[b]“Bakıya əvvəlkindən çox azarkeş gələcək” - Bülənt Özərdim[/b]
06.11.2017 - 11:37
[b]“Bakıya əvvəlkindən çox azarkeş gələcək” - Bülənt Özərdim[/b]

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) ofisində gələn il Bakıda 27-29 aprel tarixlərində baş tutacaq növbəti “Formula-1” Azərbaycan Qran-prisi üçün biletlərin satışına başlanmasına dair mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə çıxış edən BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bu il yerli sakinlər üçün xüsusi endirimlərin olacağını deyib.

 

O bildirib ki, bu ilin yayında Bakıda gərgin mübarizənin və böyük sürprizlərin fonunda baş tutmuş möhtəşəm yarış “Formula-1” dünyasında böyük əks-səda doğurub: “Biz hələ bu yarış barədə “Formula-1” həvəskarlarından gözəl məktublar alırıq və bu məktublarda onlar növbəti yarışda hökmən iştirak edəcəklərini bildirirlər. Bu o deməkdi ki, gələn il Bakıya əvvəlkindən daha çox avtoidman azarkeşi gələcək”.

 

Özərdimin sözlərinə görə, hər il Azərbaycan Qran-prisinə həm beynəlxalq, həm də yerli ictimaiyyət arasında maraq getdikcə artır: “Çalışırıq ki, növbəti möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün yeni imkanlar təqdim edək. Bu baxımdan bu il müxtəlif bilet seçimləri ilə qarşınızdayıq. Həmçinin sırf yerli sakinlər üçün də xüsusi endirimlər təklif edirik. Məqsədimiz ölkəmizdə “Formula-1” həyəcanını cəmiyyətin bütün təbəqələri arasında yayaraq Bakıda keçiriləcək əyləncə ilə dolu möhtəşəm yarış həftəsonuna daha çox insan cəlb etməkdi. Fürsətdən istifadə edərək hamını ilkin endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Çalışın indi təklif olunan ən sərfəli qiymətlər fürsətini əldən verməyin və dərhal bilet alaraq, növbəti yarış həyəcanına indidən qoşulun”.

 

Kommersiya şöbəsinin rəhbəri hər il yarışa marağın artdığını əlavə edib: “İlk ildə 46 ölkə azarkeşi Azərbaycana gəlmişdisə, son yarışda 65 ölkədən qonaq qəbul etdik. 2017 mövsümündə ümumilikdə azarkeşlərin 35 faizi xaricilər idi. Əsas məqsəd ölkənin tanıdılmasına hesablanıb. Bu dəfə qiymətlərdə dəyişiklik etmədik. Son mövsümlə eyni saxladıq. İnanırıq ki, əcnəbilərin gəlişində yenə say artımı olacaq”.

 

Bakı Şəhər Halqası Əməliyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarış zamanı həmişəki kimi, möhtəşəm əyləncə proqramının olacağını vurğulayıb. Onun sözlərinə görə, bu sahədə Azərbaycan Qran-prisi yenə yaxşı mənada fərqlənəcək. Arpadarai ildən-ilə xərclərin azaldığını da deyib. Onun sözlərinə görə, yeni ildə əvvəlki illərlə müqayisədə daha az vəsait xərclənəcək: “Çünki artıq hər şey, demək olar ki, hazırdı. Asfalt qatı, təhlükəsizlik baryerləri və s yenilənməyəcək. Məqsədimiz xərcləri azaldıb, gəlirləri artırmaqdı".

 

Özərdim tribuna sayının artırılmasının çətin olduğunu qeyd edib. O, bunu Azərbaycan Qran-prisinin şəhər treki olması ilə əlaqələndirib. O, yarışın vaxtının dəyişməsinin detallarından da danışıb. Bildirib ki, yarış bu dəfə apreldə baş tutacağından, hər şeyi yağışa uyğun hazırlayırlar və hansısa problem olmayacaq.

0