[b]“İslamiadada heç görməyən təkcə mən idim” – İlham Zəkiyev[/b]
15.05.2017 - 16:58
[b]“İslamiadada heç görməyən təkcə mən idim” – İlham Zəkiyev[/b]

Paracüdo yarışlarında, +100 kq çəki dərəcəsində IV İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatını qazanan İlham Zəkiyevin apasport.az saytına müsahibəsi

 

- İslamiadada hamı sizdən qızıl medal gözlədiyi halda, “bürünc”lə kifayətləndiniz. Bunun səbəbini nədə görürsünüz?

- Zədələrim var idi. Uzun müddət idi ki, müalicə alırdım. Dizimdən xəsarət aldığım üçün məşq edə bilmirdim. Yarışa gəlincə, hakimlərin bir az haqsızlığı oldu. Rəqib məni tatamidən kənara çıxartdı. Şido, yəni cərimə xalı ona verilməli olduğu halda, mənə verildi. Bir az anlaşılmazlıq yarandı. Bundan əlavə, birinci döyüşümü özbəkistanlı idmançıya qarşı keçirməli idim. Amma nədənsə iranlı cüdoçu ilə güləşdim. Onu məğlub edəndən 5 dəqiqə sonra məni yenidən tatamiyə dəvət etdilər və özbəkistanlı idmançı ilə döyüşə çıxdım. Bu da öz sözünü dedi, çünki tam dərəcədə özümə gəlməmişdim. Amma Allaha şükürlər olsun ki, medalsız qalmadım.

 

- Bürünc medal uğrunda döyüşdə türkiyəli Dursun Hayrana qalib gəldiniz...

- Həmin rəqibimi çoxdan tanıyırdım, ancaq onunla dünənə qədər güləşməmişdim. Hayranın texnikasına, gücünə bələd idim. “Bürünc” uğrunda görüş cəmi 16 saniyə çəkdi. Rəqibimə qalib gələrək, medalı təmin etdim.

 

- Paracüdoda belə bir qayda var ki, bütün dərəcəli kateqoriyalar eyni yarışda çıxış edir. Bunu haqsızlıq sayırsınız?

- Sözsüz. 3 kateqoriya var. B1-ə mənim kimi heç görməyənlər, B2 və B3 kateqoriyasına isə bir az görənlər aiddi. Bu yarışda 29 cüdoçudan B1 kateqoriyasına aid olan, yəni heç görməyən təkcə mən idim. Bunu ədalətsizlik hesab edirəm. Atletikada B1, B2 və B3 kateqoriyalarına aid olan idmançılar ayrıca çıxış edirlər, hərəsinin öz rəqibləri var. Cüdoda isə belə deyil. Amma bizim idman növündə də bu məsələni qaldırmışıq. Həll etsələr, daha haqlı olar.

 

- Necə düşünürsünüz, növbəti Yay Paralimpiya Oyunlarına kimi bu məsələ həllini tapacaqmı?

- Onu bilmirəm. Vaxt göstərəcək. Amma çox istərdim ki, həll edilsin.

 

- Əgər məsələ həll edilməsə, 3-cü dəfə paralimpiada çempionu ola biləcəksiniz?

- Şans həmişə var. Allah bütün idmançılarımızı zədədən qorusun. İnşallah, yenə özümüzü doğruldarıq.

 

- Qarşıdan paracüdo üzrə Avropa çempionatı gəlir. Bu turnirdə hansı nəticəyə ümid edirsiniz?

- Düz qeyd etdiniz. Avqustun 3-5-də İngiltərədə Avropa çempionatı keçiriləcək. Həmin turnirə hazırlaşacağıq. İnşallah, Avropa çempionatında tam heyətlə çıxış edəcəyik. Gələn il isə dünya çempionatı baş tutacaq.

 

 

0