[b]“Onlar Azərbaycanın bütün komandalarından güclüdü” – Rəşad Sadiqov[/b]
30.09.2016 - 11:20
[b]“Onlar Azərbaycanın bütün komandalarından güclüdü” – Rəşad Sadiqov[/b]

Avropa Liqasının qrup mərhələsində “Maynts”la qarşılaşan “Qəbələ” meydanı 2:3 hesablı məğlubiyyətlə tərk edib. Apasport.az saytının məlumatına görə, matçdan sonra jurnalistlərin suallarını cavablandıran “qırmızı-qaralar”ın kapitanı Rəşad Sadiqov görüşü dəyərləndirib.

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Evdə məğlubiyyət pis oldu. Düzdü, hesabda 2:1 öndə idik və yaxşı oyun göstərirdik. Amma “Maynts” da Bundesliqa təmsilçisidi.

 

- Hesabda öndə olduğunuz təqdirdə məğlub oldunuz. Həmin anda nə çatmadı?

- Mənə elə gəlir ki, gücümüz çatmadı. Fiziki cəhətdən bir az geri qaldıq. Bu da onların oynadıqları çempionatın səviyyəsi ilə bağlıdı. Dəqiqələr keçdikcə güc fərqi özünü göstərdi.

 

- Rəşad Sadıqov demişdi ki, Çexiya komandalarından zəhləm gedir. Ardıcıl iki ildi almanlarla qarşılaşırsınız. Sizdə onlara qarşı nifrət yaranmayıb?

- Heç bir komandaya nifrət yoxdu. Sadəcə, almanlara qarşı oynamaq çox ağırdı. Çünki onlar alman “maşınıdı”, bir dəqiqə dayanmırlar. 90-cı dəqiqədə də irəli “uçurlar”.

 

- Meydanda zəif Rəşad Sadiqov gördük. Xüsusən də, 3-cü qolda düzgün ötürmə vermədiniz və rəqib bunu bağışlamadı...

- Həmin epizodun qola heç bir dəxli yoxdu. Çünki rəqibin qapısı qarşısında səhv ötürmə ola bilər. Həmin yerdən qapımız tərəfə 100 metrlik məsafə var idi. Zəif çıxışıma gəlincə, rəqib oynamağa imkan vermirdi. Topu qəbul edən kimi, qarşında 1-2 nəfər olurdu. Rahat oynamağa imkan vermirdilər.

 

- 90 dəqiqə meydanda qalmağa hazır olmadığınızı hiss edirsinizmi?

- Bunu siz belə düşünürsünüz. Məşqçi ola bilər ki, başqa cür görür.

 

- Tez-tez top itkilərinə yol verirdiniz. Bu nə ilə əlaqədar idi?

- Əvvəl yağış yağmırdı, oynamaq rahat idi. Amma yağış oyunun sürətinə təsir etdi. Rəqib də gücünə görə oynamağa imkan vermirdi. Bu üzdən hamı top itirirdi.

 

- Nika Kvekveskirinin yoxluğu çıxışınıza təsir etdimi?

- Həm Nikanın, həm də Teo Uiksin yoxluğu bizə çox çətinlik yaradır. Birdən-birə iki yarımmüdafiəçinin olmaması istər-istəməz təsirini göstərir.

 

- Stadion niyə dolmamışdı?

- Bu sualı mənə verməyin. Təbii ki, biz də azarkeşlərin tribunaları doldurmasını istəyirik. Dolu olmasa da, gözəl atmosfer var idi. Azarkeşlər sağ olsunlar.

 

- Alman azarkeşlər də yaxşı atmosfer yaratmışdılar...

- 100 nəfərlə atmosfer olmur. 8-10 min azərbaycanlı azarkeş də var idi.

 

- “Maynts” xal götürə biləcəyiniz komandalardan biri idi...

- Biri idi deyəndə, qrupumuzda hər üç komanda eyni gücdədi. Hər üçündən də xal ala bilərdik. O da bəllidi ki, onların çempionatları bizimkindən güclüdü. Onlar Azərbaycanın bütün komandalarından güclüdü. Əlbəttə ki, biz də mümkün qədər çox xal qazanmaq istəyirik. Sadəcə, alınmır.

 

- İndiki vəziyyətdə qrupdan çıxmaq şansınız nə qədərdi?

- Real götürsək, çox çətindi. Amma yenə də ümid sonda ölür. Çalışacağıq ki, başqa matçlarda bu məğlubiyyəti sığortalayaq.

 

- Ötən mövsümdəki qrupla indikini necə müqayisə edərdiniz?

- Ötən mövsüm qrupda iki aşkar güclü komanda var idi. Onlardan da Dortmund “Borussiya”sı top-klubdu. Amma indiki qrupda hər üç rəqib eyni gücdədi. Ötən il yenə PAOK var idi ki, ondan xal götürmək olardı. Onları hər iki görüşdə məğlub edə bilərdik. İndikilərin hər üçü isə hətta “Krasnodar”dan da güclüdü.

0