[b]"Favorit "Qarabağ"dı" - Stole Solbakken[/b]
15.08.2017 - 22:20
[b]"Favorit "Qarabağ"dı" - Stole Solbakken[/b]

"Nəticədən narazıyam. Bir də son 30 dəqiqə ürəyimcə olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kopenhagen”in baş məşqçisi Stole Solbakken deyib.

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”ın qonağı olan Danimarka klubu meydandan 0:1 hesablı məğlubiyyətlə ayrılıb.

 

Matçdan sonra mətbuat konfransı keçirən Solbakken görüşlə bağlı fikirlərini bildirib: “Belə oyun gözləyirdim. İlk 60 dəqiqədə bərabər oyun getdi. Son yarım saatda isə “Qarabağ”ın üstünlüyü var idi. Meydanda daha çox güc qoydular. Qapıçımız bir neçə qurtarışla yadda qaldı. Cavab görüşündə vəziyyəti dəyişmək mümkünsüz deyil”.

 

- Futbolçular kimi siz də aqressiv idiniz. Səbəbi nə idi?

- Elə düşünmürəm. Mən aqressiv deyildim.

 

- Cavab görüşündə şansları necə qiymətləndirirsiz?

- Düşünürəm ki, “Qarabağ” favoritdi. Bakıda qeydə alınan hesab bunu deməyə əsas verir. Onlar səfərdə 1 qol vursalar, üstünlüyü tamamilə ələ keçirəcəklər. Amma öz meydanımızda ilk qolu biz vursaq, şansımız artacaq.

 

- “Kopenhagen”dən fərqli, Azərbaycan klubu ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində iştirak edir. Necə düşünürsüz, azarkeşlər bunun haqqını verdimi?

- Böyük oyun idi. Bu, hiss olunurdu. Azarkeşlər də öz komandalarını yaxşı dəstəklədilər. Qeydə alınan nəticədə də bu rol oynadı.

 

0