizə aparacaq. “Synergy Group” olaraq yarışın yüksək səviyyədə təşkili, iştirakçıların turnirdən razı qalması üçün bütün lazımi tədbirlər həyata keçirilib. “ShamkirChess2016” adi turnir deyil. Bu həm də artıq gözəl ənənədi. 

- Bu ilki iştirakçılar haqda nə düşünürsünüz?
- “ShamkirChess 2016”da çox güclü şahmatçılar iştirak edir. Dünya çempionluğuna iddialı Sergey Karyakin, istənilən yarışın favoriti göstərilən Fabiano Karuana, Hollandiya təmsilçisi Aniş Giri və digərləri Şəmkirdə maraqlı partiyalar nümayiş etdirəcək. Yeganə xanım iştirakçımız, dünya çempionu Xou Yifanın iştirakçılar sırasında olması yarışa əlavə rəng qatır. Fikrimcə, son tura qədər şahmatsevərləri maraqlı mübarizə gözləyir.

- İlk dəfə olaraq “ShamkirChess”də Azərbaycan 4 şahmatçıyla təmsil olunur. Bu nə ilə əlaqədardı?
- Bildiyiniz kimi, 2016-cı il Azərbaycan şahmatı üçün əlamətdar ildi. Sentyabrda Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. 170-dən çox ölkə olimpiya çempionluğu uğrunda yarışacaq. “ShamkirChess2016” həm də yığmamızın əsas üzvləri üçün hazırlıq olacaq. Milli komandamızın liderləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, ölkə çempionu Eltac Səfərli və Rauf Məmmədova böyük ümid bəsləyirik. Biz məhz Azərbaycan şahmatçılarının uğur qazanmasını istəyirik. 

- İlk iki turnirdə dünya çempionu Maqnus Karlsen qələbə qazanıb. Bu dəfə onun olmaması “ShamkirChess2016”dakı mübarizəyə təsir edəcəkmi?
- Karlsen dünyanın ən güclü şahmatçılarından biridi. Təşkilat Komitəsi bu il də onun iştirakına çalışırdı. Təəssüf olsun ki, norveçli şahmatçı təqviminin sıx olmasına görə Şəmkirə gələ bilmədi. Maqnus təəssüflə qeyd etdi ki, bu dəfə “ShamkirChess”də iştirak edə bilməyəcək. Biz də onun iştirakını çox istəyirdik. Onun yoxluğunda şahmatçılar arasında rəqabət daha da artacaq. Maqnus olarkən aşkar favorit göstərilirdi və hər tur qələbəyə əsas namizəd idi. Bu dəfə “ShamkirChess 2016”dakı hər bir şahmatçı yarışda qələbə qazanmağa qadirdi. 

- Yarışda sizin favoritinizi bilmək istərdik?
- Reytinq favorit Fabiano Karuanadı. Maqnusun yoxluğunda fikrimcə Fabiano liderliyə yüksələ bilər. Amma unutmayaq ki, reytinq hər zaman özünü doğrultmur. Sergey Karyakin kimi güclü şahmatçının Şəmkirdə olmasını unutmaq olmaz. İddiaçılar turnirinin qalibidi və indi dünya çempionu Karlsenlə çempionluq görüşünə hazırlaşır. Pavel Elyanov, Pentala Harikrişnanı da siyahıdan silmək olmaz. Ən əsası biz Azərbaycan şahmatçılarından əzmkar mübarizə gözləyirik. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan gözləntimiz böyükdü. 

- Azərbaycan şahmatçılarından hansı nəticəni gözləyirsiniz?
- Məmmədyarovla Teymur hər zaman bizləri qələbələrlə sevindirib. Biz hər il yerli şahmatçılarımıza azarkeşlik edirik. İstərdik ki, “ShamkirChess 2016”da Azərbaycan şahmatçısı qələbə qazansın. Məmmədyarovla Rəcəbovun sona qədər liderlər sırasında olacağını düşünürəm. Məmmədovla Səfərlidən də yaxşı oyun gözləyirik. Eltac Azərbaycan çempionatının son qalibidi. Son turnirlərdə çox yaxşı təsir bağışlayıb. Onlar üçün “ShamkirChess 2016” bir çağırışdı. Hər bir bu turnirdə qalib olmağı bacaracaq gücdədi.

- Yəqin razılaşarsınız ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkiri şahmat şəhərləri sırasına daxil etdi...
- Bizim üçün də Vüqar Həşimov kimi böyük şahmatçının adını yaşatmaq böyük fəxrdi. Hər il bu yarışı daha da yüksək səviyyədə keçirməyə çalışırıq. Hazırda hədəf cari turniri yüksək səviyyədə təşkil etməkdi. Əvvəlki illərdə qonaqlarımız “ShamkirChess”i məşhur Veyk-An-Zee və ya Linares turniriylə müqayisə edib. FİDE prezidenti Kirsan İlyumjinov Şəmkir turnirini dünyanın ən yaxşı və güclü yarışlarından biri adlandırıb. Bu sözlər Təşkilat Komitəsinin gördüyü işə yüksək qiymət verir.

0