[b]“Bizi qrupdan 90 dəqiqə ayırır” – “Höteborq”un müdafiəçisi[/b]
22.08.2016 - 12:22
[b]“Bizi qrupdan 90 dəqiqə ayırır” – “Höteborq”un müdafiəçisi[/b]

“Hamımızın bütün diqqəti “Qarabağ”la oyuna yönəlib. Ümid edirəm ki, çempionatdakı məğlubiyyət həmin qarşılaşmaya təsir etməz”. Apasport.az saytının məlumatına görə, bunu “Höteborq”un müdafiəçisi Emil Salomonsson deyib.

 

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Höteborq” İsveç çempionatının XIX turunda “Hammarbü”yə (0:2) məğlub olub. Avqustun 24-də Bakıya gələcək Ağdam təmsilçisinin rəqibi Soren Riks, Mads Olbek, Tobias Hisen kimi aparıcı oyunçuları məhz Azərbaycandakı qarşılaşmaya saxlamışdı.

 

Salomonsson yerli mətbuata açıqlamasında Avroliqada fərqli çıxış edəcəklərini bildirib: “Çempionat matçından bir neçə gün əvvəl “Qamla Ullevi”də “Qarabağ”la ağır oyun keçirmişdik. Təbii ki, Bakıdakı görüşdə bugünkü performans olmayacaq. Son bir ayda oyun qrafikimiz olduqca sıx olub. Üç gündən sonra bizi daha bir çətin görüş gözləyir. Qrupa düşmək yolunda son addımı atacağıq. Gözləniləndən də yaxşı oynamaq məcburiyyətində olduğumuzu dərk edirik. Belə matça hazırlıq ərəfəsində başqa heç nə haqda düşünmək olmur. Zarafat deyil, bizi Avroliqanın qrupundan cəmi 90 dəqiqə ayırır”.

 

Qeyd edək ki, “Qarabağ” – “Höteborq” oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında ilk görüşdə İsveç təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

0