[b]Dmitri Nazarov: Belə hisslər yaşamamışdım[/b]
24.04.2017 - 11:05
[b]Dmitri Nazarov: Belə hisslər yaşamamışdım[/b]

“Hannover”lə görüşdə vacib xal qazandıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarov deyib.

 

27 yaşlı yarımmüdafiəçinin şərəfini qoruduğu “Aue” klubu II Bundesliqanın XXX turunda  “Hannover”lə 2:2 hesablı heç-heçə edib. Nazarov oyunun 90+4-cü dəqiqəsində fərqlənərək, liqada qalmaq uğrunda mübarizə aparan komandasına vacib 1 xal qazandırıb.

 

Bu görüşdən sonra Almaniya mətbuatının diqqəti yenidən millimizin üzvünə yönəlib. Həmkarlarımız Nazarovun təkcə penaltidən deyil, oyun epizodundan da fərqlənə bildiyini yazıblar.

 

Alman mediasına açıqlama verən Dima hazırkı vəziyyətlə bağlı danışıb. O, “Hannover”lə matçdakı nəticəyə toxunaraq, azarkeşlərin stadionda möhtəşəm atmosfer yaratdıqlarını vurğulayıb: “Nəfəskəsici anlar idi. Belə hisslər yaşamamışdım. Məndə elə fikir yarandı ki, azarkeşlər sevincdən stadionu dağıdacaqlar. Növbəti ev oyununda da iştirak etmək və eyni hissləri yaşamaq istərdim. Çox xoşuma gəldi”.

 

Nazarov söhbət əsnasında komanda yoldaşı Paskal Köpkeni dəstəkləyib. O, 21 yaşlı hücumçunun “Aue” üçün vacib futbolçu olduğunu qeyd edib: “Ona hər zaman yaxşı formada qalmalı olduğunu deyirəm. Köpke bizim üçün çox önəmli oyunçudu”.

 

Qeyd edək ki, “Aue” sona 4 tur qalmış “Vurzburger” və “Münhen 1860” komandaları ilə birlikdə 33 xal toplayaraq, turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.

 

 

 

0