[b]Süpürgəçi, elektrik, bağban, mühəndis... – Məşhurlar futbolçu olmazdan əvvəl[/b]
18.03.2017 - 15:23
[b]Süpürgəçi, elektrik, bağban, mühəndis... – Məşhurlar futbolçu olmazdan əvvəl[/b]

Müasir futbolda parlaq karyeraya sahib olmaq üçün uşaq yaşlarından bu işlə ciddi şəkildə məşğul olmaq tələb edilir. Apasport.az saytının məlumatına görə, heç də hər kəs bu yoldan keçə bilmir.

 

Həyat bəzən ulduz futbolçuları belə, yeniyetmə yaşlarında pul qazanmaq üçün başqa sahələrdə çalışmağa vadar edir. Bu yazıda da peşəkar karyeraya başlamazdan əvvəl başqa işlə məşğul olan bir neçə tanınmış futbolçuya nəzər salacağıq.

 

Riki Lambert

Əvvəlki işi: Çuğundur zavodunda işçi

Peşəkar futbolçu olma ili: 2001

Lambert 2001-ci ildə “Makklesfild Taun”la məşqlərə çıxanda futboldan heç bir qazanc əldə etmirdi. Həmin vaxtlar bir çuğundur zavodunda çalışırdı. Ancaq karyerasının uğurlu alınması futbola daha ciddi yanaşmasına səbəb olub. Ardından “Sauthempton” və “Liverpul” formalarını da geyinən forvard 2013-cü ildən İngiltərə millisinə dəvət almağa başlayıb. 34 yaşlı oyunçu hazırda “Kardiff Siti”də çıxış edir.

 

Peter Şmeyxel

Əvvəlki işi: Süpürgəçi, tekstil işçisi

Peşəkar futbolçu olma ili: 1987

“Mançester Yunayted”in əfsanəvi qapıçısı Şmeyxel “Brondbü”yə transfer edilməmişdən əvvəl süpürgəçi olub və bir tekstil fabrikində çalışıb.

 

Miroslav Kloze

Əvvəlki işi: Dülgər

Peşəkar futbolçu olma ili: 1998

Kloze “Kayzerslautern”də peşəkar futbolçu olmazdan əvvəl bir dülgərin yanında köməkçi kimi pulunu qazanıb. Ancaq parlaq karyera quraraq adını Almaniya futbol tarixinə qızıl hərflərlə yazdırmağı bacarıb.

 

Styuart Pirs

Əvvəlki işi: Elektrik

Peşəkar futbolçu olma ili: 1978

İngiltərə futbolunda “psix” ləqəbi ilə iz qoyan Pirsin ilk peşəsi elektrik olub. Ancaq o, “Ueldston”un heyətində meydana çıxdıqdan sonra bütün diqqətini futbola yönəldib.

 

Kris Uoddl

Əvvəlki işi: Sosis fabrikində müddətli işçi

Peşəkar futbolçu olma ili: 1980

“Nyukasl”, “Tottenhem”, “Marsel”, “Şeffild Venzdi”də uğurlu illər keçirən Uoddl peşəkar futbolçu olmamışdan əvvəl bir sosis fabrikində müddətli işçi kimi fəaliyyət göstərib. Hazırda isə şərhçilik və köşə yazarlığı edir.

 

Yan Dovi

Əvvəlki işi: Mühəndis

Peşəkar futbolçu olma ili: 1988

Bəli, Dovi bir raket mühəndisidi. 16 yaşında “Sauthempton”dan qovulduqdan sonra Hertfordşir Universitetində mühəndislik oxumağa başlayıb. “British Aerospace” şirkətində bir müddət çalışdıqdan sonra yenidən futbolu seçib. Bir müddət məşqçilik də edən Dovi hazırda “Sky Sports”a köşə yazır.

 

Şaka Hislop

Əvvəlki işi: NASA-da təcrübəçi, mühəndis

Peşəkar futbolçu olma ili: 1992

Vaşinqtonun Horvard Universitetindən yüksək dərəcə ilə məzun olan Hislop gənclik illərində NASA-da təcrübədən keçib, hətta Karib körfəzində həyata keçirilən bir layihədə yer alıb. Peşəkar futbolçu karyerasına isə “Ridinq”də başlayıb. 2007-ci ildə futbolla vidalaşan Hislop hazırda ESPN-də çalışır.

 

Xulio Kruz

Əvvəlki işi: Bağban

Peşəkar futbolçu olma ili: 1993

Qəribə həyat hekayələrindən biri... Argentina klubu “Banfild”də bağbanlıq edən Xulio Kruz istedadı kəşf olunduqdan sonra futbola atılıb, Avropada “Feyenoord”, “Boloniya”, “İnter” və “Latsio” kimi klublarda çıxış edib. Həmçinin 22 dəfə Argentina millisinin formasını geyinib.

 

Ceymi Vardi

Əvvəlki işi: Zavod işçisi

Peşəkar futbolçu olma ili: 2010

Vardi həvəskarlar liqasında oynayarkən eyni zamanda ortopedik məhsul istehsal edən zavodda işləyib. Gec kəşf edilib və “Lester”ə transfer olunduqdan sonra həyatı dəyişib. Ötən mövsüm komandasının qazandığı Premyer Liqa çempionluğunun əsas qəhrəmanlarından olub.

 

Kreyq Nun

Əvvəlki işi: Dam ustası

Peşəkar futbolçu olma ili: 2008

Peşəkar futbolçu olmamışdan əvvəl Stiven Cerrardın evinin damına kirəmit döşəyib. İllər sonra tale onları “Kardiff Siti” – “Liverpul” matçında yaşıl meydanlarda qarşılaşdırıb. 2008-ci ildə “Plimut”dan transfer edilən Nun “Kardiff Siti”nin Premyer Liqaya yüksəlməsində önəmli rol oynayıb.

 

Çarli Austin

Əvvəlki işi: Hörgü

Peşəkar futbolçu olma ili: 2009

Austin “Ridinq”in aşağı yaş qrupunda yetişdikdən sonra “Pol Taun”a keçib. O, bu komandada oynadığı zaman həm də hörgü işi ilə məşğul olub. Peşəkar futbolda ilk addımını “Svindon Taun”da atan oyunçu hazırda “Sauthempton”da çıxış edir.

0