[b]Messi rekordu təkrarladı, Suares 100-ə çatdı, Neymar sindromu qırdı[/b]
12.01.2017 - 09:56
[b]Messi rekordu təkrarladı, Suares 100-ə çatdı, Neymar sindromu qırdı[/b]

“Barselona”nın hücum “trio”su növbəti uğurlu çıxışla yadda qalıb. Apasport.az saytının məlumatına görə, Lionel Messi, Luis Suares və Neymar buna İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Atletik”lə cavab qarşılaşmasında nail olublar.

 

“Barsa”nın 3:1 hesabı ilə qalib gəldiyi qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açan Suares bu komandanın heyətindəki qollarının sayını 100-ə çatdırıb. Uruqvaylı forvard bunu 120-ci matçında reallaşdırıb.

 

Dünənki görüşün 48-ci dəqiqəsində ikinci topun müəllifi olan Neymar isə quru seriyaya son qoyub. Penaltidən fərqlənən braziliyalı 11 oyundan sonra “Barsa”nın heyətində fərqlənməyə macal tapıb. O, buna qədər sonuncu dəfə oktyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Mançester Siti” ilə (4:0) oyunda rəqib qapıçısını məyus etmişdi. Bu mövsüm Neymar La Liqada meydana çıxdığı 14 matçda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

 

78-ci dəqiqədə qarşılaşmada son nöqtəni qoyan Messi isə 2017-ci ildə meydana çıxdığı ardıcıl 3-cü görüşdə də cərimə zərbəsindən toru silkələyib. Bununla da argentinalı cərimə zərbəsindən vurduğu qol sayına görə, kataloniyalıların sabiq üzvü Ronald Kumana çatıb. 26-cı dəfə standart vəziyyətdən fərqlənən Leo daha bir qol vurarsa, “Barselona”nın bu baxımdan rekordçusu olacaq. Kuman da tvitter hesabından argentinalını təbrik edib: “Messini təbrik edirəm. Yeni rekorda 1 qolu qaldı”.

 

Qeyd edək ki, “Atletik”lə ilk görüşdə minimal hesabla (1:2) məğlub olan “Barselona” cavab qarşılaşmasında 3:1 hesablı qələbə qazanaraq, adını 1/4 finala yazdırıb.

0