[b]“Türklə güləşəndə heç nə hiss etmirdim” – Sabah Şəriəti[/b]
16.08.2016 - 01:46
[b]“Türklə güləşəndə heç nə hiss etmirdim” – Sabah Şəriəti[/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışlarında Azərbaycana ilk medalını qazandıran iranlı idmançı Sabah Şəriəti (130 kq) görüş başa çatdıqdan sonra fikirlərini bölüşüb. Apasport.az saytının məlumatına görə, o, bürünc medalı əldə edərək Azərbaycan bayrağını qaldırmasından çox şad olduğunu bildirib.

 

- Görüş haqqında nə deyə bilərsən?

- Çox şadam ki, qalib gəldim, Olimpiya medalı qazandım. Çox çətin məşqlər keçib, ciddi hazırlaşmışdıq bu yarışa. Məşqçilərimə, federasiyaya, nazirliyə, hər kəsə təşəkkür edirəm. Allaha min dəfə şükür ki, Azərbaycan bayrağını qaldıra bildim.

 

- Sonuncu rəqibinlə döyüş necə keçdi? Çətin oldumu?

- Alman güləşçi güclü rəqibdi. Avropa çempionatında ona uduzmuşdum. Ancaq burda məşqçilərin də tövsiyyəsi ilə fərqli taktika ilə güləşdim və qalib gəldim. Asan olacağını gözləmirdim.

 

- Almaniyalı məşqçilər etiraz etdilər ki, sən onun kürəyini yerə vurmamısan və bu məqamda hər kəs ekrana baxırdı. Bəs sən necə, əmin idinmi ki, tam qələbə qazanmısan?

- Mən 100 faiz əmin idim, ona görə də qəti narahat deyildim.

 

- Məğlub olduğun görüşlərdən sonra hansı hissləri keçirdin? Medal qazanmağa ümidin qalmışdımı?

- İlk görüşdə amerikalı boğazımı sıxmışdı, qalib gəldim, ancaq bədən ağırlaşmışdı. Ondan sonra türklə güləşəndə heç nə hiss etmirdim.

 

- Bilirsənmi ki, Azərbaycan güləş tarixində ağır çəkidə ilk medalı sən qazandın?

- Bilirəm və şükür edirəm ki, ilk medalı mən qazandım. Bunu bütün Azərbaycan millətinə həsr edirəm.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan

0