[b]“Onun yoxluğu ciddi itkidi” – Edu[/b]
23.10.2016 - 00:01
[b]“Onun yoxluğu ciddi itkidi” – Edu[/b]

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın və Azərbaycan yığmasının üzvü Eduardo Mello - Edunun apasport.az saytına müsahibəsi.

 

- “Araz”ın elit-raundda hansı komandalarla qarşılaşacağı müəyyənləşib. Püşkün nəticəsini necə qiymətləndirirsiz?

- İndiki mərhələdə Avropanın 16 ən güclü klubu mübarizə aparacaq. Heç kim zəif rəqib haqda düşünmür. Top klublardan “Kayrat”, “Dinamo” çox güclüdürlər. Biz də “Dördlər finalı”na çıxmaq istəyirik. Özümüzə inanırıq. Bu yolda Allah da bizə yardım edəcək və məqsədimizə çatacağıq.

 

- Qrupdakı komandalardan biri olan “Yuqra” UEFA kubokunun son qalibidi. Onun rəqib olması sizi narahat etmir?

- Razıyam, güclü rəqibdilər. Amma ötən il kuboku qazanan heyəti qoruya bilməyiblər. Robinyo kimi oyunçu komandadan ayrılıb. Bu futzalçı həm də Rusiya yığmasının aparıcı üzvüdü. Onun yoxluğu ciddi itkidi. Həm də Rusiya çempionatını müntəzəm izləyirəm. Hazırda “Dinamo” onlardan güclü heyətə malikdi və daha yaxşı oyun nümayiş etdirir. İşin digər tərəfi də var: Rusiya çempionatı ilə UEFA kuboku fərqli yarışdı. İstək var, məqsəd aydındı.

 

- Komandanızın “Dördlər finalı”na çıxacağına inanırsınız?

- Əlbəttə, şansımız var. Futzaldı, start fitinə qədər şanslar bərabərdi – 50-nin 50-yə. Ancaq final fitindən sonra kimin güclü olduğu bilinəcək. Ancaq komandamıza güvənirəm, onların bunu bacaracağına inanıram.

 

- Dünən həm də milli komandanın Avropa çempionatının əsas mərhələsindəki rəqibləri bilindi. Püşkün millimizin üzünə güldüyünü düşünmək olarmı?

- Elə deməzdim. Püşk bizim üçün heç də asan rəqibləri bəxş etmədi. Bu oyunlar apreldə keçiriləcək. Kifayət qədər vaxtımız var. Çox işləməliyik. Yeni baş məşqçimiz, komanda yoldaşlarım, üstəlik doğma meydanda psixoloji basqı – bunları nizamlamalıyıq.

 

- Rəqiblərin güclü olduğunu dedin. Amma ən azı ötən seçmə mərhələdəki Ukrayna millisi bu dəfə rəqibimiz olmadı. Qrupumuzdakı komandaların heç biri onlar səviyyəsində deyillər...

- Macarıstan güclü rəqibdi. Onlar Avropa çempionatının final mərhələsində çıxış ediblər. Ora yollanan komandaların hamısı güclü rəqiblərdi. Baş məşqçiləri ispandı, yaxşı komanda formalaşdırıb, oyunları da əladı. Bosniya və Herseqovinaya gəldikdə, bu komanda ilə 4 il əvvəl Slovakiyada qarşılaşmışdıq. Çətinliklə qələbə qazandıq - 3:2. İndi Avropada zəif, asan udulacaq komanda qalmayıb. Hamısı təhlükəli rəqiblərdi. Həm də düşünsən ki, bu rəqib zəifdi, onları udacağıq, o zaman meydanda problemlə qarşılaşırsan, əziyyət çəkirsən. Ona görə hər birini güclü rəqib olduğunu düşünməli və oyuna ciddi hazırlaşmalısan.

 

- Oyunların Bakıda keçirilməsi millimizə əlavə üstünlük verəcəkmi?

- Bu, çox yaxşı nüansdı. Azarkeşlərimiz arenaya gələcəklər, bizə dəstək olacaqlar. Həm də onlar oyunları canlı izləmək şansı qazanacaqlar. Ən azı psixoloji baxımdan bizi dəstəkləyəcəklər.

0