[b]“Baş məşqçi Tərlana tapşırdı ki, başına sillə vur, qoyma yatsın” - LAYİHƏ[/b]
05.03.2017 - 10:00
[b]“Baş məşqçi Tərlana tapşırdı ki, başına sillə vur, qoyma yatsın” - LAYİHƏ[/b]

Apasport.az saytı AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində “Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!” istiqamətindəki qalib mövzusunu davam etdirir. “Futbol tariximizin unudulmazları” adlı layihənin doqquzuncu yazısı müstəqil Azərbaycan tarixinin ən güclü futbolçularından birinə - Tərlan Əhmədova həsr olunur.

 

Futbolu məhvə sürükləyən qolun müəllifi

Tərlan Əhmədov peşəkar futbolda ilk addımını 1989-cu ildə “Termist” klubunda atıb. Cəmi 1 il sonra SSRİ-nin gənclər yığmasının heyətində Avropa çempionu olaraq, karyerasına uğurlu start verib. Daha sonra bütün azərbaycanlıların arzusunda olan “Neftçi”yə keçib. Ancaq ilk müstəqil çempionatda “Turan”ın formasını geyinib. Əhmədov karyerası ərzində ölkə daxilində həmçinin “Qarabağ”, “Şəfa”, “Karvan” və “Olimpik”də çıxış edib. Mərkəz müdafiəçisi bir neçə dəfə legioner həyatı da yaşayıb. O, 90-cı illərdə “Terek” və “Anji”də çıxış edibsə, 2000-ci ildə “Fakel”in formasını geyinib. “Anji”də Vaqif Sadıqovla birgə çalışan Əhmədov 2000/01 mövsümündə yenidən “Neftçi”də çıxış etsə də, Kazbek Tuayev onun burda çox qalmasına mane olub. Belə ki, paytaxt klubuna yeni baş məşqçi təyin edilən Tuayev onu yanına çağıraraq, “yaxşı futbolçu və yaxşı insansan, amma birlikdə çalışa bilmərik” deyib. Nəticədə “Şəfa”nın yolunu tutan Tərlan Azərbaycanda futbolun olmadığı 2002/03 mövsümünü ölkə xaricində keçirib. Həmin mövsüm ölkə çempionatının keçirilməməsində məhz onun da müəyyən rolu olub. Belə ki, qalmaqallı “Şəfa” – “Xəzər Universiteti” (1:0) görüşünün son dəqiqələrində Azərbaycan futbolunu məhvə sürükləyən penalti qoluna məhz Əhmədov imza atıb. Futbolsuz qaldığımız ildə əvvəlcə İran “İstiqlal”ı ilə anlaşan müdafiəçi bir il sonra “Volın”a yollanıb. Kamal Quliyevin məsləhəti ilə Ukrayna klubuna keçən kapitan orda Quliyevlə yanaşı, Fərrux İsmayılovla da çiyin-çiyinə çıxış edib. Vətənə döndükdən sonra yeni yaranmış “Karvan”la anlaşıb və orda uğurlu 2 il keçirib. Karyerasının son 3 mövsümünü “Olimpik”də keçirən Əhmədov 2009-cu ildə karyerasını bitirib.

 

Çempionluq alındı, qızıl medal qaldı

Tərlan Əhmədov Azərbaycan tarixinin ən güclü futbolçuları arasında göstərilsə də, karyerası ərzində cəmi 1 dəfə ölkə çempionu olub. Belə ki, 1996/97 mövsümündə “Qarabağ”la fəxri kürsünün zirvəsinə yüksəlib və qızıl medalı boynundan asıb. Buna baxmayaraq, məlum səbəblərdən Ağdam təmsilçisi çempion yox, gümüş mükafatçı sayılıb. Ancaq həmin qızıl medal hazırda məhz ondadı. 4 dəfə gümüş, 4 dəfə isə bürünc mükafatçı olan futbolçu 1998/99 mövsümündə “Neftçi”nin heyətində Azərbaycan kubokuna sahib çıxıb. Həmçinin 2 dəfə də komandası kubokun finalında məğlub olub.

 

Antirekordçu və bəxtsiz kapitan

Tərlan Əhmədov Azərbaycan millisinin də unudulmaz futbolçularından olub. 75 dəfə yığmanın formasını geyinib və bunun hamısında meydana start heyətində çıxıb. Oyun sayına görə yalnız Rəşad Sadıqov, Aslan Kərimov və Mahir Şükürov onu qabaqlayır. 41 görüşdə kapitan qismində komandanı meydana çıxarıb ki, millidə yalnız Rəşad Sadıqov sarğını ondan çox daşıyıb. Əhmədovun 75 matçının 35-i seçmə mərhələ oyunlarına düşür. Onu bir növ bəxtsiz kapitan da saymaq olar. Çünki yığmanın forması altında 17 sarı və 4 qırmızı vərəqə alıb ki, “qırmızı” sayında da antirekordçudu. Belə ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrail (1994-cü il. 0:2) və Finlandiya (2003-cü il. 1:2) ilə ev oyununda, həmçinin beynəlxalq turnirdə Andorra (2000-ci il. 0:0), yoldaşlıq görüşündə isə Birləşmiş Ərəb Əmirlikləri (2003-cü il. 3:3) ilə qarşılaşmada meydandan qovulub. Əhmədovun yığmada yeganə avtoqolu 2002-ci ildə İtaliya ilə (0:2) Bakıda keçirilən seçmə mərhələ oyununa təsadüf edir.

 

 

Milliyə görə klubdan qovuldu, federasiya “qələmini qırdı”

1992-ci ildə müstəqillikdən sonra Azərbaycan yığmasının Gürcüstanla ilk matçında forma şansı əldə edən Tərlan Əhmədov komandadan heç də xoş xatirələrlə yola salınmayıb. 2005-ci il sentyabr ayının 7-də DÇ-2006-nın seçmə mərhələsi çərçivəsində Avstriya ilə (0:0) Bakıdakı görüş onun üçün sonuncu olub. Həmin seçmə mərhələnin hələ gedişində yeni federasiya rəhbərliyi onun yığmada olmasından narahat idi. Sonda Əhmədovu federasiyaya çağıraraq, “səni millidə görmək istəmirik” deyiblər. Səbəb isə çox gülməlidi: keçmiş prezident Fuad Musayevin vaxtında kapitan olub, onun adamıdı. Federasiya rəhbərliyinin təzyiqindən bezən kapitan məhz Avstriya ilə oyundan sonra yığma karyerasını bitirmək qərarına gəlib. Halbuki formasını geyindiyi klublarda olduğu kimi, yığmada da az fədakarlıq etməyib. Təkcə 2003-cü ilin fevral ayında Serbiya və Çernoqoriya ilə səfər matçını xatırlamaq kifayətdi. AÇ-2004-ün seçmə mərhələsi çərçivəsində Podqoritsadakı qarşılaşma öncəsi yığmamız ciddi problemlə üzləşmişdi. “Şəfa” istisna olmaqla, AFFA-dan narazı qalan digər yerli klublar milliyə futbolçu verməkdən imtina etmişdilər. Yalnız “Qarabağ-Azərsun”un formasını geyinən Tərlan Əhmədov klubunun qadağasına məhəl qoymayaraq, millinin düşərgəsinə qoşulmuşdu. Klubdan isə xəbərdarlıq gəlmişdi: ya bizi seçməlisən, ya da yığmanı. Ölkə naminə millini üstün tutan kapitan bunun cəzası olaraq “Qarabağ-Azərsun”dan göndərilmişdi. Ancaq komandamız səfərdən tarixi bərabərliklə (2:2) dönməyi bacarmışdı.

 

 

Karyerası

 

Futbolçu

1989. "Termist"                          8        1

1989-1991. "Neftçi"                    69

1992. "Turan"                             6

1993. "Terek" (Rusiya)                14

1993/94. "Qarabağ"                    26      6

1994/95. "Qarabağ"                    18      5

1995/96 "Qarabağ"                     21      9

1996/97. "Qarabağ"                    26      8

1997/98. U-18                            1

1997/98. "Anji" (Rusiya)              5

1998/99. "Neftçi"                        10

1998/99. "Şəfa"                          8

1999/2000. "Neftçi"                     7        2

2000. "Fakel" (Rusiya)                 7        1

2000/01. "Neftçi"                        14      4

2001/02. "Şəfa"                          17      2

2001/02. "Neftçi"                        4

2002/03. "İstiqlal" (İran)

2003/04. "Volın" (Ukrayna)           22

2003/04. "Qarabağ-Azərsun"        11

2004/05. "Karvan"                       27

2005/06. "Karvan"                       11

2006/07. "Olimpik"                      23      1

2007/08. "Olimpik"                      26

2008/09. "Olimpik"                      23      0

 

Titulları

Avropa çempionu - 1990 (SSRİ-nin U-21 yığması)

Azərbaycan çempionatının gümüş mükafatçısı - 1993/94, 1996/97 (“Qarabağ”), 2000/01 (“Neftçi”), 2005/06 (“Karvan”), 2007/08 (“Olimpik”)

Azərbaycan çempionatının bürünc mükafatçısı -1992 (“Turan”), 1998/99, 1999/2000 (“Neftçi”), 2004/05 (“Karvan”)

Ölkə kubokunun qalibi - 1998/99 (“Neftçi”)

Ölkə kubokunun finalçısı - 1995/96 (“Qarabağ”), 2000/01 (“Neftçi”)

 

Milli karyerası

75 oyun (6064 dəqiqə)

 

 

"Xəzər Lənkəran"dan AZAL-a uzanan yol

Tərlan Əhmədov hələ futbolçu karyerasının son illərində özünü məşqçiliyə hazırlayıb. 2008-ci ildə “Olimpik”də çıxış etdiyi vaxt B kateqoriyalı məşqçi lisenziyasını alıb. Butslarını mıxdan asdıqdan dərhal sonra “Xəzər Lənkəran”da Ağasəlim Mircavadovun köməkçisi kimi işləməyə başlayıb. Ancaq mövsümün sonunda ailə problemlərinə görə, Lənkəran klubundan ayrılıb. 2011-ci ildə Kamal Quliyevlə birlikdə “Neftçi”də Böyükağa Hacıyevin köməkçisi kimi fəaliyyət göstərməyə başlayıb. 2013-cü ildən isə baş məşqçiliyə başlayıb. 10 oyun “Neftçi”nin “sükanı arxası”nda olan Əhmədov 2013/14 mövsümünün gedişində AZAL-a keçib. Elə həmin vaxtdan bəri də paytaxt klubunu çalışdırır.

 

Baş məşqçi

"Neftçi"         2013/14        10      6        3        1        14-7    21

AZAL            2013/14        10      0        5        5        4-11    5

AZAL            2014/15        32      10      9        13      37-42  39

AZAL            2015/16        36      13      7        16      26-38  46

AZAL            2016/17        20      1        5        14      8-34    8

Qeyd: yalnız çempionat matçları nəzərə alınır.

 

 

“Komanda daxilində məşqçinin işini görürdü”

1999-cu ildə "Anji"də Tərlan Əhmədovla birlikdə çalışmış Vaqif Sadıqov, eyni zamanda həm “Şəfa”da, həm də Azərbaycan millisində ona baş məşqçilik edib. Sadıqov keçmiş yetirməsini özünün ən yaxşı köməkçisi hesab edir: “Tərlan peşəkarlığı, vətənpərvərliyi ilə seçilən insandı. “Şəfa”da gənclərə örnək idi. Onun gəlişindən sonra komandada fərqli ab-hava yaranmışdı. Bu isə ancaq mənim xeyrimə idi. 1993-cü ildə gənclər yığması ilə Türkiyəyə səfər edəndə də Tərlan heyətdə yer alıb. Həmişə kapitan, lider olub. Öz ətrafında uşaqları birləşdirməyi bacarıb. Baş məşqçiyə dayaq, komanda daxilində nizam-intizamı qoruyub-saxlayan bir kapitan idi. Öz işinə vicdanla yanaşırdı. Onun həmişə bir siması olub, heç vaxt dəyişməyib. Sözünün üstündə durmağı xoşlayırdı və düzgünlüyün tərəfdarı idi. Elə bu xüsusiyyətlərinə görə böyük şəxsiyyətə çevrildi. Ölkə xaricində də davranışı ilə örnək idi, vətənini layiqli şəkildə təmsil edirdi. Bu amillər öz dövründə bütün futbolçulardan bir addım öndə olmağa imkan verirdi. İllərdi prinsipial, sözünü deməyi bacaran bir Tərlan Əhmədov tanıyıram. Belə insanlar ümumi iş üçün böyük önəm kəsb edirlər. Tərlan həmişə məşqçiyə ideyalarını hərəkətə keçirməkdə yardım edib. Elə futbolçu vaxtında komanda daxilində məşqçi işini görürdü, həmişə öz çiynini irəli verirdi. İndi də bu yolla davam edir. Hiss olunur ki, məşqçi kimi də öz dəst-xətti var”.

 

 

“Üz cizgilərinə baxanda elə bilirsən ki, qaraqabaqdı”

Tərlan Əhmədovla yığmada çiyin-çiyinə çıxış etmiş Yunis Hüseynov sonradan “Karvan”da onun baş məşqçisi olub. Hüseynov Yevlax klubunun uğurlarında məhz kapitanın müstəsna xidməti olduğunu bildirib: “Tərlan “Neftçi”yə gənc vaxtlarında gəlmişdi. Çox cavan olsa da, tərbiyəli, işinə həmişə canla-başla yanaşan oğlan idi. Çalışqanlıq onun ən böyük üstünlüyü idi və əsl xarakter nümayiş etdirirdi. Dayanmadan çalışırdı, əsas heyətə düşəndən sonra yerini itirməmək üçün potensialından da yüksək səviyyədə çıxış edirdi. Buna görə də, Tərlana həmişə böyük hörmətim olub. Futbolçu ikən bir otaqda da qalmışıq. Elə o vaxtdan namaz qılar, Quran oxuyardı və sakit təbiətli oğlan idi. Üz cizgilərinə baxanda elə bilirsən ki, qaraqabaqdı. Amma zarafatı sevəndi, deyib-güləndi. Elə indinin özündə də görüşəndə zarafatlaşırıq.

Onun baş məşqçisi olanda mən də bu sahədə cavan idim. “Karvan”a elə bir yerdə keçmişdik. Ukraynada çıxış edirdi, bir zəngimə ordan ayrılıb gəldi. İşimiz də uğurlu alındı. Mən texniki zonada baş məşqçi idimsə, meydanda da bu vəzifəni Tərlan yerinə yetirirdi. Təzə gələndə komandada iki gənc oyunçu var idi. Tərlandan istəyim onları meydanda düzgün yönləndirmək, komandaya rəhbərlik etmək idi. Öz təcrübəsini daim komanda yoldaşları ilə bölüşür, onlara kömək edirdi. Ardıcıl iki mövsüm bürünc və gümüş medal qazandıq ki, bunda Tərlanın böyük rolu oldu”.

 

“Biri səhv edəndə hirslənir, ona qışqırır”

Hüseynov həmkarının məşqçi kimi də təqdirəlayiq iş gördüyünü sözlərinə əlavə edib: “Məşqçiliyinə qiymət versəm, səhv etmiş olaram. Çünki məşq proseslərini izləməmişəm, tam görməmişəm. Amma komandasına baxanda hiss olunur ki, özü kimi əzmkar kollektiv formalaşdırmağa çalışır. Mətbuatdan izlədiyim qədərilə bilirəm ki, AZAL-ın maliyyə durumu o qədər də yüksək deyil. Buna baxmayaraq, döyüşkən komanda yaradıb. 2017-ci ildəki matçlarını izləmişəm. Demək olar ki, heç bir rəqibə oyun baxımından uduzmayıblar. Bəzən bəxtləri gətirməyib, bəzən hakim səhvi ucbatından məğlub olublar. Bütün komandalarla başabaş mübarizə aparıblar. Tərlan özü də çılğın məşqçidi. Bilirsiz, futbolçu olanda yalnız özünə cavabdeh olursan. Amma məşqçi hər şeyin məsuliyyətini daşıyır. Futbolçuları ruhlandırmalı, səhv edəndə onlara xəbərdarlıq eləməlidi. Tərlan çılğınlığı ilə komandasını ruhlandırır. Görürəm ki, biri səhv edəndə hirslənir, ona qışqırır. Bu sahədə hələ cavandı, önündə uzun yol var. İnanıram ki, gələcəkdə ən güclü məşqçilərdən biri olacaq”.

 

 

“Ona qarşı həddimizi aşmırdıq”

Sabiq hücumçu Fərrux İsmayılov “Neftçi”, “Olimpik”, “Karvan”, “Qarabağ”, “Volın” və yığmada qəhrəmanımızla komanda yoldaşı olub. Karyerası ərzində unudulmaz kapitana qarşı rəqib qismində də çıxış etmiş İsmayılov onu ideal insan sayır: “Tərlan Əhmədovda bir dəfə də olsun, mənfi nəsə görməmişəm. Futbolçu kimi dahi idi, insan kimi isə əsl şəxsiyyətdi. Hər şeyin yerini bilirdi. Cavan yaşlarımızda bizə çox köməyi dəyib. O dönəmdə avtoritet futbolçulardan biri də Tərlan idi. İnsani keyfiyyətləri və oyunu ilə hörmət qazanmışdı. Çox ağıllı, gözəl müdafiəçi idi. Yersiz hərəkət etməzdi, heç kimin haqqında artıq-əskik danışmazdı. Arada bizimlə zarafat edirdi. Amma hörmət əlaməti olaraq arada pərdə saxlayır, ona qarşı həddimizi aşmırdıq.

Düzdü, futbolçu vaxtımda heç vaxt hansısa müdafiəçidən qorxum olmayıb. Deyirdim ki, qoy, müdafiəçilər Fərruxu saxlamağın yollarını düşünsünlər. Mənim üçün keçilməz müdafiəçi olmayıb. Amma Tərlana qarşı oynayanda həmişə çətinlik çəkmişəm. Mənə görə, o vaxt Yaşar Vahabzadə və Tərlan Əhmədov kimi ağıllı mərkəz müdafiəçisi yox idi. Tərlan oyunu ilə 1 nömrə olub. Hətta Ukraynada çıxış edəndə də orda ondan məsləhət alırdılar. Bir çox yerdə birlikdə oynamışıq. O hansı komandada nə məsləhət görübsə, hamı deyirdi ki, baş üstə. Heç vaxt səhv addım atmayıb, həmişə düzgün istiqamət verib”.

 

“... yorulmursan buna qulaq asmaqdan?”

"Volın"dakı günləri yada salan İsmayılov keçmiş komanda yoldaşı ilə bağlı bir xatirəsini də bölüşüb: “Biz Ukraynada oynayanda qonşu otaqda qalırdıq. Mən Könül Xasıyevanın “dəlisiyəm”. Hər gecə ona qulaq asırdım, bir mahnısını dəfələrlə dinləyirdim. Tərlan da axırda bezib dilə gəldi ki, bəsdi, yatmağa da qoymursan, yorulmursan buna qulaq asmaqdan? Deyirdi ki, cavan oğlansan, get başqa musiqiyə qulaq as, muğamat nədi? Onun yanında özümü sərbəst hiss edirdim. Düzdü, çəkinirdim, amma heç vaxt demirdi ki, bunu niyə belə etmisən? Əksinə, həmişə təsəlli verirdi, həvəsləndirirdi. Dindən maraqlı söhbətlər edirdi, həvəslə qulaq asırdım. Onu futbolda həmişə özümə bir böyük, ağsaqqal hesab etmişəm”.

 

“Ondan böyük futbolçu olmağın sirlərini öyrənirdim”

Tərlan Əhmədovun ən yaxın dostu, şübhəsiz ki, Kamal Quliyev olub. Növbəti həmsöhbətimiz olan Quliyev onunla həm futbolçu, həm də məşqçi kimi birgə işləyib. Quliyev deyir ki, sabiq kapitan fenomen insandı: “Mən onunla “Neftçi”də tanış oldum. Uzun illər birlikdə milli komandanın formasını geyindik, Ukraynada bir yerdə oynadıq. Tərlan gənclərə verdiyi ağıllı məsləhətlərlə yadda qalıb. Hardasa oturub, yemək yeyəndə, çay içəndə qoymazdı ki, özündən gənc futbolçu əlini cibinə salsın. Oyun zamanı komanda yoldaşlarına həmişə düzgün istiqamət verirdi, başqaları kimi, kobud rəftar etmirdi. Bu cür xüsusiyyətləri ilə onunla birlikdə çıxış etmiş oyunçuların xatirəsində qalıb. Tərlanın bir xasiyyəti də var ki, daim kiməsə yaxşılıq etməyə can atır. Bu insan yaxşılıq eləmək üçün dünyaya gəlib. İstər meydanda, istərsə də ondan kənarda, ailə daxilində böyük-kiçiyə hörmət bəsləyirdi. Həm “Neftçi”də, həm “Volın”da, həm də yığmada uzun müddət bir otaqda qalmışıq, yoldaşlıq eləmişik. Mənə futbolçu karyeramda düzgün yol göstərənlərdən biri də Tərlan olub. Boş vaxtlarımızda ondan böyük futbolçu olmağın sirlərini öyrənirdim, hər şeydə mənə düzgün yol göstərirdi. Hər bir insanın mənfi cəhəti olur. Amma Tərlanın cəmiyyət içində, komanda daxilində, yoldaşları arasında heç vaxt mənfi xüsusiyyətini görməmişəm. Bütün futbolçularımızın onun kimi şəxsiyyət olmasını arzulayıram. Şükr edirəm ki, mən Tərlan Əhmədov, Vidadi Rzayev, Yunis Hüseynov kimi futbolçuların dövrünə düşdüm, onların hər birindən nəsə öyrəndim”.

 

 

“Baş məşqçiyə məsləhət gördüm, dedi ki, gətir”

“Volın”a gedəndən bir il sonra komandaya mərkəz müdafiəçisi lazım oldu. Mən təcrübəli futbolçu kimi Tərlanı baş məşqçiyə məsləhət gördüm. O da “gətir” dedi. Tərlan qısa müddətdə komandada söz sahibi oldu, ona orda “ağsaqqal” deyirdilər. O, elə Azərbaycanda formasını geyindiyi klublarda da mehriban kollektiv yaratmağı bacarıb. “Volın”da da kollektivi mehribanlaşdırdı, futbolçuları bir-birilərinə yaxınlaşdırdı. Azarkeşlər də baş məşqçinin onu gətirməklə düzgün seçim etdiyini deyirdilər. Vətənə döndükdən sonra “Karvan”da da çiyin-çiyinə çıxış etdik.

 

“Taqətimiz qalmamışdı, bizi “şil-küt” edəcəkdilər”

Kamal Quliyev Ukraynada olarkən başlarına gələn bir neçə maraqlı hadisəni də yada salıb: “Volın”da baş məşqçimiz Vitali Kvartsiani çılğınlığı ilə seçilirdi. Bütün Ukrayna həftənin birinci günləri onun efirə gedən “Komanda” verilişindəki açıqlamasını səbirsizliklə gözləyirdi. Çox emosional, fikirləşmədən danışan, qeyri-etik hərəkətlər edən məşqçi idi. Evdə “Dnepr”lə keçirdiyimiz matçda məğlub durumda idik. Kvartsiani fasilədə emosional şəkildə futbolçulara göstəriş verirdi. Tərlana çatanda səsinin tonunu aşağı saldı. Ümumiyyətlə, Kvartsiani Tərlana nəsə demək istəyəndə qəribə, yazıq sifət forması alırdı. Yavaş səslə nəsə izah eləmək istəyəndə, Tərlan dedi ki, onun da əvəzinə oynaya bilmərəm axı. Baş məşqçi Tərlana bildirdi ki, yanındakı oyunda yuxulayır, get, yapış, dişlə, başına sillə vur ki, meydanda yatmasın.

Yenə Ukraynada olanda Cahangir Həsənzadənin başına iş gəlmişdi. Onda adət idi ki, küçədə ancaq telefonla oynayırdı, sağına-soluna baxmırdı. Orda da bahalı telefon ancaq varlı adamlarda olurdu. Onun əlində görüblər, gözünə qaz fısqırdıblar. Tərlanla ikimiz qaça-qaça köməyinə gəldik. Amma bəxtimizdən ora çatanda yanında adam yox idi. Yoxsa bizi “şil-küt” edəcəkdilər. Çünki ikimizin də əl qaldırmağa taqətimiz qalmamışdı".

 

Ruslan SADIQOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

0