[b]“Tamaşaçılar üçün çoxsaylı sürprizlər olacaq” - Nigar Arpadarai[/b]
03.06.2016 - 16:33
[b]“Tamaşaçılar üçün çoxsaylı sürprizlər olacaq” - Nigar Arpadarai[/b]

“Artıq start nöqtəsindəyik. Çünki yarışımıza çox az vaxt qalıb. 2 həftə sonra “Formula-1”in komandaları, rəhbər heyəti və Beynəlxalq Avtomobil Federasiyasının məsul şəxsləri Bakıya səfər edəcəklər. Biz də çox həyəcanla bu günü gözləyirik. Çünki bütün bu aylar ərzində gördüyümüz işin kulminasiya nöqtəsinə gələcəyik”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Bakı Şəhər Halqasi Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

 

İyunun 17-dən 19-dək Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-prisinə sayılı günlər qalır. Paytaxtımız ölkəmizdə ilk dəfə təşkil olunacaq bu mötəbər yarışın startını gözləyir. Qran-pri ilə bağlı son hazırlıqlardan danışan N. Arpadarai deyib ki, bütün işlər plan üzrə gedir: “Artıq şəhərimizin küçələri adi küçələrə deyil, “Formula-1” trekinə daha çox bənzəyir. Asfalt qatının salınması tam olaraq başa çatıb. Hazırda tribunalarımızın quraşdırılması ilə bağlı işlərimizi görürük. Bunlardan 7-si quraşdırılıb. Ümumilikdə isə tribunaların sayının 9 olması gözlənilir. Bundan başqa, şəhərin mərkəzində 6 km məsafədə təhlükəsizlik baryerləri quraşdırılacaq. Düşünürük ki, bir həftəyə - iyunun 10-da tribunaların quraşdırılması başa çatacaq və ümumiyyətlə tras tam hazır vəziyyətə gətiriləcək. Lakin elə işlər var ki, onlar sırf yarış günündə və ya 1 gün öncə yekunlaşacaq. Bu da o deməkdir ki, məhz yollar bağlı olan zaman biz bu işi bitirəcəyik”.

 

“Marshall Club”un kommunikasiya üzrə koordinatoru Vüsal Bəkirov “Formula-1” yarışlarında məsuliyyəti böyük olan marşalların hazırkı vəziyyətinə aydınlıq gətirib. O, rəhbərlik etdiyi klubun ilk imtahandan uğurla çıxacağına inam ifadə edib: “Bu hazırlıq prosesi bir neçə ay əvvəl başlayıb. Marşallarımızın bir qismi hətta Bəhreyn Qran-prisində iştirak edib, “Formula-1” yarışlarının həyəcanını yaşayıblar. Marşalların təlimlər prosesi intensiv olaraq davam edir. Bəhreyn Beynəlxalq Motor Federasiyasının nümayəndələri onlara hazırlıqlar təşkil edirlər. Artıq bütün sahələr üzrə marşalların təlimləri yekunlaşdırılıb. İkinci - praktiki hissə də davam edir. Çalışırıq ki, bir yerdə işləyəcəyimizdən onlara komanda işini aşılayaq”.

 

Bakı Şəhər Halqasının sözçüsü bildirib ki, ən son texnologiyalarla işləri həyata keçirdiklərindən yarış yüksək səviyyədə olacaq. Onun sözlərinə görə, Beynəlxalq Avtomobil Federasiyasının yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq ölkəmizə səfəri zamanı görülən işlərdən çox razı qalıb: “Onun Bakıya növbəti gəlişini iyunun 6-da gözləyirik. Vaytinq bu səfər çərçivəsində son görüşlərini keçirəcək, görülən işləri yoxlayacaq və əminik ki, Bakıdan razı gedəcək”.

 

Marşalların hərəsinin öz vəzifəsi olacaq. V. Bəkirov bildirib ki, bu yarış ölkəmizdə ilk dəfə təşkil edilməsinə baxmayaraq, beynəlxalq təcrübəni yerinə yetirməyə çalışırlar: “Bəhreyn artıq 10 ildir bu yarışı təşkil edir, böyük təcrübəsi var. Onların konsultativ fikirlərini almaq bizim üçün çox önəmlidir. Amma bizim yerli marşallarımızın sayı çoxdur. Onlar yarış marşallarını 90 faizini təşkil edirlər. Çalışırıq ki, marşall proqramının daha çox detallı hissələrini onlara aşılayaq. Məsələn, trek marşalları treklə  daha çox tanış olacaqlar. Yanğınsöndürmə qismində iştirak edən marşallar Fövqəladə Hallar Nazirliyinin peşəkar əməkdaşlarıdır. Tibbi marşallarımız Səhiyyə Nazirliyinin həkimləridir. Digər marşallarımız isə müxtəlif təlimlərdə iştirak edirlər. Hər şey peşəkar səviyyədə aparılır. Çünki marşallarsız hansısa avtoyarışı təsəvvür etmək çətindir”.

 

Könüllülərlə bağlı hansısa çətinliyin qalmadığını vurğulayan N. Arpadarai yarış üçün fotoqraflarla birgə 600-ə yaxın jurnalistin də qeydiyyatdan keçdiyini açıqlayıb. Onun sözlərinə görə, həmkarlarımızdan təxminən 400-nü xarici jurnalistlər təşkil edəcəklər: “Azərbaycandan da 150-yə yaxın jurnalist bizə müraciət edib. Gözləyirik ki, onlardan 130-a yaxını akkreditasiya alacaq. Dünyanın ən məşhur fotoqrafları da ölkəmizə səfər edənlər sırasında olacaqlar”.

 

Şöbə rəhbəri ictimai nəqliyyatla bağlı qadağalara da aydınlıq gətirib. O qeyd edib ki, şəhərin mərkəzində “Formula-1” keçirmək məsuliyyətlidir və bu onlar üçün bir qədər çətinliklər də törədir: “Öncə trekboyu ərazidə yaşayan insanlardan narahatçılığa görə üzr istəyirəm. Bilirəm ki, yarış günlərində orada nəqliyyat məhdudlaşdırılacaq. Bütün bunlar ölkənin təbliğatı, həm də iqtisadi faydanı gətirmək üçün edilir. Yolların bağlanmasına gəlincə, bu proses iyunun 14-dən başlanacaq və ayın 20-dək davam edəcək. İyunun 15-də Dənizkənarı Parkın Dəniz Limanından “Azneft” dairəsinədək olan hissəsi bağlanacaq. Çünki “Formula-1” şəhərciyi və bütün əyləncə mərkəzləri orada yerləşir. Hazırda orada da aktiv tikinti işləri gedir. İyunun 16-dan artıq biletləri olan insanlar Dənizkənarı Park ərazisinə daxil ola biləcəklər. Bundan başqa, həmin ərazilərdə yaşayan insanların avtomobilsiz hərəkəti üçün heç bir problem olmayacaq. Onlar maşınsız hərəkət edə biləcəklər. Orada körpülər, yeraltı keçidlər tikiləcək. Xüsusi nişanları olan avtomobillər ancaq gecə saatlarında həmin əraziyə daxil ola biləcəklər”.

 

N. Arpadarai bildirib ki, Bakı Şəhər Halqası sırf nəqliyyat baxımından 3 zonaya bölünüb və həmin zonalarda yaşayanlar yerli qurumlardan xüsusi nişanlar ala bilərlər: “Birinci İçərişəhər zonasıdır ki, burada yaşayanlar “İçərişəhər” Tarixi Memarlıq Qoruğunun rəhbərliyindən giriş vərəqələrini almalıdırlar. İkinci zonaya trekin əhatə etdiyi Azadlıq meydanı və ona yaxınlığında yerləşən digər ərazilər aiddir. Üçüncü zona BMT-nin 50 illiyi küçəsini əhatə edir. Bu zonalarda yaşayanlar isə artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməlidir. Bir daha qeyd etmək istəyirəm ki, bu nişanlar ancaq gecə saatlarında avtomobillərin müəyyən yerlərdə hərəkətinə imkan verəcək”.

 

Bakı Şəhər Halqasının sözçüsü bilet alanlar üçün bir çox sürprizlərin olacağını vurğulayıb. Onun sözlərinə görə, bilet alanlar tək “Formula-1”i deyil, GP2 yarışını da izləyəcəklər: “Bileti olanlar 3 gün ərzində “Formula-1” şəhərciyinə daxil ola, pilotlarla avtoqraf sessiyalarına və onların paradına qatıla biləcəklər. Buraya çoxsaylı əyləncələr, şou proqramlar da daxildir. Şəhərcikdə 3 böyük səhnə qurulacaq. Axşam saatlarında bu səhnələrin birində 3 dünya ulduzunun - Kris Braun, Enrike İqlesias və Farel Vilyamsin konserti olacaq. Gündüz saatlarında çoxsaylı əyləncələr və şou proqramlarla yanaşı, azərbaycanlı ulduzların konsertləri də nəzərdə tutulub. Həmçinin səyyar əyləncələr də olacaq. Məsələn, dünyada məşhur olan “Titan Robot” var ki, o da Bakıya gətirilir. Orada onun şou proqramını görmək mümkün olacaq. Uşaqlar üçün də ayrı əyləncələr nəzərdə tutulub. Bir sözlə, tamaşaçılar üçün çoxsaylı sürprizlər olacaq”.

 

N. Arpadarai indiyədək satılan biletlərin konkret sayını açıqlamasa da, qeyd edib ki, hələlik 37 ölkənin azarkeşləri bilet almaq imkanı əldə edib: “Daha çox bileti Rusiya, Böyük Britaniya, Ukrayna vətəndaşları alıb. Ərəb ölkələrindən də biletlər əldə edilib. Biletlər dekabrda satışa çıxarılanda  ilk 2-3 ay ərzində xaricilərin, ardınca Azərbaycan vətəndaşları maraq göstərəcəyini proqnozlaşdırırdıq ki, elə də oldu. İndiyədək satılan biletlərin 50 faizi xarici vətəndaşlar tərəfindən alınıb. Son 1 həftə ərzində isə Azərbaycan vətəndaşları çox intensiv sürətdə bilet alırlar”. 

 

0