[b]“UEFA hədələdi ki, PFL ləğv olunmasa, Azərbaycan futbolu diskvalifikasiya ediləcək” - LAYİHƏ[/b]
02.03.2017 - 13:43
[b]“UEFA hədələdi ki, PFL ləğv olunmasa, Azərbaycan futbolu diskvalifikasiya ediləcək” - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizin unudulmazları” adlı layihənin səkkizinci yazısı ilk Azərbaycan Peşəkar Futbol Liqasına (APFL) həsr olunur.

 

Tovuzdan başlayan narazılıq

Müstəqilliyin ilk illəri Azərbaycan futbolu üçün heç də yaxşı keçmirdi. Problemlər, qalmaqallar meydanda sərgilənən oyunu daim kölgədə qoyurdu. 25 illik futbol tariximizdə bir çox yaddaqalan xoşagəlməz olaylar olub. Onlardan ilki isə 1994-cü ilə təsadüf edib. Hər şey 1993-94 mövsümü çərçivəsində aprelin 10-da Tovuzda baş tutan “Turan” – “Neftçi” oyunu ilə başlayıb. Həmin mövsüm çempionluğa oynayan “Turan”ın evində xal itirməsi qəbuledilməz idi. Bu səbəbdən qonaq komandaya hər cür təzyiqlər olub və nəticədə tovuzlular meydanı 2:1 hesablı qələbə ilə tərk ediblər. Buna bərk qəzəblənən paytaxt təmsilçisi AFFA rəhbərliyindən ciddi şəkildə narazılığını çempionatdan imtina etməklə bildirib. Nəticədə “Neftçi”nin son 8 matçında komandaya texniki məğlubiyyət verilib. “Turan” isə mövsümü çempion kimi başa vuraraq, avrokuboka yollanan ilk Azərbaycan klubu olub.

 

Klubların və hakimlərin AFFA-nı APFL-ə dəyişməsi...

Həmin il “Neftçi”nin etirazına daha bir neçə komanda qoşularaq ölkə çempionatında iştirakdan imtina edib. Belə bir ərəfədə biznesmen Zakir Tağıyevin Azərbaycan Peşəkar Futbol Liqasını yaratmaq istəyi etirazçılar üçün göydəndüşmə olub. Onların da dəstəyini hiss edən “milyoner Zakir” ləqəbli iş adamı müstəqil qurum yaratmaq və çempionat təşkil etmək qərarına gəlib. Ölkə futbolunda maliyyə problemlərinin baş qaldırmasından yararlanan Tağıyev komandalara yaxşı mükafat vəd edərək, onları da öz tərəflərinə çəkməyə nail olub. Təbii ki, turniri hakimsiz keçirmək olmazdı. AFFA-nın verdiyi məvacibdən narazı qalan əksər referilər Zakir Tağıyevin təklif etdiyi yüksək məbləğdə qonorara “yox” deyə bilməyərək, istiqamətlərini dəyişiblər. Təsisçi yeni yaradılan qurumun nə qədər ciddi olduğunu göstərmək üçün onu Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirib. Yüksək məbləğdə mükafat və qonorar təklif olunduğundan, həm klubların, həm də hakimlərin 90%-i APFL-in ətrafına toplaşıb. Çünki sıradan oyunlara belə, AFFA-nın verdiyi puldan qat-qat artığı vəd edilmişdi. Zakir Tağıyev özü də “Təranə” klubunu yaradaraq, onu çempionatında oynatmaq qərarına gəlib.

 

Hakim çatışmazlığı üzündən Almatıya müraciət

APFL-in çempionatı 16 komandanın iştirakı ilə start götürmüşdü. Azarkeşlər paralel olaraq iki çempionata şahidlik edirdilər. Ancaq ətrafındakıların bir-bir qarşı tərəfə keçməsi AFFA-nı müəyyən tədbirlər görməyə vadar edib. Oyunları idarə edəcək sayda hakim tapa bilməyən assosiasiya 1992-ci ildə hakimliyi ataraq Almatıya yollanan Tahir Süleymanova geri dönməyi təklif edib. Aparılan danışıqların yekununda Süleymanov il yarımdan sonra hakimliyə qayıtmağı qərara alıb. Çox az hakim qaldığından, AFFA-nın bayrağı altında keçirilən çempionatda referilər ardıcıl oyunlar idarə edirdilər. Ancaq təşkilatçılıq və hakim idarəçiliyi ilə bağlı ciddi narazılıqlar var idi ki, bu da referilərin çox yüklənməsindən irəli gəlirdi. APFL-in tərkibinə keçən klublar ölkə birinciliyində iştirak etmirdilər. Çempionatlar davam etdiyi müddətdə də bəzi komandaların assosiasiyadan imtina edib, qarşı qurumun bayrağı altına keçmək meylləri yaranmışdı.

 

“Neftçi” qaytarıldı, qurum süquta uğradı

Assosiasiya rəhbərliyi bunun qarşısını almaq üçün müəyyən addımlar ataraq, klub prezidentləri ilə görüşlər təşkil edib. Yarışların keçirilməsi və təşkilatçılıqla bağlı zəmanətlər verilib, hakimlik məsələsində problemlərin yaranmayacağı bildirilib. İlk olaraq “Neftçi”ni geri qaytarmaq üçün klubun rəisi Çingiz İsmayılov AFFA-ya baş katib vəzifəsinə gətirilib. Ancaq bu da kifayət etmirdi. Vəziyyətin getdikcə daha da çətinləşdiyini görən assosiasiya UEFA və FİFA-ya rəsmi müraciət edərək, APFL-i tanımamağı istəyib. Təbii ki, ali və qitə futbol qurumları da bunu qəbul edə bilməzdi. Çünki nizamnaməyə görə, yalnız AFFA-nın bayrağı altında keçirilən çempionat tanınır və oranın iştirakçıları avrokuboklara buraxılırdı. APFL qeyri-qanuni qurum olduğu üçün fəaliyyəti uzun sürə bilməzdi və belə də olub. Azərbaycan Peşəkar Futbol Liqası süquta uğradığından, həmin vaxt bu çempionata qatılan əksər klublar və hakimlər geri qayıtmalı olublar. Ancaq assosiasiya referilərin bu hərəkətini unutmayıb. Çətin gündə AFFA-da qalan Xaqani Məmmədov, Asim Xudiyev, Tahir Süleymanovun adı FİFA-ya göndərilib və 1995-ci ildə onlar Azərbaycanın ilk beynəlxalq hakimləri adını alıblar.

 

“Başa düşürdüm ki, bunun axırı yoxdu, nə vaxtsa dayanacaq”

Sabiq referi Asim Xudiyev həmin dönəmdə AFFA-ya sadiq qalmasını belə əsaslandırıb: “Assosiasiyanın münasibətinə görə inciyən klublar AFFA-nın bayrağı altında oynamaq istəmirdilər. Həmçinin elə hakimlər var idi ki, AFFA onları qəbul etmirdi. Zakir Tağıyevin rəhbərliyi ilə alternativ qurum yaradıldı. Azərbaycan çempionatı ilə yanaşı, alternativ yarış keçirməyə başladılar. Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməkdə məqsədləri o idi ki, FİFA onları qəbul etsin. Bir müddət fəaliyyət göstərdikdən sonra arzularına çata bilmədilər, qurum iflasa uğradı. Halbuki AFFA-dan on qat artıq pul vəd edirdilər. Arada böyük fərq var idi. Bu üzdən əksər hakimlər ora qaçdılar. Çox yaxşı başlamışdılar. Hamıya vəd verirdilər ki, pul bizdə, şərait bizdə, gələcək bizdədi. Mənim özümə də təklif olunmuşdu, ancaq razılaşmadım. Çünki FİFA və UEFA-nın yalnız AFFA-nı tanıdığını bilirdim. Başa düşürdüm ki, bunun axırı yoxdu, nə vaxtsa dayanacaq. Mənim kimi, qalanlar yanılmadılar. Bilirdik ki, AFFA-da qalmaqla, sona qədər davam edəcəyik. PFL isə bir müddət sonra "partladı", elə bir effekt vermədi”.

 

“Oyunlar təmiz keçirilmirdi, alqı-satqı çox idi”

AFFA-nı Azərbaycan Peşəkar Futbol Liqasına dəyişənlərdən biri də “Azəri” klubu olub. “Azəri”nin o vaxtkı prezidenti Əli Ağamalıyev AFFA rəhbəri Fuad Musayevin qəti əleyhdarları sırasında yer alıb. O dərəcədə ki, APFL fəaliyyətini dayandırdıqdan sonra da klub ölkə çempionatındakı çıxışını bərpa etməyib. Ağamalıyev bunun səbəbini Fuad Musayevin yanlış idarəçiliyində görür: “Biz iki komanda saxlayırdıq. “Azəri” güclülər dəstəsində çıxış edirdi, “Azəri 2” birinci liqada. Bizdən sonra “Turan” da bu yolu tutdu. Hər klub 2 komanda saxlaya bilməzdi. Mən onda AFFA İcraiyyə Komitəsinin üzvü idim. Fuad Musayevə müraciət edirdik ki, üzvlük haqlarını bir qədər azaltsın, vəziyyət çətindi. Çünki üzvlük haqqı, həqiqətən də, çox yüksək idi. Gördüm ki, Fuad Musayev bu müraciətə reaksiya vermir, mən də çempionatda iştirakdan imtina elədim. Peşəkar Futbol Liqası yarandı, orda çıxış etməyə başladıq. Bizimlə yanaşı, “İnşaatçı” və “Şəmkir” də ora keçmişdi. Həmçinin digərləri də AFFA-nın çempionatından imtina eləmək istəyirdilər. PFL-də üzvlük haqları çox aşağı, hakimlər üçün ödənişlər yüksək idi. AFFA isə hakimlərə az vəsait verirdi. Bu səbəbdən də, oyunlar təmiz keçirilmirdi, alqı-satqı çox idi. Həmin vaxt AFFA-nın çempionatında belə hallar çox olurdu. Hər ölkədə PFL fəaliyyət göstərir, elə indinin özündə də bizdə belə qurum var. AFFA milli komandalarla məşğul olmalıdı. Düzdü, çətin vaxtlar idi. Ancaq UEFA-dan pul gəlirdi. Buna baxmayaraq, heç kimə heç nə verilmirdi. AFFA yeni yaranan qurumla bağlı UEFA-ya şikayət elədi. Qitə futbol qurumu da bunu qəbul etdi və bildirdi ki, PFL yalnız assosiasiyanın tərkibində fəaliyyət göstərə bilər. UEFA-dan bildirildi ki, PFL-in çempionatında iştirak edən komandalar avrokuboklara buraxılmayacaqlar. Klublar da düşündülər ki, daha burda oynamağın mənası yoxdu. PFL özünü doğrultmadığından, turnir uzun çəkmədi. Bəzi klublar Azərbaycan çempionatındakı çıxışını bərpa etdi. Amma biz qayıtmadıq. Çünki hərc-mərclik idi, çempionat yaxşı keçirilmirdi, çətinliklər çox idi. Fuad Musayevə qarşı etirazıma görə, oynamadıq. Ondan sonra həvəskarlar liqasında çıxış etdik”.

 

“Fuad Musayev heç bir əsası olmadan məni vəzifəmdən uzaqlaşdırdı”

Sonuncu həmsöhbətimiz Asif Namazovdu. O dövrdə Azərbaycan Peşəkar Futbol Liqasının vitse-prezidenti vəzifəsini icra edən Namazov bu qurumun yaranmasında böyük rol oynayıb. O, Zakir Tağıyevə belə bir təklifi özünün etdiyini söyləyib: “AFFA Hakimlər Komitəsinin sədri idim. Zakir Tağıyev isə yığma komandanın sponsoru olmaq istəyirdi. Amma AFFA prezidenti Fuad Musayevlə sözləri tutmadı. Ona görə ki, Tağıyevin üzərinə çox yük qoyurdu. Nəticədə dil tapmadılar. Mən də Fuad Musayevə öz etirazımı bildirdim, sədr kimi hakimləri müdafiə etdim, onlara qarşı düzgün qərarlar çıxarılmadığını dedim. O isə heç bir əsası olmadan məni bu vəzifədən uzaqlaşdırdı. Bir müddət sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yarış keçiriləndə təsadüfən Zakir Tağıyevlə rastlaşdım. Ona təklif etdim ki, gəl, bir yerdə Peşəkar Futbol Liqasını yaradaq, razılaşdı. Bu qurumu yaratdıq və Ədliyyə Nazirliyində təsdiq edildi. Amma dövlət tərəfindən də qəbul olunmalı idi. Milli Məclisin sədrinə məktub yazdıq, o da qol çəkdi və PFL-in yaranması bizə həvalə olundu. Klublar da qurumun Milli Məclisdə təsdiq olunduğunu gördükdən sonra ciddiliyini dərk etdilər və bir-bir AFFA-dan imtina edib, bizə tərəf gəlirdilər. Fuad Musayev isə FİFA-ya məktub yazırdı, tələb edirdi ki, bizim qurum ləğv olunsun. Təxminən 5-6 ay yarışlar keçirdik. Sonradan FİFA işə qarışdı, dövlət məmurlarına bildirdi ki, bu qurum AFFA-nın nəzdində olmalıdı. UEFA hədələdi ki, əgər PFL AFFA-nın bayrağı altına keçməsə və ya ləğv olunmasa, assosiasiyanı üzvlükdən çıxaracaq, Azərbaycan futbolunu diskvalifikasiya edəcək. İstəmirdik ki, UEFA Azərbaycanın yığma komandasını və klublarını beynəlxalq yarışlardan kənarlaşdırsın, futbolumuz dağılsın. Bununla da PFL-in taleyi həll olundu”.

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0