[b]“O vaxt “bu hansı ölkədi” deyənlər indi 18 medala təəccüblənmirlər” - Çingiz Hüseynzadə[/b]
26.08.2016 - 14:57
[b]“O vaxt “bu hansı ölkədi” deyənlər indi 18 medala təəccüblənmirlər” - Çingiz Hüseynzadə[/b]

“Azərbaycan 20-ci ildi Olimpiya Hərəkatında fəal iştirak edir. Atalanta-1996-dan başlayaraq daim artan heyətlə yarışa qatılırıq”. Apasport.az saytının məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

 

Azərbaycan Olimpiya yığması Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanıb. Mükafatlarımızdan 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olub. MOK-un viste-prezidenti Rio-2016-nın yekunları ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, yığmamız Braziliyadan vətənə rekordlarla qayıdıb: “Əgər 1996-ci ildə bir medal qazanmışdıqsa, həmin vaxt deyirdilər ki, bu hansı ölkədi. Bu dəfə 18 medal qazanmağımız heç kimi təəccübləndirmədi”.

 

Sosial şəbəkədə “Rio-2016 Birlikdə Güclüyük” layihəsinin faydasından danışan vitse-prezidentin sözlərinə görə, bu, uğurlu alınıb və Azərbaycan idmansevərləri Oyunlarda baş verənləri buradan izləyib. Yığmamızın uğurlarından danışan Hüseynzadə idmançılarımızın finaldakı məğlubiyyətinin səbəblərini də açıqlayıb: “Bizim 8 finalçımız vardı və hər biri çempion ola bilərdi. Əsas həlledici görüşə yüksəlmək, yarışda iştirakdı. Məsələn, Mariya Stadnikə “qızıl” üçün 3 saniyə, Valentin Demyanenkoya 10 sm və ya Xetaq Qazyumova 10-15 saniyə çatmadı. Təəssüf ki, çempionluq üçün nəsə çatmadı. Burada psixoloji amil də ola bilər. Amma idmançının öz səhvi də rol oynayıb. Burada hazırlığın düzgün getməməyindən söhbət gedə bilməz. Çünki həmin idmançı finala çıxa bilməzdi. Bunun əsas səbəblərini indidən demək çətindi. Mütəxəssislər təhlil edib, açıqlayacaqlar. Ümid edirik ki, qarşıdakı yarışlarda belə bəxtsizlik olmayacaq”.

 

Vitse-prezident ağırlıqqaldırma üzrə yığmamızın düşdüyü çətin durumdan da danışıb. Onun sözlərinə görə, bu gün dünyada dopinq qalmaqalı davam edir: “Mən özüm də hələ başa düşmürəm ki, nə baş verir. Bunu məhkəmə yolu ilə də olsa sonuna çıxacağıq. Boyanka Kostovanı son dünya çempionatına görə deyil, Londondakı çıxışından sonra götürülən analizin təkrar müayinəsinə görə cəzalandırırlar. Amma digər ölkələrdə belə idmançılar yarışa buraxılır və ikili standartlar həyata keçirilir”.

 

Hüseynzadə Rioda bürünc medal qazanan Rəsul Çunayevla Rövşən Bayramovun məyusluğundan da danışıb. O bildirib ki, Çunayev Bakıya gəldikdən sonra borclu qaldığını, “qızıl”ı Tokioda qazanacağını deyib. Yığmamızın Tokio ilə bağlı perspektivindən danışan Hüseynzadə proqrama yeni əlavə olunan karate növündə lisenziyamızın olacağı və medal qazanacağımıza ümid edir. Amma o, bunun heç də asanlıqla reallaşacağına inanmadığını söyləyib: “Gələn dəfə çalışıb, komanda idman növündə də təmsil olunmaq istəyirik. Burda əsas yaxın olduğumuz qadın voleyboludu. Ötən il Avropa Liqasını qazandıq. Buna çalışmalıyıq. Atletika, üzgüçülük növlərini inkişaf etdirməyə çalışmalıyıq. Çünki ən çox medal bu növlərdə verilir. Bu il atletikada 4 idmançı ilə təmsil olunduq. Uğur qazana bilmədik. Amma perspektivli idmançılarımız var. İnanırıq ki, onlar Tokioda medal üçün mübarizə aparacaqlar. Əsas məqsədimiz idmanın kütləviləşməsidi”.

 

Legionerlərlə bağlı açıqlama verən Hüseynzadə vurğulayıb ki, onlar Azərbaycan yığmasının uğurları üçün çalışdıqlarından titullarını məhz bizim yığmada qazanıblar. Onun sözlərinə görə, milliləşdirmə prosesi bütün dünyada gedir: “Azərbaycanın tarixində bir çox millətlərdən iz qoymuş insanlar var. Biz onları özümüzdən ayırmırıq”.

0